Məhkəmə qərarları › İş №2(006)-4569/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4569/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4569/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5200 manat maddi zərər, indiyə qədər hüquqlarını müdafiə etmək üçün məhkəməyə ödədiyi 100 manat iddia ərizəsinin verilməsi üçün rüsum və 50 manat ekspertiza xərci, 104 manat dövlət rüsumu, keçirdiyi stress, həyəcan və mənəvi sarsıntıya görə 3000 manat mənəvi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X2 qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə X2 məxsus olan cehiz əşyalarının (1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd güzgülü termo, 2 ədəd komodin, 2 ədəd şifonyer, 1 ədəd böyük termo, 2 ədəd şüşəli şifonyer) ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılması barədə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, oğlu Nümayəndə 2014-cü il tarixdə cavabdeh X3 ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Həmin vaxtdan cavabdeh cehiz əşyalarını ona məxsus olan evə yerləşdirmişdir. Hazırda cavabdehlə oğlu arasında bağlanmış nikah pozulmuş, xx.xx.2023cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə alınmışdır. Cavabdeh valideynləri ilə birlikdə yaşamasına baxmayaraq cehiz əşyalarını ona məxsus olan evdən çıxartmamışdır. Cavabdehə məxsus olan əşyaların ona məxsus mənzildə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da onun mənzilindən istifadə etmək hüququnu məhdudlaşdırır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-4129/2023 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, X2 məxsus olan 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd güzgülü termo, 2 ədəd komod, 2 ədəd şifonyer, 1 ədəd böyük termo, 2 ədəd şüşəli şifonyerdən ibarət cehiz əşyalarının ilk İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 3 ünvanından çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Daha sonra, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X3 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin - qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1038/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-4129/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın təmin edilməsi, ilk iddia üzrə cavabdeh X2 məxsus olan ümumi dəyəri 1000 manat olan 01 ədəd “Belissa” markalı, ağ rəngli yataq mebel dəsti (01 ədəd iki nəfərlik çarpayı 2x2,2 ölçülü, güzgülü termo 1,8x2 ölçülü, 02 ədəd komod 60x60 ölçülü, şifoner 2,6x2 ölçülü, 01 ədəd 4 siyirtməli şkaf); ümumi dəyəri 800 manat olan 02 ədəd şüşəli şifoner 600x1800 ölçülü ibarət cehiz əşyaları ilk İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə iş icraya göndərilmişdir. Lakin cavabdeh X3 məhkəmə qətnaməsinin icrasını bu günə qədər təmin etməmişdir. Ona dəfələrlə cehiz əşyalarının ona məxsus olan mənzildən çıxarılması üçün müraciət etməsinə baxmayaraq, o, qərəzli şəkildə qətnamənin icrasından boyun qaçırır. Qeyd etmək istəmişdir ki, o, 2023-cü ilin avqust ayından bəri ona məxsus olan mənzilin iki otağından cavabdehin qərəzli əməlləri nəticəsində istifadə edə bilmir. Nəticədə öz şəxsi əmlakından natamam məhrum olmuşdur. Hüquqlarının bərpası üçün artıq bir ildən çoxdur ki, məhkəmələrdə mübarizə aparır. Yaşının çoxluğunu, səhhətində olan problemlərlə yanaşı, bu məsələ ilə bağlı da stress və mənəvi sarsıntı keçirir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində mənzillərin kirayə qiyməti 400-950 manat aralığındadır. O, qeyd olunan mənzilin tək mülkiyətçisidir, yəni, ona məxsus mənzilin 2 otağının qanunsuz zəbt edilməsi nəticəsində həmin mənzili kirayə belə verə bilmir. Cavabdeh birmənalı olaraq ona məxsus mənzilin iki otağından əvəzsiz və qanunsuz olaraq istifadə edir. Hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər cavabdeh tərəfindən iki otağın zəbt edilməsi müqabilində ona 5200 manat (hər ay üçün 400 manat), indiyə qədər hüquqlarını müdafiə etmək üçün məhkəməyə ödədiyi 100 manat iddia ərizəsinin verilməsi üçün rüsum və 50 manat ekspertiza xərci, keçirdiyi stress, həyəcan və mənəvi sarsıntıtya görə 3000 manat mənəvi ziyan cavabdeh tərəfindən ona ödənilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb edərək iddianın rədd olunmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, o, əşyalarını məhkəmə qərarı ilə məhkəmənin təyin etdiyi zamanda xx.xx.2024-cü il tarixdə çıxarmışdır. Maddi və mənəvi zərərdən söz gedə bilməz. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, məhəllə 3123, ev 3a, mənzil 2 tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, ilk iddia üzrə cavabdeh X2 məxsus olan ümumi dəyəri 1000 manat olan 01 ədəd “Belissa” markalı, ağ rəngli yataq mebel dəsti (01 ədəd iki nəfərlik çarpayı 2x2,2 ölçülü, güzgülü termo 1,8x2 ölçülü, 02 ədəd komodin 60x60 ölçülü, şifoner 2,6x2 ölçülü, 01 ədəd 4 siyirtməli şkaf); ümumi dəyəri 800 manat olan 02 ədəd şüşəli şifoner 600x1800 ölçülü ibarət cehiz əşyaları ilk İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılmalı, həmin əşyalar olmadığı halda onların dəyəri olan 1800 manat İddiaçı alınaraq X2 ödənilməlidir. Uşaqlara məxsus şəxsiyyət vəsiqələri İddiaçı alınaraq X2 qaytarılmalıdır. İlkin iddia ərizəsi, qarşılıqlı iddia ərizəsinə və apellyasiya şikayətinə görə ödənilən dövlət rüsumları onların ödəmiş tərəflərin özlərinə aid edilməli, apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatının ilk iddia üzrə İddiaçı, 50 manatının isə cavabdeh X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqqında Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Nəsimi rayon icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, icra sənədində göstərilən cehiz əşyaları X2 təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində mənzilinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək zəbt edilməsi əsası ilə hər ay üçün 400 manat tələb etmiş, ona dəymiş zərəri Mülki Məcəllənin 1096, 1097 və 1115-ci maddələri ilə əsaslandırmaqla 5200 manat zərərin əvəzinin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi üzrə icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinə verilmiş, tələbin könüllü icrası barədə bildiriş cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə icra sənədi icra edilmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən mənzilinin zəbt edilməsi əsası ilə həmin tarixdən zərərin əvəzinin ödənilməsini tələb etməsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, icra sənədi icraya xx.xx.2024-cü il tarixdə yönəlmiş, xx.xx.2024cü il tarixdə də icra edilmişdir. Cavabdeh tərəfindən heç bir “delikt” törədilməmişdir, cavabdehin məhkəmə iclasında bildirdiyinə əsasən, nikahın xitam olunmasına səbəb olan münasibətlərin pozulduğu vaxta qədər həmin mənzildə yaşamış, hazırda da keçmiş həyat yoldaşı anası ilə birlikdə həmin ünvanda yaşayırlar. O cümlədən, mənəvi ziyanın vurulmasına dair hissədə də sübutlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki halda iddiaçı mənəvi zərərin nədə ifadə edilməsini əsaslandırmamaqla eyni zamandan məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı, ona maddi və mənəvi zərərin dəyməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş və həmin halların mövcüdluğu barədə məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, əsas hissədə iddia təmin edilmədiyindən iddianın “indiyə qədər hüquqlarını müdafiə etmək üçün məhkəməyə ödədiyi 100 manat iddia ərizəsinin verilməsi üçün rüsum və 50 manat ekspertiza xərci, 104 manat dövlət rüsumu” nun tutulması hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar