Məhkəmə qərarları › İş №2(006)-451/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-451/2025

14.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-451/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-yə qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.863,81 (üç min səkkiz yüz altmış üç manat səksən bir qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər tərəfindən geri qaytarılmasının təmin edilməsi, "xxxx" ASC-nin bank xidmətlərinin düzgün icra edilməməsi səbəbindən iddiaçıya dəymiş maddi zərərin ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-də olan AZ59UBAZ**********1010AZN001 saylı bank hesabından "xxxx" ASC-nin müştərisi olan 5239 1517 8219 4487 nömrəli kart hesabına yanlışlıqla xx.xx.2024-cü il tarixində 85,65 manat, 110,40 manat, 238 manat, 300 manat, 400 manat, 398,76 manat, 398,95 manat, 505 manat, 499,95 manat, 585,80 manat, 237,35 manat olmaqla, "xxxx" ASC-nin “Leobank” bankının mobil tətbiqi vasitəsilə cəmi 3.863,81 manat məbləğində pul vəsaiti köçürmüşdür. İddiaçı pulun səhv hesaba köçürüldüyünü bildikdən sonra “Leobank”a məxsus *7773 qaynar xətti ilə, həmçinin, "xxxx" ASCnin 196 qaynar xətti ilə əlaqə saxlamış, lakin “Leobank”ın nümayəndələri tərəfindən köçürmənin mobil tətbiq vasitəsilə həyata keçirildiyi bildirilərək, heç bir köməklik göstərilə bilməyəcəyi barədə məlumat verilmişdir. "xxxx" ASC-də isə 5239 1517 8219 4487 nömrəli kart hesabının sahibi barədə məlumatların bank sirri təşkil etdiyi bildirilərək, sorğudan imtina edilmişdir. Köçürmələr zamanı "xxxx" ASC tərəfindən heç bir fərdiləşdirilmiş təhlükəsizlik məlumatları, müştəri autentifikasiyası edilməmiş, müştəri eyniləşdirilməsi, hər hansı 3DS kodların göndərilməsi və s. həyata keçirilməmiş və iddiaçı tərəfindən əməliyyatlar avtorizə edilməmişdir. "xxxx" ASC-nin lazımi təhlükəsizlik tədbirlərini həyata keçirməməsi və "xxxx" ASC-nin 5239 1517 8219 4487 nömrəli kart hesabının müştərisinin əsassız varlandığını nəzərə alaraq, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

3. İddiaçı nümayəndəsi Nümayəndə2 ərizələr ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin əsl Cavabdeh2 ilə əvəz edilməsini; "xxxx" ASC-yə qarşı iddiadan imtinasının qəbul edilərək, Cavabdeh2 barəsində qətnamə qəbul edilməsini xahiş etmiş, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.

4. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının tələb etdiyi onun "xxxx" ASC-də olan AZ59UBAZ**********1010AZN001 saylı bank hesabından cavabdehə məxsus "xxxx" ASC 5239 1517 8219 4487 nömrəli bank kartına köçürülən 3.863,81 manat pulun iddiaçı tərəfindən təqdim edilən bank kartına (hesaba) qaytarılmasına etiraz etmədiyini bildirmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixli ərizəsi təmin edilərək, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsinin “cavabdeh "xxxx" ASC-yə qarşı “pul və s.” tələbinə dair hissəsində” İddiaçı iddiadan imtinası qəbul edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (iş materiallarında cavabdehin hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə bildirişi almasını təsdiq edən bildiriş kötüyü mövcuddur) məhkəmə iclasına gəlməməsini və səbəbləri barədə məlumat verməməsini nəzərə alan məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edib, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh2 isə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizəni nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. "xxxx" ASC - “Leobank” tərəfindən təsdiq edilmiş İddiaçı məxsus AZ59UBAZ**********1010AZN001 nömrəli hesabdan çıxarışda və "xxxx" ASC tərəfindən 1 ədəd CD diskdə məhkəməyə təqdim edilmiş hesabdan çıxarış cədvəlində iddiaçının iddia etdiyi məbləğlərin iddia edilən tarixdə onun hesabından Cavabdeh2 məxsus 5239 1517 8219 4487 nömrəli karta köçürülməsi öz əksini tapır.

10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 58,64 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

11. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 523915******4487 nömrəli plastik kartın istifadəçisi Cavabdeh2dur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2024-cü il tarixində İddiaçı məxsus AZ59UBAZ**********1010AZN001 nömrəli hesabdan səhvən Cavabdeh2 məxsus 5239 1517 8219 4487 nömrəli karta 3.863,81 manat məbləğində pul köçürülmüş, cavabdeh iddiaçının vəsaiti hesabına həmin məbləğ həddində əsassız varlanmışdır.

13. Cavabdeh kartı aldığı vaxtdan 1-2 ay müddətində özü istifadə etdiyini, lakin sonradan kartın öz istifadəsində olmadığını, kartı istifadə etdiyi vaxt karta iddia edilən məbləğdə pulun daxil olmadığını, özünün həmin puldan istifadə etmədiyini vurğulayaraq, həmin pulun kartdan tutulub geri qaytarılmasına etiraz etmədiyini bildirsə də, kartın öz istifadəsində olmadığına dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə müvafiq bank tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə kartın istifadəçisinin cavabdeh olması öz təsdiqini tapmışdır.

14. Tərəflərin izahatları ilə, həmçinin, müəyyən edilmişdir ki, onlar arasında hər hansı şifahi və ya yazılı razılaşma olmamış, beləliklə, iddiaçı tərəfindən 3.863,81 manat məbləğində pulun cavabdehə məxsus karta köçürülməsinin hər hansı qanuni və ya müqavilə əsası müəyyən edilməmişdir.

c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçıya məxsus 3.863,81 manat məbləğində pul həddində əsassız varlandığından və istifadəsində olan karta səhvən köçürülmüş pulu geri qaytarmağa məsuliyyəti məhz cavabdehin özü daşıdığından, iddia təmin edilməli, Cavabdeh2 3.863,81 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.

16. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.2, 14.2.7-ci maddə. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 1091 və 1092.1-ci maddələr. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddə. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddə. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddə. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

19. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

20. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

22. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh2 3.863,81 (üç min səkkiz yüz altmış üç manat səksən bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.

23. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, iddia təmin edildiyindən, Cavabdeh2 58,64 (əlli səkkiz manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.

Nəticə:

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh2 3.863,81 (üç min səkkiz yüz altmış üç manat səksən bir qəpik) manat məbləğində pul və 58,64 (əlli səkkiz manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar