Məhkəmə qərarları › İş №2(006)-4490/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4490/2024

29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4490/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8550 (səkkiz min beş yüz əlli) manat məbləğində pulun və ödədiyi 105,50 (yüz beş manat 50 qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq mona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 2017-ci ildən tanıyır. O, özünü ona iş adamı kimi tanıdmış və maddi imkanın olarsa birgə iş qurub pul qazanmağı təklif etmişdir. O, da cavabdehi uzun müddət tanıdığından ona inanmış, müxtəlif vaxtlarda Anara soyuducu matorların alqı-satqısı üçün ümumilikdə 9000 (doqquz min) manat məbləğində pul vermişdir. O hər dəfə cavabdehdən işin nə yerdə olduğunu soruşduqda o, ona alverin yaxşı olacağına inandırmış və ona tezliklə alverdən qazandığı puldan ödəniş edəcəyini bildirmişdir. Ümumilikdə verdiyi puldan Anar ona 450 manat məbləğində pul qaytarmışdır. Vaxt uzandıqca o Anardan şübhələnməyə başlamış, onun ona aldatdığına əmin olmuşdu. Bundan sonra iddiaçı ondan verdiyi pulları tələb etməyə başlamışdır. Anar hər dəfə müxtəlif bəhanələr gətirməklə söhbətdən yayınırdı. Son vaxtlar isə o, iddiçının telefon zənglərinə cavab vermir, onunla heç cür əlaqə saxlaya bilmir. Sonunda cavabdehin onun etibarından sui istifadə etdiyini və onu aldatdığını başa düşdü. Bundan sonra mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, cavabdehi 2017-ci ildən tanıyır və ona 9000 manat borc verib. Cavabdeh ancaq 450 manat pulu qaytarıb. Bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddiaçıdan 2018-ci ildə faizə 6800 manat məbləğində pul götürmüşdür. Əvəzinə girov olaraq yoldaşının qızıllarını qoymuşdur. Axırıncı dəfə 2019-cu ildə ödəniş etmişdir. İddiaçıya hər-hansı borcu yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərə alaraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, Cavabdeh 8550 manat məbləğində borcun ona qaytarılması tələb olunmuşdur. -xx.xx.2024-cü il tarixli Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 106 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, Cavabdeh məhkəmə iclası zamanı 6800 manat borcun alınması barədə məhkəmə iclasında verdiyi izahatı cavabdehin iddiaçıdan pul alması və həmin borcu qaytarmaması təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu geri tələb etməkdə haqlıdır. Hazırki işdə Cavabdeh 6800 manat məbləğində borcu 2018-ci ildə alındığı qəbul etsə də, hazırda cavabdehə hər hansı borcu olmadığını (borcu ödədiyini və girova qoyduğu qızılların ona qaytarılmadığını) iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırki halda, Cavabdeh tərəfindən 6800 manat borcun ödənilməsinin sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh məhkəmədə iddianın tam əsassız olduğuna dair hər hansı arqument (sübut) göstərə bilməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə onu da qeyd edir ki, İddiaçı cavabdehə 9000 manat borc verdiyini, cavabdeh isə ancaq 450 manat pulu ona qaytardığını bildirsə də, borcun 6800 manat deyil, 9000 manat olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı " məhkəməyə müraciət edərək, cavabdehin ona 8550 manat məbləğində borcunun olduğunu bildirsə də, iş materiallarından görünür ki, cavabdehin iddiaçıya yalnız 6350 manat (6800 manat – 450 manat) məbləğində borcu qalmışdır. Həmçinin, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (78 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 6350 manat (altı min üç yüz əlli manat) məbləğində borc tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6350 manat (altı min üç yüz əlli manat) məbləğində borc tutulsun. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78 (yetmiş səkkiz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar