Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-457/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı3, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic Döngəsində təhlükəsizlik tədbirləri görülmədən aparılan inşaat işlərinin dayandırılması və Cavabdeh MMC tərəfindən hər bir iddiaçıya vurduğu 30.000 manat olmaqla, cəmi 90.000 manat maddi zərərin, hər birinə 50.000 manat olmaqla, cəmi 150.000 manat mənəvi zərərin əvəzinin Cavabdeh MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ev 5, ev 6 və ev 10 onların mülkiyyətindədir. Onlar, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və mülkiyyət hüquqları Azərbaycan Respublikasının Konstitusiyası və «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» 4 noyabr 1950-ci il tarixli Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunur. Lakin, Cavabdeh MMC tikinti normalarını kobud şəkildə pozaraq apardığı inşaat işləri nəticəsində onların mülkiyyətlərinə əsaslı zərər vurulması ilə bərabər, mənəvi zərər də vurmaqda davam edir. Heç bir təhlükəsizlik tədbirləri görmədən, ehtiyac olubolmamasından asılı olmayaraq mülkiyyətlərinin çöl divarlarının bünövrəsini qazaraq evin əsas divarlarında çatların yaranmasına səbəb olmuşdur ki, bu vəziyyətdə evin hər an kiçik bir təkan nəticəsində başlarına uçub tökülərək həyatı təhlükə yaranmasına şərait yaradır. Bu azmış kimi, 3 ildir tikilən 2 hündürmərtəbəli binanın bütün betonunun daşınması qəsdən evlərinin çöl girişindən və pəncərələrinin qarşısından nəhəng beton qarışdıran maşın və texnikalar vasitəsilə həyata keçirilir (hətta ilk əvvəllər evlərinin çöl girişinin qarşısını tikintidən çıxan müxtəlif tullantılarla bağlasalar da, sonradan kütləvi narazılıq və uzun müddətli mübahisələrdən stress və gərginlikdən sonra açılmasına nail olmuşlar). Hal-hazırda tikinti meydançasının ortasında öz mülkiyyətlərində qorxu və həyəcanla yaşamaq məcburiyyətində qalmışlar. Hətta bina tikintisi üçün quraşdırılmış kran evlərinin divarından bir neçə metr aralıda quraşdırılıb və heç bir təhlükəsizlik tədbiri görülmədən evlərinin üstündə hər gün kran vasitəsilə tonlarla armaturlar, taxtalar, daşlar və müxtəlif tikinti materialları daşınır. 10 metrlərlə hündürlükdən əgər o inşaat materiallarından hər hansı biri sürüşüb düşərsə onlar və ailə üzvləri həmin anda öz mülkiyyətlərində həlak olarlar. Lakin onlar hər gün Cavabdeh MMC-nin onlara yaşatdığı bu qorxu, həyəcan və stresslə yaşamağa məcburdurlar. Dəfələrlə tikinti normalarına uyğun olaraq həyatları üçün təhlükəsizlik tədbirləri görülməsi üçün Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etsələr də, bu günədək heç bir tədbir görülməmiş, əksinə nəhəng texnikalar və betonqarışdıran maşınlar pəncərələrinin daha da yaxınlığından keçərək davam edən təhlükəli vəziyyəti daha da şiddətləndirmişlər. Gecələr səhərə qədər betonqarışdıran maşınlar və betonu yuxarı mərtəbələrə vuran pompaların səsindən istirahət etmək mümkün deyil. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də hazırki vəziyyətin nə qədər acınacaqlı olması göz önündədir. Hər birinin ailəsində uşaq, yaşlı və xəstələri vardır. Ətrafın səs-küy və vibrasiya təsirindən çirklənməsi normadan dəfələrlə artıqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir, hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Həmçinin, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında deyilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində hər birinə 30.000 manat maddi və 50.000 manat mənəvi zərər vurulmuşdur. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə mülki işə digər iddiaçıların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı3, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 05 noyabr 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət kimi tam pay üzrə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 168 nömrəli reyestr kitabının 15399 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01 avqust 2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət kimi tam pay üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 243 nömrəli reyestr kitabının 22596 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli 10/2213 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanında Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılan zaman İddiaçı3 məxsus yaşayış evinə ziyanın dəydiyi müəyyən edilmişdir. X1 məxsus yaşayış evinin təmirli vəziyyətdə olduğu və hər hansı bir ziyanın dəymədiyi müəyyən edilmişdir. İddiaçı2 məxsus yaşayış evinin qapısı bağlı olduğundan tədqiq olunan evə baxış keçirilməsi mümkün olmadığından yaşayış evinə ziyanın dəyib-dəymədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanında İddiaçı3 məxsus yaşayış evinə mənzilin tavanının bir çox hissəsinin suvaq qatının töküldüyünü, divarların üzərində müxtəlif (0,05-0,20 mm) ölçülərdə çatların olduğunu nəzərə alaraq, yaranmış qüsurların (zədələr və s.) aradan qaldırılmasının mümkün olub-olmaması və bunun üçün tələb olunan vəsaitin məbləği yalnız tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan mütəxəssis tərəfindən, yəni tikinti konstruktoru (mərkəzdə həmin sahə üzrə mütəxəssis yoxdur) müvafiq hesablamalar aparıldıqdan sonra həll oluna bilər. İddiaçı1 məxsus yaşayış evinin təmirli vəziyyətdə olduğu və hər hansı bir ziyanın dəymədiyi müəyyən edilmişdir. İddiaçı2 məxsus yaşayış evinin qapısı bağlı olduğundan tədqiq olunan evə baxış keçirilməsi mümkün olmadığından yaşayış evinə ziyanın dəyib-dəymədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanda Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılan zaman sonuncu tərəfindən tikinti-təhlükəsizlik qaydalarına riayət edilib-etməməsi məsələsi tikinti-texniki ekspertin səlahiyyətlərindən kənar olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan «X2» MMC-nin 28 sentyabr 2022-ci il tarixli 105 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən təqdim olunmuş məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanda Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılan zaman İddiaçı3 məxsus 10 saylı fərdi yaşayış evinə dəymiş ziyanın hazırkı bazar qiymətləri ilə dəyəri təqribən 9.542 manat məbləğində müəyyən edilir. 27 sentyabr 2022-ci il tarixli FİÇ seriyalı 301619 saylı kassa mədaxil qəbzindən görünür ki, İddiaçı3 tərəfindən 400 manat ekspertiza xərci ödənilmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanda Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılan zaman İddiaçı3 məxsus 10 saylı fərdi yaşayış evinə 9.542 manat məbləğində maddi zərər vurulmuşdur. Bu səbəbdən, iddia qismən təmin edilməklə vurulmuş maddi zərər həmin zərəri vurmuş olan Cavabdeh MMC-dən tutulmalıdır. İddiaçı3 iddiasının vurulmuş mənəvi ziyana görə pulun tutulmasına dair hissəsi əsassız olduğundan təmin edilməməlidir. Digər iddiaçıların iddia tələbləri təmin edilməməlidir. Belə ki, onlar, iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. İddiaçı1 məxsus yaşayış evinin təmirli vəziyyətdə olduğu və hər hansı bir ziyanın dəymədiyi müəyyən edilmiş, İddiaçı2 məxsus yaşayış evinin qapısı isə bağlı olduğundan tədqiq olunan evə baxış keçirilməsi mümkün olmadığından yaşayış evinə ziyanın dəyibdəymədiyini müəyyən etmək mümkün olmamışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçılar tərəfindən ayrı-ayrılıqda 30 manat olmaqla, ümumilikdə 90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 9.542 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı3 ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, digər iddiaçıların iddia tələbləri təmin edilmədiyindən, onlar tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı3 tərəfindən «X2» MMC-nin hesabına 400 manat ekspertiza xərci ödənilmişdir. Lakin həmin xərcin cavabdehdən tutulması ilə bağlı hər hansı bir tələb irəli sürülmədiyindən, ödənilmiş ekspertiza xərci İddiaçı3 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 9.542 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı3 ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-457/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-457/2022
11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver