Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-997/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı "işə bərpa və dəymiş maddı, mənəvi və fiziki zərərin kompensasiyası" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(006)-4593/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı "işə bərpa və dəymiş maddi, mənəvi və fiziki zərərin kompensasiyası tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ixtisasca həkimdir və Azərbaycan Tibb Universitetində baş-həkim laborant vəzifəsində çalışır, rəsmi əmək haqqı 310 manatdır. İddiaçı 2015-ci ildə rəsmi olaraq yoldaşından ayrılmış və himayəsində üç azyaşlı övladları vardır. Ataları alimenti normal qaydada ödəmədiyi üçün və iddiaçının ATU-də maaşı az olduğundan övladlarının maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə məcburi əvəzçilik üzrə 2-ci iş yeri kimi Cavabdeh1 MMC-də çalışmışdır. Lakin iyun ayında iddiaçını üç övladlarını tək böyüdən ana olduğunu və övladlarının maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə aliment tələbi üçün məhkəməyə müraciət etdiyini bilə-bilə, işdən azad etmişlər. xx.xx.2020-ci il və xx.xx.2020-ci il karantin günlərinə təsadüf etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə işə çıxmalı idi və əməkhaqqı barədə məhkəməyə sənəd təqdim etməli idi. Lakin iddiaçı heç bir səbəb olmadan işdən azad edildiyini öyrənmişdir. İddiaçı revmatizmdən əziyyət çəkir. Hətta ürək qüsuru da yaranıb. Ofisdə kondisioner çox aşağı temperatur rejimində işlədiyindən hərarəti 37 dərəcəyə qalxmış, vəziyyəti normallaşana kimi ona evdən işləməyini bildirmişlər. İddiaçı ixtisasca həkim olduğundan revmatik xəstələrdə bu temperaturun olma ehtimalını bildirsə də, yenə də evdən işləməyi təklif etmişlər və ona xx.xx.2020-ci ildə 3 saatlıq, xx.xx.2020-ci ildə isə 1 günlük evdən işləmək üçün icazə vermişlər. xx.xx.2020-ci il tarixdə şənbə günü qeyri-iş günü olmuş, 14 və 15 iyun isə sərt karantin rejimi olmuşdur. xx.xx.2020-ci ildə iddiaçı işə çıxmalı idi. Lakin iddiaçıya bildirildi ki, korona testi verməsə, işə çıxa bilməz. Bu səbəbdən iddiaçı xx.xx.2020-ci ildə özəl müəssisələrdən birində test verməyi planlamışdır. Çünki test vermək üçün TTY çağırsa da, ona bildirilmişdir ki, heç bir şikayəti olmadığı üçün buna ehtiyac yoxdur. Çünki temperaturu normallaşmışdı və özünü yaxşı hiss edirdi. İddiaçı bunu şirkətə bildirsə də, yenə də test tələb edilmiş, iddiaçı bildirmişdir ki, xx.xx.2020-ci ildə korona testindən keçərək, xx.xx.2020-ci ildə işə çıxacaqdır. Elə həmin gün iddiaçını ofisə çağırıb Cavabdeh1 MMC-nin X5 Kazımova və HR X4 işdən azad edildiyini bildirmişlər və əsassız səbəblər gətirmişlər. İddiaçı işdən çıxmaq istəmədiyini bildirdikdə, onu məcbur etmişlər ki, ərizə yazıb könüllü olaraq işdən çıxsın. Şirkətin marketinq direktoru X2 göstərişi ilə şirkətin HR X4 bildirmişdir ki, iddiaçı özü ərizə yazmasa, pis xarakteristika ilə onu çıxaracaqlar ki, bu da iş tapa bilməyinə mane olacaqdır. Bütün bunların sübutları telefonda səs yazısı və ya mesaj olaraq mövcuddur. İddiaçı işlədiyi dövrdə də Günay Kazımova tərəfindən dəfələrlə mobbinq və bullinqə məruz qalmışdır. İddiaçı işdən məcburi çıxarıldığı üçün çox böyük stress keçirmiş və ürək qüsuru olduğundan vəziyyəti pisləşmiş və 2 aydır ki, müalicə alır. Karantin dövrü ilə əlaqədar şirkətlərdə işçi qəbulu dayandırılıb. Bu səbəbdən iddiaçı yeni işə düzələ bilmir və Cavabdeh1 MMC-yə dəfələrlə maddi vəziyyəti, iş tapa bilmədiyi və yenidən işə qayıtmaq istədiyini bildirsə də, onu işə qaytarmadılar. İddiaçı eyni zamanda ATU-da çalışır və koronavirusun müalicəsinə qatılan kafedra həkimlərinin dərslərini əvəz etməklə bu dövrdə öz yardımını göstərmiş, lakin bunların heç biri nəzərə alınmamışdır. Bir həkim kimi və üç azyaşlı övladını tək böyüdən bir ana kimi iddiaçıya qarşı haqsızlıq olunmuşdur. Pandemiya dövründə iddiaçıya həm bir həkim kimi, həm üç məktəbli anası kimi yaşadığı psixi durumla yanaşı, ona mənəvi və maddi zərər də vurulmuşdur. Göstərilənlərə əsasən cavabdeh «Cavabdeh1” MMC ilə İddiaçı arasında xx.xx.2020-ci ildə bağlanmış əmək müqaviləsinə, xx.xx.2020-ci il tarixdə qanunsuz olaraq, hədə-qorxu gəlməklə, məcburi qaydada, saxta əsaslarla K-037/20 nömrəli əmrlə xitam verilməsini əsassız və qanunsuz hesab edərək, İddiaçı yenidən işə bərpa edilməsi, həmçinin işdən çıxarılması zamanı məruz qaldığı maddi, mənəvi və fiziki zərərin kompensasiyasının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(006)- 4593/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(006)- 4593/2020 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Apellyator əlavə olaraq göstərmişdir ki, onun səhhətində yaranmış problemlərə görə, həmçinin ölkədə ciddi karantin rejiminin mövcud olması ilə əlaqədar məhkəmələrdə iş rejiminin dəyişməsinə görə iddianı avqust ayında verməli olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan İddiaçı "Cavabdeh1" MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, işdən azad edilib, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan "Cavabdeh1" MMC-nin K-037/20 №-li, xx xxxx 2020-ci il tarixli «Əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən İddiaçı ilə "Cavabdeh1" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən xitam verilmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı"Cavabdeh1" MMC-də məhsul üzrə menecer vəzifəsində işləmiş və xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əsas hüquqları vardır. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Həmin maddənin 5-ci bəndinə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əgər işçi qanunda qeyd olunan bir aylıq xəbərdarlıq müddətini gözləmirsə, yəni özü daha tez bir zamanda əmək müqaviləsinə xitam verilməsini xahiş edirsə və işəgötürən də bununla razılaşırsa, bu zaman işəgötürənin bir aylıq müddəti gözləmək kimi vəzifəsi ola bilməz. Həmin vəzifə o zaman yaranır ki, işçi bir ay əvvəlcədən işdən çıxmaq barədə müraciət etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İş materiallarından müəyyən olunur ki, İddiaçı işdən azad edilməsinə dair əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir. Lakin iddiaçı həmin əmrin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə, yəni xx.xx.2020-ci il tarixində onun işdən azad edilməsindən iki aydan artıq müddət keçdikdən sonra müraciət etmiş, bununla da ƏM-nin 296-cı maddəsi ilə müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı apellyasiya şikayətində bu müddəti ötürməsinin onun səhhətində yaranmış problemlərlə, həmçinin sərt karantin rejimi ilə əlaqədar məhkəmələrin iş rejiminin dəyişməsi ilə bağlı olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə müraciət etməsinin müddəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş müddət bu qanunun mənasına görə, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Müddətlərlə bağlı Qanunvericiliyin bu şərhinə görə, kəsici müddəti müəyyən edən müvafiq normanın məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdehin bununla bağlı ərizəsi tələb olunmur. Yəni, işə baxan məhkəmə özü maddi hüquq normasının bu cür pozuntusunu aşkar etdikdə, müddətin pozulmasına əsası ilə iddia tələbini rədd etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı hazırki iddiasını qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş müddətin keçməsi səbəbindən təmin etməməklə düzgün qənaətə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(006)-4593/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-997/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-997/2021
04.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver