Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4478/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Ədikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 8i- 6598 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Xaçmaz rayon 1 saylı Notariat Ofisi mülki işə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8i-6598 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən ondan cəmi 245 manat 18 qəpik məbləğində borc pul və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Həmin icra qeydini Xaçmaz rayon İcra və Probasiya şöbəsindən xx.xx.2022-ci il tarixdə almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, onun "xxxx" MMC-yə borcu olmadığı nəzərə alınmadan icra qeydi verilmişdir. Bu səbəbdən, icra qeydi ilə razı deyil. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə iddiaya etiraz göndərilərək qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək 1 saylı Notariat Ofisinin onun barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli 8i-6598 saylı icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Lakin iddiaçı öz iddia tələbini əsaslandırmamışdır. İddiaçı yalnız iddia ərizəsində icra qeydi ilə razılaşmadığını göstərmiş, lakin hansı səbəbdən icra qeydinin ləğv edilməli olduğunu əsaslandıracaq faktlar göstərməmişdir. Bildirir ki, Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış 08 oktyabr 2018-ci il tarixli abunə müqaviləsinə əsasən Cavabdeh MMC müqaviləyə əlavə olunmuş 1 saylı qoşmadakı nömrələri təqdim etməyi, açıq rabitə xətti ayırmağı və xidmətləri göstərməyi, abunəçi isə ödənişlərə görə müvafiq ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etməyərək, 245 manat xidmət haqqını ödəməmişdir. Buna görə də, həmin məbləğin məcburi qaydada tutulması ilə bağlı icra qeydi verilməsi üçün cavabdeh tərəfindən notariat orqanına müraciət edilmişdir. Bütün bunları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 30 iyun 2022-ci il tarixli 8İ-6598 reyestr saylı icra qeydindən görünür ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X1 «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təqdim olunmuş ********* nömrəli müqavilə üzrə İddiaçı "xxxx" MMC-nin xeyrinə 245 manat 18 qəpik borcun tutulması, həmçinin tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun İddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə icra qeydi verilmişdir. Lakin həmin icra qeydinin verilməsinə əsas olması qeyd edilən sənədlərdən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanması göstərilən ********* nömrəli müqavilə mövcud deyil. Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının istifadəsində iki ədəd mobil telefon nömrələri var. Onlardan biri 070 388 99 70, digəri 077 388 99 70 mobil nömrələridir. Həmin nömrələr iddiaçıya təqdim edilmiş, bununla bağlı təhvil-təslim aktı imzalanmışdır. Göründüyü kimi, iddiaçının istifadəsində 077 640 41 47 №-li mobil telefon nömrəsi və bununla bağlı yaranmış hər hansı borcu yoxdur. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. İşin faktiki hallarından göründüyü kimi, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər notariusa təqdim olunmamış, buna baxmayaraq notarius tərəfindən mübahisə edilən icra qeydi verilmişdir. Bununla da, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli 8İ-6598 reyestr saylı icra qeydi ləğv edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli 8İ- 6598 reyestr saylı icra qeydi ləğv edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4478/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4478/2022
20.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver