Məhkəmə qərarları › İş №2(006)-4495/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4495/2023

06.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4495/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Bankına qarşı “şəhərdən kənara çıxması haqqında üzərində olan sahibkarlıq sahəsində kredit götürülməsinə qadağanın götürülməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Bankına qarşı “şəhərdən kənara çıxması haqqında üzərində olan sahibkarlıq sahəsində kredit götürülməsinə qadağanın götürülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ilkin qaydada araşdırılaraq müəyyən edilmişdir ki:

1. iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən olunmuş formaya və məzmuna riayət edilmədən tərtib edilmiş;

2. iddia tələbi aydın göstərilməmiş;

3. cavabdehin hüquqi və faktiki ünvanı göstərilməmiş, adı isə düzgün qeyd edilməmiş;

4. iddia ərizəsinin surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 150.1 və 150.1.1-ci maddəsinə görə, iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi qismində məhkəməyə təqdim edilmiş sənəd yalnız iddiaçının özü barəsində olan məlumatlardan ibarətdir. İddia ərizəsinin başlığında Azərbaycan Respublikasının Milli Bankı cavabdeh qismində göstərilmiş, halbuki “Azərbaycan Respublikasının Milli Bankı” adlı hüquqi şəxs artıq mövcud deyildir. Eyni zamanda, cavabdehin ünvanına dair hər hansı məlumat əlavə edilməmişdir. İddia ərizəsinin başlığında tələb xarakterli söz birləşməsindən istifadə olunsa da, iddia ərizəsinin məzmununda problemin nədən ibarət olması və iddiaçının kimdən nəyi tələb etməsi aydın şəkildə qeyd edilməmiş, yəni iddia ərizəsinin giriş və təsviri hissəsi natamam tərtib edilmiş, əsaslandırıcı və nəticə hissələri isə ümumiyyətlə olmamışdır. İddia ərizəsi elektron qaydada verilmədiyindən, ərizənin surəti cavabdehin sayına müvafiq olaraq əlavə edilməli olduğu halda, surət təqdim edilməmişdir. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Bankına qarşı “şəhərdən kənara çıxması haqqında üzərində olan sahibkarlıq sahəsində kredit götürülməsinə qadağanın götürülməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar