Məhkəmə qərarları › İş №2(006)-4597/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4597/2024

09.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4597/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı «ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı «ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-48/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru R.Əhmədovun təqdimatının təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-69/2016 saylı icra sənədi üzrə borclu İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. - Məhkəmənin yuxarıda qeyd edilən qərardadı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(103)-135/2024 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsinə dair hal mövcud olmadığından sərhəd məhdudiyyətinin götürülməsi müvafiq təlimata uyğun hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, borclunun icra sənədi üzrə tələbi yerinə yetirmədiyinə görə ölkədən getmək hüququ məhkəmənin qərardadı əsasında məhdudlaşdırılmışdır. Hazırda isə borclu həmin məhdudiyyətin götürülməsini tələb edir. Qeyd edilməlidir ki, bu növ tələblə məhkəməyə müraciət edilmədən öncə aidiyyəti İcra qurumuna müraciət edilməsi tələb olunur. İcra qurumu tərəfindən məhdudiyyət götürülmədiyi halda məhkəməyə müraciət etmək hüququ yaranır. Göründüyü kimi, borclu düzgün olaraq məhkəməyə müraciət etmədən öncə İcra qurumuna müraciət etmiş və müraciətinin nəticəsi olaraq həmin qurumdan əldə etmiş olduğu cavab məktubunu sənədlərlə birlikdə məhkəməyə təqdim etmişdir. Həmin məktuba görə məhdudiyyətin götürülməsi mümkünsüz hesab edilmişdir. Hazırda İddiaçı eyni tələblə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, müraciətini düzgün formada tərtib etməmişdir. Belə ki, daxil olmuş iddia ərizəsindən görünür ki, hazırki tələbə “icra icraatı” qaydasında baxılıb həll edilməli olmasına baxmayaraq, iddiaçı öz müraciətini “iddia ərizəsi” formasında tərtib etməklə, məhkəməyə müraciət etmişdir. Qeyd edilən məsələlərə isə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 84.1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. - 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. - 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10-cu maddəsi normativ hüquqi aktların kolliziyasının həlli qaydasına aiddir. 10.4-cü maddədə qeyd olunub ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. “İcra haqqında” Qanunun 87-ci maddəsi ümumi norma sayılır, çünki, burada konkret olaraq icra məmurunun hansısa hərəkət və hərəkətsizliyindən şikayətin verilməsi deyil, ümumi olaraq icra məmurunun bütün hərəkət və hərəkətsizliyindən şikayətin hansı məhkəməyə verilməsi göstərilmişdir. 20-ci və bunun kimi digər maddələrdə isə konkret olaraq göstərilir ki məhz hansı hərəkətdən müvafiq məhkəməyə şikayət verilir. Bu da onu deməyə əsas verir ki, belə olan halda bunlar xüsusi normalardır. Azərbaycan dilinin izahlı lüğətində “müvafiq” sözünün anlayışından biri də “uyğundur”. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində və eləcə də digər maddələrində göstərilmiş “müvafiq məhkəmə” müddəasında qanunverici inzibati-iqtisadi məhkəməni yox, aidiyyatı üzrə uyğun məhkəməni nəzərdə tutmuşdur. Qərarın davamında qeyd edilir ki, “İcra haqqında” Qanunun 87-ci maddəsinə edilən dəyişiklik nəticəsində onunla xüsusi normaları arasında kolliziya yaranmışdır. 87-ci maddə ümumi norma olsa da, “İcra haqqında” Qanunun xüsusi normalarının istifadəsi üçün hüquqi əsas yaratmır. Bu halda yaranmış problemlər “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Yəni, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair tərəflər icra sənədini verən məhkəməyə müraciət etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı «ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya “icra icraatı” çərçivəsində icra məmurunun hərəkətlərindən (yaxud hərəkətsizliyindən) verilmiş şikayət qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı «ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya “icra icraatı” çərçivəsində icra məmurunun hərəkətlərindən (yaxud hərəkətsizliyindən) verilmiş şikayət qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar