Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4496/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26.11.2014-cü il tarixdə Cavabdeh1 yaşayış evinin 2-ci mərtəbəsində yerləşən 20 kv.m. yaşayış sahəsi olan mənzilini onun bütün ailə üzvlərinin razılığı ilə razılaşdıqları qiymətə notarial qaydada satın almışdır. Bundan sonra iddiaçı mənzilin təmirinə başlamışdır. İlk növbədə su və kanalizasiya boru xətlərini, sanitar qovşaq avadanlıqlarını dəyişib yeniləmişdir. Mənzilə kombi sistemi çəkdirmişdir. Mebel və digər məişət əşyaları alıb mənzildə yerləşdirmişdir. Bir sözlə mənzili yüksək zövqlə təmir etdirib 2016-cı ilin dekabr ayının ortalarına kimi ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışdır. Bu müddətdə cavabdehlərlə aralarında heç bir problem olmamışdır. Həmin vaxt bu ərazidə olan mənzillərin söküntüyə getməsi söhbəti ortaya çıxdıqdan sonra cavabdeh mənzilini dəyərindən ucuz qiymətə çatdığını bəhanə edərək iddiaçıdan əlavə 20.000 manat, daha sonra isə 15.000 manat pul tələb etməyə başlamışdır. Tələbini yerinə yetirmədiyinə görə cavabdehin özü və arvadı iddiaçının və ailə üzvlərinin qarşısını kəsib nalayiq sözlərlə təhqir edirdilər. Qonşuların yanında onları hörmətdən salırdılar. Onlar evlərinə rahat girib-çıxa bilmirlər. Mənzilində yaşamaqlarına imkan vermirdilər. İddiaçını evdən çıxmağa məcbur etdilər. Bu günə kimi müxtəlif ünvanlarda yaşamağa məcbur olmuşlar. Cavabdeh1 bundan ürəyi soyumayaraq, əlavə pul qopartmaq məqsədil ilə iddiaçının yaşadığı mənzilin qanunsuz tikili olması barədə mənzil istismar sahəsində işlədiyi üçün iddiaçıdan ilk öncə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısına, sonra Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, polis orqanlarına şər-böhtan xarakterli ərizələrlə müraciətlər etmişdir. Əsassız şikayəti Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsində 23.08.2017-ci il tarixdə araşdırılarkən, Cavabdeh2 bölmənin xidməti otağında iddiaçının yanında nümayəndəsi X2 qarşı nalayiq söyüşlər işlətmiş, polis bölməsinin iş rejimini pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Buna görə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.09.2017-ci il tarixli, 3(006)-1105/2017 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 manat məbləğində cərimə edilmişdir. Cavabdeh mərkli niyyətinə nail olmaq üçün iddiaçıya mənzilini notariat qaydada satmasına baxmayaraq, özbaşına qanunsuz tikilinin sökülməsi tələbinə dair əsassız iddia ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə vermiş, həmin məhkəmənin 24.07.2017-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 20.08.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdehin kassasiya şikayəti əsasında Ali Məhkəmənin Mülki Kollegiyası 28.01.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.Cavabdeh1 və arvadı Cavabdeh2 xüsusi mülkiyyətində olan mənzil üzərində sahiblik və istifadə hüququna qanunsuz hərəkətləri ilə mane olurlar. 2016cı ilin dekabr ayının ortalarında bu günə kimi ailə üzvləri ilə birlikdə mənzilində yaşadığına imkan verməmələri yuxarıda qeyd etdiyi məhkəmə aktları ilə yanaşı qonşular tərəfindən tərtib olunmuş 24.11.2020-ci il tarixli aktla da təsdiq olunur. 2017-ci ilin yanvar ayında cavabdehlər kirayədə yaşamaq istəyən şəxsə iddiaçının mənzilinə köçməsinə imkar vermədilər. Göründüyü kimi, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən maneəsiz istifadə hüququnu pozmaları və ondan gəlir götürməyə imkan verməmələri şüruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, bunun nəticəsində mənəvi sarsıntı keçirmişdir. Cavabdehin qanunsuz hərəkətlərindən keçirtdiyi stres və gərginlik, sinir sisteminin ciddi travma alması səhhətində problemlərin yaranmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq 21.600 manat, mənəvi zərərə görə 3000 manat, cəmi 24.600 manat və məhkəməyə ödədiyi 30 manat rüsumun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onun qeyd olunan mənzilə gəlməməsində səbəb səs küyün olmasıdır, texniki cəhətdən maneə yoxdur, halhazırda başqa yerdə qaldığını nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki iddiaçı mənzil istismar sahəsində işləyir, iddiaçının öz evinə gəlməsinə heç bir maneə törətmədiyini, aktlardakı şəxslərin Familin öz işçiləri olduğunu bildirmişdir. Daha sonradan iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbəi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dölvət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissədən qalan hissə Cavabdeh1, ½ hissə X3, ½ hissədən 1 otaq (y/s 28,4 kv.m., k/s 13,6 kv.m.) X6, ½ hissədən 1 otaq (y/s 16,9 kv.m., k/s 10,1 kv.m.) X8, ½ hissədən 1 otaq (y/s 12,5 kv.m.,k/s 7,5 kv.m.) İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Nəsimi RPİ-nin 21-ci PB-nin avqust 2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 17.08.2017-ci il tarixdə saat 17.18-də Cavabdeh2 DİN-nin 102 xidməti mərkəzinə zəng vuraraq İ.Əbilov küçəsi, 150 ünvanında Famil adlı qonşusu tərəfindən təhqir edilməsi və oğlunun öldürülməklə hədələnməsi barədə məlumat vermişdir. Bundan başqa, 17.08.2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İ.Əbilov küçəsi, ev 114-də yaşayan Cavabdeh2 Nəsimi RPİ-nin 21-ci PB-nə ərizə ilə müraciət edərək təxminən iki həftə əvvəl 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin binasında həmin sahənin əməkdaşı İddiaçı onun 13 yaşlı oğlunu öz oğlu tərəfindən qaçırtdıraraq öldürtdürəcəyi barədə hədələdiyini bildirmiş, ona görə də İddiaçı barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı İddiaçı tərəfindən oğlunun oğurlatdırılacağı və başına oyun açdırılacağı ilə hədələnməsi barədə Cavabdeh2 ərizə və izahatında göstərdikləri toplanmış materiallarla təsdiq olunmamışdır. Odur ki, Cavabdeh2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 11.09.2017-ci il tarixli, 3(006)- 1105/2017 saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin 04.11.2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh2 ilə həmin mənzilin 2-ci mərtəbəsində yaşayan İddiaçı arasında qonşu münasibətlərinin pozulması nəticəsində tərəflərin qarşılıqlı olaraq hüquq mühafizə orqanlarına müraciətlərinə səbəb olmuşdur. 23.08.2017-ci il tarixdə Cavabdeh2 İddiaçı barəsində Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə olan müraciəti üzrə aparılmış araşdırma zamanı Cavabdeh2 İddiaçı nümayəndəsi Hüseynov Elxan Hüseynbala oğlunu təhqir etdiyi üçün X19 Novruzova barəsində Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə olan müraciəti üzrə aparılmış araşdırma zamanı Cavabdeh2 əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu (xırda xuliqanlıq) maddəsinin tərkibi yarandığından Nəsimi rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qəbul etdiyi 11.08.2017-ci il tarixli qərarı ilə Cavabdeh2 50 manat məbləğində cərimə edilmişdir. 11.10.2017-ci il tarixdə saat 14.30 radələrində İddiaçı nümayəndəsi Elxan Hüseynov və FHN-nin əməkdaşı ilə birlikdə yaşadığı mənzildə olduğu zaman FHN-nin əməkdaşı mənzilə baxışı zamanı Cavabdeh2 İddiaçı yaşayan mənzilə daxil olaraq istifadəsində olan mobil telefon vasitəsi ilə otaqlarda çəkiliş apardığı zaman İddiaçı bağlı olan yataq otağının qapısını açmasını tələb etmiş, İddiaçı onun hərəkətlərinə etiraz olaraq ona çəkiliş etməməsini bildirdikdə Cavabdeh2 iddiasını irəli sürmüş, İddiaçı və Elxan Hüseynovla mübahisə etmiş, hərəkətlərinin Elxan Hüseynov tərəfindən çəkiliş edilməsini gördükdə onun istiqamətinə hərəkət etmiş onunla əlbəyaxa olmuş və Elxan Hüseynovun əlindən mobil telefon almaq məqsədi ilə ona qarşı zor tətbiq etmişdir. Gülnar Hüseynovanın həmin zaman və sonradan X7 tərəfindən döyülərək xəsarət alması, ona fiziki ağrı, zor tətbiq edilməsi faktı və Cavabdeh2 ərizə və izahatında göstərmiş faktlar Elxan Hüseynov tərəfindən təqdim edilmiş video görüntüdə təsdiq olunmadığından X1 əməlində cinayətin tərkibi yaranmadığından barəsində cinayət işi başlanması rədd edilməli, Cavabdeh2 MTE və PAE-nin Nəsimi rayon şöbəsində müayinəsi zamanı müəyyən edilmiş hər iki said qançırları dərəcələri təyin edilməyən xəsarətlərin Elxan Hüseynovun tərəfindən yetirilməsi təsdiq olunmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi ilə tədbir görülməsin, ehtimal olunur ki, Cavabdeh2 bədəni üzərində aşkar edilmiş hər iki saidin qançırı ilə nəticələnən xəsarətləri öz ehtiyatsızlığı nəticəsində almışdır. Göstərilənlərə əsasən Cavabdeh2 müraciəti üzrə aparılmış araşdırma zamanı X1 əməlində cinayətin tərkibi yaranmadığından barəsində cinayət işi başlanmasının rədd edilməsi, eləcədə onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci (dövmə) maddəsinin tərkibi yaranmadığından barəsində həmin maddə ilə tədbirin görülməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Əbilov küçəsi, ev 122-də yaşayan X9, Əbilov küçəsi, ev 92-də yaşayan X10 və 41 saylı MKİS-nin işçisi X12 tərəfindən tərtib edilmiş 24.11.2020-ci il tarixli aktından görünür ki, Əbilov küçəsi, 114 ünvanda yaşayan İddiaçı özü və ailəsinin qonşuları Cavabdeh1 və arvadı Cavabdeh2 qanunsuz hərəkətlərinə və onlara qarşı nalayiq hərəkətlərə, təhqirlərə dözməyərək 2016-cı ildən öz mənzilindən köçmə məcburiyyətində qalmışdır. Hal-hazırda da İddiaçı və ailəsi ona məxsus həmin ünvanda yerləşən mənzilində yaşamırlar. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-152/2018 saylı, 14.03.2018ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «özbaşına qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiaçının təmin edilməməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20.08.2018-ci il tarixli, 2(103)-7462/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-152/2018 saylı işi üzrə 14.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28.01.2019cu il tarixli 2(102)-442/2019 saylı qərarın surətindən görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli, 2(103)-7462/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş üzrə İddiaçı sifarişi əsasında X5 tərəfindən tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m. olan, fərdi yaşayış evinin orta bazar kirayə haqqı 23.05.2021-ci il tarixinə 400 manat təşkil etmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı 2016-cı ildən mübahisəli evin paylı mülkiyyətçisidir və həmin evdə təmir işləri apararaq oranı abadlaşdırmışdır. Bundan başqa iş materiallarından olan sənədlərdən görünür ki, tərəflər arasında məhkəmə çəkişmələri olmuşdur və həmin çəkişmələr iddiaçının xeyrinə həll olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən ona mülkiyyətindən istifadə ilə bağlı maneçilik törədilməsini iddia etsə də, bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı ona cavabdehlər tərəfindən maneçilik törədilməsini, həmin maneçilik törədilməsi nəticəsində maddi ziyanın vurulmasını iddia etsə də, bu hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli Qətnaməsində iş materialı kimi qeyd edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2017-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 4 ünvan üzrə iddiaçının evinin birinci mərtəbədə yerləşdiyini, cavabdehin yaşadığı evin ikinci mərtəbəsində yerləşən digər evin giriş-çıxış qapısının və pəncərələrinin qarşısında yerləşmədiyini nəzərə alaraq, cavabdehin yaşadığı mübahisəli evin iddiaçının evinə və ikinci mərtəbədə yerləşən digər evlərə maneə yaratmadığı müəyyən edilmişdir. Bu halın özü artıq iddiaçının iddia etdiyi əsasların əksini isbat edərək iddiaçının öz mənzilindən könüllü olaraq çıxıb getməsi sübuta yetirilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4496/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4496/2021
11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver