Məhkəmə qərarları › İş №2(006)-4581/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4581/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4581/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istehlakçıların hüquqlarının müdafiəsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istehlakçıların hüquqlarının müdafiəsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən, iddiaçının ödədiyi 2400 manatın, cavabdeh tərəfindən tələbinin yerinə yetirilməsinin ləngidilməsi ilə əlaqədar 2022-ci il mart ayının biri tarixindən hesablanmaq gecikdirilən gün üçün malın satış qiymətinin (2400 manat) bir faizi məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya vurulan mənəvi ziyan məhkəmə tərəfindən müəyyən edilərək ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 10 fevral 2022-ci il tarixdə Bakı Dəmir Yolu Vağzalı ərazisində yerləşən, “Telefon Baku" adlanan, telefon cihazlarının satışı ilə məşğul olan mağazadan cavabdehdən 2400 manat müqabilində “İphone 13 PRO" markalı telefon cihaz almışdır. Lakin telefonu alan gündən onun dinləmə dinamikasında qüsurlar olduğu üçün iki-üç gün ərzində həmin telefonu aldığı mağazaya gətirərək dəyişdirilməsini və ya qüsurun aradan qaldırılmasını xahiş etmişdir. Cavabdeh həmin telefonu ondan geri alaraq bir-iki gün ərzində problemi həll edəcəyini bildirmişdir. Buna baxmayaraq bir müddətdən sonra təkrar həmin mağazaya gedərkən həmin mağazanın daha mövcud olmadığını müəyyən etmişdir. Həmin şəxsi müəyyən edərək telefonunu və ya ödədiyi məbləği qaytarmasını tələb etsə də, hazırki günədək cavabdeh bunu etməkdən boyun qaçırır. Cavabdeh barəsində 102 Xidmətinə və müvafiq polis qurumuna müraciət etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Sonuncu dəfə 20 iyun 2022-ci il tarixdə cavabdehlə telefon əlaqəsi saxlamışdır. Bu dəfə də heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu müddət ərzində telefonu olmadığından uzun müddət rabitəsiz qalmaqla yanaşı əsəblərim korlanmış, cavabdehin təqsiri səbəbindən vaxt itkisinə məruz qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə İddiaçı DYNPİ-nə müraciət edərək “Perron Gallery" TM-də yerləşən “Telefon Baku” mağazasından 2.400 manat dəyərində “İphone 13" markalı mobil telefon alaraq bir müddət işlətdikdən sonra nasaz olduğunu aşkar edərək onu dükana yenidən qaytarmışdır. Həmin vaxt mobil telefonu satan Cavabdeh mobil telefonu geri alaraq 2 gün müddətinə yenisi ilə əvəz edəcəyini vəd etsə də, əməl etməməsini bildirmişdir. Cavabdeh izahatında İddiaçı 2400 manat “İPHONE” markalı mobil telefonu satdığını, təqribən 2-3 gün sonra İddiaçı telefonu nasaz olduğuna görə dükana, şəxsən ona qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə iddiaçının izahatı və xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarla müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətləri olmuş, iddiaçı cavabdehdən 2400 manat dəyərində “İphone 13" markalı mobil telefon almış, bir müddət işlətdikdən sonra nasaz olduğunu aşkar edərək onu cavabdehə qaytarmışdır. Cavabdeh mobil telefonu geri alaraq 2 gün müddətinə yenisi ilə əvəz edəcəyini vəd etsə də, öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında şifahi bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malın dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə tədqiqatı zamanı sənədlərlə cavabdehin iddiaçıya satılmış, lakin sonradan geri alınmış mobil telefona görə 2400 manat məbləğində borcu olması iş materialları ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, əsas öhdəlik haqqında bağlanmış müqavilənin formasından asılı olmayaraq onun icrasının təmin edilməsi üsuli kimi dəbbə pulu haqqında razılaşma yazılı formada tərtib olunmalıdır. Dəbbə pulu haqqında razılaşma əsas öhdəlik haqqında müqavilənin bir hissəsi kimi onun tərkibində nəzərdə tutula bilər. İddiaçı dəbbə pulunun ödənilməsini tələb etsə də, dəbbə pulu haqqında razılaşma tərəflər arasında yazılı formada tərtib olunmamış, eyni zamanda həmin tələb qeyri-müəyyəndir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda həmin tələb qeyri-müəyyəndir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2400 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2400 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar