Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4542/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, cavabdehin nümayəndəsi X2, cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, iddianı təmin edərək 10.000 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5.000 manat və 30 manat məbləğində ödənilmiş rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, öz izahatında bildirmişdir ki, onun qızı ilə qonşusu olan X7 maraqlanmağa başlamışdır. Onlarda qonşu olduqları və digər amilləri nəzərə alaraq X7 oğlu ilə qızının nişanlanmasına icazə vermişdir. Bu hadisə təqribi olaraq 2017-ci ilin yanvar aylarına təsadüf etmişdir. Bu müddət ərzində münasibətləri yaxşı olduğundan X14 oğlunun işə düzəltmək adı ilə onlardan həmin ilin iyul ayında 10.000 manat məbləğində pul isəmişdir. Onlarda qohum olmaqlarını nəzərə alaraq qeyd edilən məbləği onlara vermişdilər. Bir müddət keçdikdən sonra onların iç üzləri ortaya çıxdığından aralarında narazılıqlar yaranmağa başlamışdır. Bundan sonra X7 oğlu qızını heç bir əsas olmadan incitməyə başlamışdır. Bu hadisələrdən bezən qızı həmin ilin sentyabr ayının 15-də nişanı qaytarmışdır. Bu müdətdən sonra aralarında mübahisələr yaranmağa başlamışdır. Bu müddətdən sonra aralarıda mübahisələr yaranmağa başlamış və o, X4 10.000 manat məbləği istəməyə başlamışdır. Lakin, cavabdeh razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borclu olduğu məbləğlərdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda ona qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Eyni zamanda bu hadisələrin şahidi olmuş qonşuları bir neçə dəfə borcun qaytarılması barədə göndərsələrdə heç bir nəticəsi olmamışdır. Həmin qonşuları məhkəmədə şahid qismində ifadə verməyə hazırlar. Bundan sonra cavabdehə bir neçə dəfə xəbərdarlıq barədə ərizə verilsədə cavabdeh öz üzərinə göürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, cavabdehin təqsiri üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından hüquqi xidmətlə bağlı vəkilə müraciət etmişdir. 18 saylı vəkil bürosu ilə müqavilə bağlayaraq hüquqi xidmətə görə 100 manat pul ödəmişdir. Bu məbləğ də cavabdehin ona vurduğu zərər olduğundan həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh öz izahatında bildirmişdir ki, İddiaçı ilə oğlu arasında 2016-cı ildə nişan mərasimi olmuşdur. Onlar 02 ildən sonra dekabrda toy olacaqları qərarına gəlmişdilər. Onlar 2017-ci ilin sentyabr ayında qızın başqası ilə qaçdığını eşitmişlər. Ona görə də aralarındakı toy masələni bağlanmışdır. Bundan sonra 2019-cu ilin noyabr ayında oğlu başqa qızla nişanlanmışdır. Bu məlumatdan xəbəri olan qonşusu İddiaçı onlara problem yaşatmağa başlamış, şər-böhtan ataraq 10.000 manat məbləğində pul istəməyə başlamış, hətta onlardan polis bölməsinə də şikayət etmişdir. Onun heç kimə borcu yoxdur, qonşusu İddiaçı oğlunu işə düzəltmək üçün 10.000 manat məbləğində pul istəməmişdir. Sonda iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 öz izahatında iddianı qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X3 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hal-hazırda tərəflər arasında borc müqaviləsi mövcud deyildir. Məhkəmə iclasında dindirilmiş şahidlər pulun verilməsində iştirak etməmişlər. İddia ərizəsinində olan tələblərini şahidlər təsdiq edə bilmirlər. Bundan başqa iddia müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçı tərəfindən iddiasının əsaslarına dair iddia ərizəsinə və məhkəməyə sübutlar təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən hazırkı iddiaya iddia müddətinin tətbiq edilərək, iddianın həm də bu əsasla rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. 27 ildir ki, onları tanıyır. İddiaçı qonşusu Cavabdeh oğlunu işə düzəltmək üçün 10.000 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. İddiaçı qonşusu olan Cavabdeh oğlunu işə düzəltmək üçün 10.000 manat məbləğində pul vermişdir. Dəfələrlə İddiaçı ilə birlikdə pul istəmişlər, lakin Cavabdeh onlara əvvəl borcunu qaytaracağını demiş, lakin sonradan borcunun olmamadığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, həm İddiaçı ilə, həm də Cavabdeh ilə qonşudur. İddiaçı qonşusu olan Cavabdeh oğlunu işə düzəltmək üçün 10.000 manat məbləğində pul vermişdir. Cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Məhkəmə, İddiaçı, onun nümayəndəsinin, Cavabdeh, onun nümayəndəsinin və vəkilin izahatını, şahid ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Beləki, iş materillarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin təhqiqatçısı X10 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı ərizəsi əsasənda toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı öz iddiasının əsasına dair hər hansı məbləğdə maddi zərər vurulduğuna və həmin zərərin nədə ifadə olunduğuna dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Odur ki, maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddiaçının tələbi rədd edilməlidir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbidə rədd edilməlidir. Beləki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X17 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi ücün əsas yoxdur. Eyni zamanda məhkəmə qetd edir ki, iddiaçı tərəfindən iddiasının əsaslarına dair iddia ərizəsinə və məhkəməyə sübutlar təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “borcun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4542/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4542/2020
27.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver