Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4593/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh1 direktoru Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1nə qarşı "işə bərpa və dəymiş maddi, mənəvi və fiziki zərərin kompensasiyası tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı "işə bərpa və dəymiş maddi, mənəvi və fiziki zərərin kompensasiyası tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ixtisasca həkimdir və Azərbaycan Tibb Universitetində baş-həkim laborant vəzifəsində çalışır, rəsmi əmək haqqı 310 manatdır. İddiaçı 2015-ci ildə rəsmi olaraq yoldaşından ayrılmış və himayəsində üç azyaşlı övladları vardır. Ataları alimenti normal qaydada ödəmədiyi üçün və iddiaçının ATU-də maaşı az olduğundan övladlarının maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə məcburi əvəzçilik üzrə 2-ci iş yeri kimi Cavabdeh1 MMC-də çalışırdı. Lakin iyun ayında iddiaçını üç övladını tək böyüdən ana olduğunu və övladlarının maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə aliment tələbi üçün məhkəməyə müraciət etdiyini bilə- bilə işdən azad etdilər. xx.xx.2020-ci il və xx.xx.2020-ci il karantin günlərinə təsadüf edirdi. İddiaçı xx.xx.2020-ci il tarixdə işə çıxmalı idi və əməkhaqqı barədə məhkəməyə sənəd təqdim etməli idi. Lakin heç bir səbəb olmadan iddiaçı işdən azad edildiyini öyrəndi. İddiaçı revmatizmdən əziyyət çəkir. Hətta ürək qüsuru da yaranıb. Ofisdə kondisioner çox aşağı temperatur rejimində işlədiyindən temperaturum 37 dərəcəyə qalxdı. İddiaçıya normallaşana kimi evdən işləməyini bildirdilər. İddiaçı ixtisasca həkim olduğundan revmatik xəstələrdə bu temperaturun olma ehtimalını bildirsə də, yenə də evdən işləməyi təklif etdilər və ona xx.xx.2020-ci ildə 3 saatlıq, xx.xx.2020-ci ildə isə 1 günlük evdən işləmək üçün icazə verdilər. xx.xx.2020-ci il tarixdə şənbə günü qeyri-iş günü idi. 14 və 15 iyun isə sərt karantin rejimi idi. xx.xx.2020ci ildə iddiaçı işə çıxmalı idi. Lakin iddiaçıya bildirildi ki, korona testi verməsə işə çıxa bilməz. Bu səbəbdən iddiaçı xx.xx.2020-ci ildə özəl müəsisələrdən birində test verməyi planlayırdı. Çünki test vermək üçün TTY çağırsa da, ona bildirildi ki, heç bir şikayəti olmadığı üçün buna ehtiyac yoxdur. Çünki temperaturu normallaşmışdı və özünü yaxşı hiss edirdi. İddiaçı bunu şirkətə bildirsə də, yenə də test tələb edildi. İddiaçı bildirdi ki, xx.xx.2020-ci ildə korona testindən keçərək xx.xx.2020-ci ildə işə çıxacaqdır. Elə həmin gün iddiaçını ofisə çağırıb “xxxxxxxxxx” MMC-nin Marketinq X1 və HR X4 işdən azad edildiyini bildirdilər və əsassız səbəblər gətirdilər. İddiaçı işdən çıxmaq istəmədiyini bildirdikdə onu məcbur etdilər ki, ərizə yazıb könüllü olaraq işdən çıxsın və şirkətin marketinq X1nın göstərişi ilə şirkətin HR direktoru Feridə Mehtiyeva bildirdi ki, iddiaçı özü ərizə yazmasa, pis xarakteristika ilə onu çıxaracaqlar ki, bu da iş tapa bilməyinə mane olacaq. Bütün bunların sübutları telefonda səs yazısı və ya mesaj olaraq var. İddiaçı işlədiyi dövrdə də Günay Kazımova tərəfindən dəfələrlə mobbinq və bullinqə məruz qalmışdır. İddiaçı işdən məcburi çıxarıldığı üçün çox böyük stress keçirmiş və ürək qüsuru olduğundan əziyyəti pisləşmiş və 2 aydır müalicə alır. Karantin dövrü ilə əlaqədar şirkətlərdə işçi qəbulu dayandırılıb. Bu səbəbdən iddiaçı yeni işə düzələ bilmir və Cavabdeh1 MMC-yə dəfələrlə maddi vəziyyəti, iş tapa bilmədiyi və yenidən işə qayıtmaq istədiyini bildirsə də, onu işə qaytarmadılar. İddiaçı eyni zamanda ATU kafedrada çalışır və korona müalicəsinə qatılan kafedra həkimlərinin dərslərini əvəz etməklə bu dövrdə öz yardımını göstərmiş, lakin bunların heç biri nəzərə alınmamışdır.Bir həkim kimi və üç azyaşlı övladını tək böyüdən bir ana kimi iddiaçıya qarşı haqsızlıq olundu. Pandemiya dövründə iddiaçıya həm bir həkim kimi, həm üç məktəbli anası kimi yaşadığı psixi durumla yanaşı ona mənəvi və maddi zərər də vuruldu. Göstərilənlərə əsasən cavabdeh «Cavabdeh1” MMC ilə İddiaçı arasında xx.xx.2020-də bağlanmış əmək müqaviləsinə, xx.xx.2020-ci il tarixdə qanunsuz olaraq, hədə-qorxu gəlməklə, məcburi qaydada, saxta əsaslarla K-037/20 nömrəli əmrlə xitam verilməsi əsassız və qanunsuz hesab edilərək İddiaçı yenidən işə bərpa edilməsi, həmçinin işdən çıxarılması zamanı məruz qaldığı maddi, mənəvi və fiziki zərərin kompensasiyasının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 direktoru Cavabdeh2 ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunvericiliyin tələbi iddia müddətləri baxımından pozulmuşdur. Bu səbəbdən iddia ərizəsi iddia müddətinin ötürülməsi səbəbindən verildiyindən qanunvericiliyin tələbinə əsasən araşdırılmadan imtina edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin materiallarında olan İddiaçı "Cavabdeh1" MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, işdən azad edilib, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşin materiallarında olan "Cavabdeh1" MMC-nin K-037/20 №-li, xx xxxx 2020-ci il tarixli «Əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən İddiaçı ilə "Cavabdeh1" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020ci il tarixindən xitam verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı"Cavabdeh1" MMC-də məhsul üzrə menecer vəzifəsində işləmiş və xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əsas hüquqları vardır. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1nə qarşı "işə bərpa və dəymiş maddi, mənəvi və fiziki zərərin kompensasiyası tələbi"nə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1nə qarşı "işə bərpa və dəymiş maddi, mənəvi və fiziki zərərin kompensasiyası tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4593/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4593/2020
30.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver