Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-456/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 2 MR, Cavadxan küçəsi, ev 54, 90 saylı mənzilin mülkiyyətçisi Cavabdeh üzərinə ona məxsus mənzilə su axmasının qarşısının alınmasının vəzifə kimi qoyulması, cavabdehdən ona dəymiş maddi zərərə görə 3.000 manat, məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 30 manat və mənəvi zərərə görə 20.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, 2 MR, Cavadxan küçəsi, ev 54, 84 saylı mənzilin mülkiyyətçisidir. Mənzili qısa bir müddət öncə təmir olunmuşdur. Yuxarı mənzilin sahibi Cavabdeh 27 sentyabr 2021-ci ildə onun mənzilinin bütün otaqlarına, sanitar qovşağına, mətbəxə və eləcə də dəhlizə öz mənzilindən çirkab suyu axıtmışdır. O, MKİS-nin əməkdaşlarını mənzilinə dəvət etmiş və onlar da suyun məhz cavabdehin mənzilinin mətbəxində su borusunun nasazlığı nəticəsində aşağı mərtəbələrə su axdığını və eləcə də onun mənzilinin təmirinə ziyan dəydiyini müşayiət etmişlər. Mənzilinin otaqları, sanitar qovşağı, mətbəxi və dəhlizi bərbad vəziyyətə, təmiri tamamilə yararsız vəziyyətə düşmüşdür. Elektrik sistemi tamamilə sıradan çıxmışdır, işiq avadanlıqları işləmir. Su axıntısı zamanı otaqda olan əşyalar islanaraq yararsız vəziyyətə düşmüşdür. O, bir neçə gün mənzildə elektrik cərəyanından istifadə edə bilməmişdir. Suyun məhz cavabdehin mənzilindən axıdılması və onun mənzilinə ziyan dəyməsi faktını Nəsimi rayon 51 saylı MKİS-nin işçiləri də, 28 sentyabr 2021-ci il tarixli aktı ilə mənzilə baxış keçirərək təsdiq etmişlər. Hal-hazırda mənzilin əsaslı təmir olunmasına ehtiyac vardır. Təmir üçün təxmini ilkin hesablamalara görə 3.000 manat pul vəsaiti lazımdır. Cavabdehə bu barədə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona məxsus mənzilin yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi və bütün bu müddət ərzində, o, oğlu və yaşlı anası qorxu içində yaşamaqları, bu səbəbdən cavabdehin laqeyd hərəkətlərinə son qoyulması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Eyni zamanda bu hallar təkrarlandıqca o, mənəvi sarsıntı keçirir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon Cavadxan (Gəncə xanı) küçəsi 54 saylı evin 84 saylı mənzili İddiaçı mülkiyyətində, Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon Cavadxan (Gəncə xanı) küçəsi 54 saylı evin 90 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir. 51 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 28.09.2021-ci il tarixli aktdan göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon Cavadxan (Gəncə xanı) küçəsi 54 saylı evin 84 saylı mənzilində yaşayan İddiaçı müraciətinə əsasən onun mənzilinə MKİS-in işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 26.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixə keçən gecə Cavadxan küçəsi 54 saylı evin 90 saylı mənzilinin mətbəxində su borusunun nasazlığı nəticəsində aşağı mərtəbələrə su axmış, Cavadxan küçəsi 54 saylı evin 84 saylı mənzilin təmirinə ziyan dəymişdir. Cavadxan küçəsi 54 saylı evin 90 saylı mənzilin sahibi Cavabdehdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.02.2022-ci il tarixli 10/6479 saylı rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon Cavadxan (ÖM seriyalı, 045686 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Pişavari küçəsi) küçəsi 54 saylı evin 84 mənzilinin təmirində həmin mənzilin üst mərtəbəsində yerləşən Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon Cavadxan küçəsi 54 saylı evin 90 saylı mənzilindən su axılması nəticəsində qüsurlar yarandığı müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon Cavadxan küçəsi 54 saylı evin 90 saylı mənzilindən 84 saylı mənzilə hal-hazırda su axıdılmasının davam edilmədiyi müəyyən edilmişdir. Baxış zamanı əldə olunmuş məlumatlar əsasında aparılmış hesablamalar nəticəsində, Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon Cavadxan küçəsi 54 saylı evin 84 saylı mənzilinə su sızması nəticəsində tikinti üzrə yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir işlərinin dəyəri təqribən 1.527 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon Cavadxan (Gəncə xanı) küçəsi 54 saylı evin 84 saylı mənzilinə 1.527 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 90 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə də, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 300 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Cavabdeh mənzilindən su sızması nəticəsində iddiaçının mülkiyyətində olan mənzildə qüsurların əmələ gəlməsinin uzun müddət davam etməklə, iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması aşkardır. Məhkəmə vurulmuş mənəvi zərər həddini müəyyən edərkən, mənzilə vurulmuş maddi zərərin həddini nəzərə alır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 1.527 manat, mənəvi ziyana görə 300 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh üzərinə Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon Cavadxan (Gəncə xanı) küçəsi 54 saylı evin 84 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçı tərəf ona yuxarıda qeyd olunan zərər həddindən daha artıq real maddi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 1.527 manat, mənəvi ziyana görə 300 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin və Cavabdeh üzərinə Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon Cavadxan (Gəncə xanı) küçəsi 54 saylı evin 84 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-456/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-456/2022
26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver