Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4569/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəməmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 2000 manat məbləğində pulun, həmçinin iddia verilməsi üçün tərəfindən ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2041 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Gədəbəy rayonu, Mor Mor kəndində yerləşən orta məktəbdə müəllimə işləyir və əmək haqqı işlədiyi müəssisə tərəfindən Cavabdeh ASC-də mövcud olan hesab nömrəsinə köçürülür. Həmin kart hesabına xx.xx.2023-cü il tarixdə əmək məzuniyyəti ilə əlaqədar pul vəsaiti daxil olduğundan həmin pulları nağdlaşdırmaq istədi. O, xx.xx.2023-cü il tarixdə, saat 10:06:14də Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsində yerləşən “Araz” marketdə yerləşən Cavabdeh ASC-yə məxsus ATM-ə yaxınlaşaraq kartı daxil etdikdən sonra 10:06:23-də pin kodu daxil etdi və 10:06:44-də kart hesabında olan 5491,17 manat pul vəsaitindən 2000 manatını çıxarıb 10:06:53-də oradan uzaqlaşdı. xx.xx.2023-cü il tarixdə yenidən Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsində yerləşən "Araz" marketdə yerləşən "xxxx" ASC-yə məxsus ATM-ə yaxınlaşaraq kartı daxil etdikdən sonra yenə də kart hesabından qalan məbləği çıxartmaq istəyərkən orada 2516 manat olmalı olduğu halda, 516 manat mənləğində pul vəsaiti olduğunu gördü. O dərhal mobil telefonda olan "xxxx" ASC-nin "bankinq” proqramına daxil oldu və orada onun xx.xx.2023-cü il tarixdə, saat 10:06:14-də Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsində yerləşən "Araz" marketdə yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 2000 manat çıxardıqdan sonra guya həmin gün saat 10:07-də təkrar 2000 manat çıxarıldığını göstərildiyini gördü. Halbuki, o yalnız 1 dəfə 2000 manat çıxarıb və dərhal oradan uzaqlaşmışdır. Bundan sonra onlar şikayət ərizəsi ilə Sabunçu rayon Polis Şöbəsinə müraciət etdilər, orada aparılan araşdırmalardan sonra Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsində yerləşən "Araz" marketdə yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən həmin videogörüntülər götürüldü. Videoya baxış keçirilən zaman onun xx.xx.2023-cü il tarixdə, saat 10:06:14-də Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsində yerləşən "Araz" marketdə yerləşən "xxxx" ASC-yə məxsus ATM-ə yaxınlaşaraq kartı daxil etdikdən sonra 10:06:23-də pin kodu daxil etməsi və 10:06:44-də kart hesabında olan 5491,17 manat pul vəsaitindən 2000 manatını çıxarıb 10:06:53-də oradan uzaqlaşması aydın şəkildə görünür. 10:07:08 radələrində isə başqa bir şəxsin ATM-ə yaxınlaşmağı, saat 10:07:19-də pulu çıxarmağı və saat 10:07:21-də radələrində oradan uzaqlaşması müəyyənləşdi. Azərbaycan Respublikası DİN-in Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi iddiaçıya 1/2-16297 saylı, xx.xx.2023-cü il tarixli məktub verərək pulun kimin tərəfindən çıxarılmasının müəyyən edilməsinin mümkün olmadığı bildirildi və ona məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Sonradan ona şifahi olaraq araşdırma nəticəsində heç bir nəticə əldə edilməməsi səbəbindən, şikayəti üzrə araşdırmanın yekunlaşdığını bildirdilər və ona məhkəməyə müraciət etməyini tövsiyə etdilər. Buna görə də məhkəməyə müraciət etməyə məcbur oldu. Hesab edir ki, Cavabdeh ASC-dən 2000 manat məbləğində pul tutulara ona ödənilməlidir. Bundan əlavə, cavabdehə qarşı yönəlmiş tələb üzrə iddianın məhkəmədə qaldırılması üçün 41 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, hesab edir ki, Cavabdeh ASC-dən 2000 manat məbləğində pul, həmçinin iddia verilməsi üçün tərəfindən ödənilmiş 41 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2041 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırdı ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət etmiş və orada aparılan araşdırma zamanı Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsində yerləşən "Araz” marketdə yerləşən Banka məxsus ATM-dən görüntülər əldə edilmişdir. Həmin görüntülərdə iddiaçı özünün xx.xx.2023-cü il tarixdə, saat 10:06:43-də həmin ATM-yə yaxınlaşaraq kartı daxil etdikdən sonra pin kodu daxil edib və 10:06:44-də kart hesabında olan pul vasəitlarindən 2000 manatın çıxarıb, oradan uzaqlaşdığını, saat 10:07:08-də isə başqa bir şəxsin ATMyə yaxınlaşmağını, saat 10:07:19-də pulu çıxarmasını və 10:07:21 radələrində oradan uzaqlaşmasını müşahidə etdiyini bildirir. İddiaçının qənaətinə görə o, kartdan 1 dəfə 2000 manat məbləğində pul vasəitini məxaric etsə də, həmin əməliyyatdan qısa müddət sonra 3-cü şəxs tərəfindən ATM-də əməliyyət aparılmış və iddiaçıya məxsus olan kartdan yenə də 2000 manat məbləğində pul silinmişdir. Xüsusi olaraq vurğulamaq istəyir ki, ATM-də hər hansı bir kart daxil edərək başqa bir karta münasibətdə əməliyyat icra etmək texniki olaraq mümkün deyil. Əgər hər hansı bir kart ATM-ə daxil edilib, sonra kart həmin ATMdən çıxarıldıqda, həmin kartla aparılan və yarımçıq qalmış əməliyyatlar da avtomatik olaraq sonlanır və üçüncü şəxs həmin əməliyyatı davam etdirə bilmir. Lakin, NFC texnologiyalarla işləyən ATM-lərdə kartı fiziki olaraq ATM-ə daxil etmək zərurəti yoxdur və bu tipli ATM-lərdə kartın ATM-in NFC oxuducusuna yaxınlaşdırmaqla əməliyyatı icra etmək mümkündür. Bu halda kartı oxuducuya yaxınlaşdıran şəxs özü əməliyyatdan imtina etmədiyi müddətdə əməliyyatı icra etmək mümkündür. İddiaçının istinad etdiyi həmin görüntülərə baxdıqda iddiaçının faktların təsvirində yanlışlığa yol verdiyini görmək olar. Belə ki, görüntülərdən də aydın olur ki, 10:06:14-də iddiaçı ilk məxaricetmə əməliyyatına başlamış, 10:06:22-də pin daxil edilmişdir. 10:06:44-də ilk məxaric üzrə məbləğ iddiaçıya təqdim edilmişdir. 10:06:50-də əməliyyat yekunlaşmışdı. Bundan sonra 10:06:52-də iddiaçı tərəfindən ikinci məxaric əməliyyatı başlanıldı. Yəni, kart ATM-də NFC oxuducusuna yaxınlaşdırılmışdır. 10:07:01-də PİN üçüncü şəxs tərəfindən daxil edilsə də, həmin şəxsin əlində bank kartı var. Yəni, həmin anda əməliyyat ATM-də 10:06:52-də başlanmış məhz iddiaçıya məxsus olan kartla aparılmışdır. Bundan başqa 2-ci əməliyyatda PİN-i daxil edən üçüncü şəxs birinci əməliyyat zamanı da iddiaçını müşahidə etdiyi üçün, onun aydın görüntüləri kameraya düşmüşdü. Təqdim edilən görüntülərdən o da aydın olur ki, ilk məxaric əməliyyatı zamanı, üçüncü şəxs iddiaçının parolunu görə bilirdi. Başqa sözlərlə deyilsə, əməliyyat ərzində iddiaçı tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülməmiş və məlumatın konfidensiallığının qorunması zamanı kobud surətdə ehtiyyatsızlıq buraxılmışdır. Təqdim edilən görüntülərdən ikinci əməliyyatın necə icra edildiyini və həmin əməliyyat üzrə kimin tərəfindən məxaric edildiyi aydın şəkildə görünür. Təqdim edilən kadrlar hüquqi araşdırılma aparılması üçün kifayət qədər mötəbər sübutdur. Lakin, iddiaçı məhkəməyə həmin hadisə üzrə hüquq-mühafizə orqanlarının cinayat işinin başlanılması və ya rədd edilməsi barədə qərarını təqdim etməmişdir. Yəni, həmin hadisə üzrə zəruri araşdırılma aparılmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı məxsus kart hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus kartda 5491.17 manat məbləğində məzuniyyət pulu olmuş, xx.xx.2023-cü il tarixdə isə ayrı-ayrılıqda 2000 manat məbləğində pul məxaric edilmişdir. Mülki işin materiallarında olan qəbzlərin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bəhruz Kəngərli küçəsi, Araz Marketdə olan ATM-dən xx.xx.2023-cü il tarixdə saat 10:06-da 2000 manat, saat 10:07-də isə yenidən 2000 manat pul məxaric edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona məxsus kartdan pulun çıxarılması ilə bağlı araşdırma zamanı hazırda pulun kim tərəfindən çıxarılmasını müəyyən etmək mümkün olmamışdır. Məktub göndərilməklə yanaşı, araşdırmanın davam etdirildiyi, razı olmadığı halda AR-nın CPM-in 212.3-cü maddəsinə əsasən prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun olması izah edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus kart hesabında xx.xx.2023-cü il tarixdə 5491.17 manat məbləğində pul vəsaiti olmuş, həmin tarixdə iddiaçı Cavabdeh ASC-yə məxsus ATM-yə yaxınlaşaraq 2000 manat məbləğində pul məxaric edərək oradan uzaqlaşmışdır. Hazırda iddiaçı həmin tarixdə ikinci dəfə 2000 manat məbləğində pulun kart hesabından çıxarıldığını iddia edərək, həmin pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən ATM-də saat 10:06:14-də ilk əməliyyata başlanılmış, 10:06:22-də pin daxil edilmiş, 10:06:44-də pul vəsaiti iddiaçıya təqdim edilmiş və 10:06:50-də isə əməliyyat başa çatmışdır. Müəyyən edildi ki, 10:06:52-də iddiaçıya məxsus kart vasitəsilə ikinci əməliyyat başlanılmış, 10:07:01-də pin daxil edilmiş, 10:07:19-da pul vəsaiti məxaric edilmiş,10:07:25-də əməliyyat başa çatmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə bununla bağlı qeyd edir ki, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı birinci dəfə pulu çəkdikdən sonra dərhal oradan uzaqlaşmışdır. Lakin, onun kartı üzrə əməliyyat davam etmişdir. Cavabdeh tərəf etirazında qeyd etmişdir ki, əməliyyat kart bankomata daxil edilmədən, yəni NFC oxuducusuna yaxınlaşdırılmaqla başlanmışdır. Yəni, iddiaçı birinci dəfə pulu məxaric edib oradan dərhal uzaqlaşmasına baxmayaraq, əməliyyat davam edə-edə üçüncü şəxs bankomata yaxınlaşaraq həmin əməliyyatı davam etdirmişdir. İddiaçı bununla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə müraciət etsə də, şöbə tərəfindən verilən cavabda pulun kim tərəfindən çıxarılmasının müəyyən etməyin mümkün olmaması qeyd edilmişdir. Eyni zamanda, polis şöbəsi tərəfindən məsələ ilə əlaqədar cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar məhkəməyə daxil olmamışdır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı ona 2000 manat məbləğində maddi ziyanın cavahdeh Cavabdeh ASC tərəfindən vurulduğunu sübut edə bilməmişdir. Əksinə, iş materialları əsasında müəyyən edildi ki, bankomatda iddiaçıya məxsus kartla bağlı ikinci əməliyyat üçüncü şəxs tərəfindən icra edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(006)-4569/2023 saylı xüsusi qərardadı ilə sözügedən üçüncü şəxsin hərəkətlərində cinayətin əlamətlərinin olmasına dair faktların araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi və bu məqsədlə qərardadın surətinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi, görülən tədbirlər barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir, Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş 41 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4569/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4569/2023
14.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver