Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4551/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Həxiyeva Şəbnəm Səlim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “Mercedes Benz C 200” markalı, ** VN *** dövlət nömrə nişanlı avtomaşınla Biləcəri qəsəbəsində yola bitişik ərazidən əsas yola R.İsmayılov küçəsinə çıxarkən özündən sağdan hərəkət edən “xxxx” MMC-yə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış ** PX *** dövlət nömrə nişanlı, “Hyundai İX 35” markalı avtomaşına yol verməyərək toqquşmuşdur, nəticədə həmin avtomaşına maddi ziyan dəymişdir. Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz C 200” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 3(001)- 945/2012 saylı inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “xxxx” MMC-nin təqdim etdiyi xx.xx.2012-ci il tarixli akta uyğun olaraq, həmin avtomaşına 1398,54 manat ziyan dəymişdir. MİC № 120035-U53 saylı sığorta müqaviləsinə və MİC-1 № 2315/2012 saylı sığorta aktına əsasən İddiaçı Sığorta 1398,54 manat sığorta ödənişi həyata keçirmişdir. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində sığortalı olan zərərçəkən “xxxx” MMC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkən “xxxx” MMC-yə dəymiş zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2 maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. Göstərilənlərə əsasən “xxxx” MMC-yə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış ** PX *** dövlət nömrə nişanlı, “Hyundai İX 35” markalı avtomaşına vurulan ziyanın əvəzində 1398,54 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat, cəmi 1428,94 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “İddiaçı" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, “Hyundai İX 35” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1398,54 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat, cəmi 1428,94 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “İddiaçı" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, ərizə təqdim edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sığorta aktının surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində “Mercedes Benz C 200” markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobil sığortalanmış “xxxx” MMC-yə məxsus “Hyundai İX 35” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin aktdan görünür ki, xx.xx.2012-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Hyundai İX 35” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1398,54 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 3(001)-945/2012 saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, iş üzrə keçirilmiş ekspertiza xərci – 70 manatın Cavabdeh1 dövlət hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1398,54 manat məbləğində pul “xxxx” MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, DİN-in Baş Dövlət X2 Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına görə “Mercedes Benz C 200” markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “reqres iddia” ilə “subroqasiya hüququ” ayrı- ayrı anlayışlardır və onlar biri-digərindən fərqli hüquqi nəticələr doğurur. “Reqres iddia” (əks tələb)-başqasının vurmuş olduğu ziyanı ödəyən şəxsin, vermiş olduğu ödəniş miqdarında digər şəxsə qarşı tələbidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Subroqasiya hüququ” isə-sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş materiallarından göründüyü kimi sığorta hadisəsi xx.xx.2012-ci il tarixdə baş vermişdir. Həmin tarixdən 8 (səkkiz) ilə yaxın müddət ötmüşdür. Məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin vaxt qüvvədə olan (xx.xx.2013-cü ilə kimi) “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, Cavabdeh1 ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4551/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4551/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver