Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-461/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.618 ABŞ dolları ekvivalentində 24.850 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tanışı Cavabdeh onun etibarından suiistifadə edib aldadaraq öz adına olan 400 m2-lik torpaq sahəsini 15.500 ABŞ dollarına saxta bələdiyyə sərəncamı ilə gələcəkdə həmin torpaq sahəsində obyekt tikib, onun adına sənəd və çıxarış alıb verəcəyinə yalandan vəd verib, pulunu ələ keçirib ona qarşı dələduzluq etməklə qaçmışdır. Namazov X6 RPİ-nin istintaq şöbəsində araşdırma zamanı izahatında göstərmişdir ki, X4 təxminən 15 ildir tanıyır. Onu təxminən 2006-cı ildən tanımış, həmin illərdə Qoşqar Binəqədi rayonu ərazisində ofisdə işləmiş, həmin vaxtdan aralarında münasibət yaranmışdır. Binəqədi rayonu ərazisindən torpaq sahəsi almaq istəmiş, buna görə də Binəqədi Bələdiyyəsinə 2006-cı ildə yaxınlaşmış, həmin bələdiyyədə işləyən Vüqar adlı şəxsə müraciət etmişdir. Vüqar adlı şəxsə yol kənarından torpaq sahəsi almaq istədiyini və gələcəkdə biznes kimi istifadə etməsini bildirmişdir. Vüqar da aparıb torpaq sahəsini ona göstərmiş, ona göstərdiyi torpaq sahəsinin obyektin arxasında yerləşdiyini və həmin obyektin qarşısından gələcəkdə yol keçəcəyini bildirmişdir. Vüqarın təklif etdiyi torpaq sahəsi 400 m2 olmuşdur. O, torpağı bəyənmiş və Vüqar adlı şəxsdən dəqiq xatırlamır, 20.000 manata almışdır. Həmin pulu Vüqara ödədikdən sonra Vüqar ona 21 avqust 2006-cı il tarixli, 1249 sayla qeydə alınmış sərəncamı vermişdir. Bundan sonra, o, torpaq sahəsini alsa da, həmin torpaqdan istifadə etməmiş və satmaq qərarına gəlmişdir. Həmin ərəfədə Qoşqarın işlədiyi ofisdə olarkən bir nəfər şəxs ofisə maşın gətirmiş və başqa maşınla dəyişmək istədiyini bildirmiş, həmin maşın kreditdə olmuşdur. O, Qoşqara təklif etmişdir ki, həmin maşını götürsün və əvəzində Qoşqara özündə olan həmin torpaq sahəsini təklif etmişdir. Qoşqar ona həmin torpaq sahəsini almağa razılıq verdiyi üçün onunla birlikdə Vüqarın yanına getmişlər. Vüqar torpaq sənədlərinin qaydasında olduğunu və jurnalda qeydiyyatının olduğunu bildirmişdir. Qoşqar özü danışıq aparıb sənədlərə baxdıqdan sonra almağa razı olmuşdur. Onunla torpağı 7.000 manata razılaşmışlar və maşının sonrakı kreditini də ödəmək öhdəliyini üzərinə götürmüşdür. Bundan sonra Qoşqarın təklifi ilə ona satacaq torpağın bir nəfər tanış qadının adına keçirilməsinə razılıq verməsi barədə ərizə yazılmış və Binəqədi rayon ərazisinə birlikdə gedib notariusda təsdiq etmişlər. Lakin torpağı Qoşqara satdıqdan bir neçə il sonra ona zəng etmiş və bildirmişdir ki, ona satdığı torpaq sahəsində tikinti aparılmasına icazə verilmir və ondan pulunu geri tələb etməyə başlamışdır. Sonuncu da, ona satdığı torpaq sahəsi ilə bağlı əvvəlcədən torpağı ona satmış Vüqar adlı şəxslə görüşdürdüyünü və sənədləri yoxlayıb aldığını bildirmişdir. Nərimanov RPİ-nin İstintaq Şöbəsində araşdırma zamanı 16 iyul 2021-ci il tarixdə Cavabdeh İddiaçı 1500 manat maddi ziyandan ödəmiş, bu barədə qəbz tərtib edilərək materiala əlavə edilmişdir. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.350 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ona borclu olduğu 24850 manat məbləğində puldan, ilkin olaraq 16.07.2021-ci il tarixdə 1500 manat ödəmiş, sonradan isə borcundan 1000 ödəyərək ümumilikdə ona olan borcundan 2500 manat ödəmişdir. Hazırda ona 22350 manat borclu qalmışdır. Ona görə də ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə İddiaçı qeyd edilən ərizəsinin Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə kimi qiymətləndirir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılmasına dair ərizənin məzmunlarına uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaya etirazında göstərmişdir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında İddiaçı ona qarşı pul tələbinə dair mülki iş vardır. İddia ərizəsində göstərilir ki, o, guya 2006-cı il tarixdə İddiaçı etibarından sui-istifadə edib aldadaraq, adına olan 400 m2lik torpaq sahəsini 15.500 ABŞ dollarına saxta Bələdiyyə sərəncamı ilə gələcəkdə həmin torpaq sahəsində obyekt tikib, sonuncunun adına sənəd və çıxarış alıb verəcəyinə yalandan vəd verib, pulunu ələ keçirib, sonuncuya qarşı dələduzluq etməklə qaçmışdır. Hadisənin üzərindən 15 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin torpaq sahəsi ilə bağlı heç bir müraciət və mübahisələndirmə olmamışdır və onun tərəfindən İddiaçı verilən etibarnamə hələ də qüvvədədir. 06 iyul 2021-ci il tarixdə toplanmış material üzrə araşdırma davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Elnur Məmmədova həvalə edilmiş, 16 iyul 2021-ci il tarixdə onun tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, o, İddiaçı dəymiş ziyandan guya sonuncuya 1.500 manat pul ödəmişdir. Halbuki onun elə bir niyyəti olmamışdır və İddiaçı pul ödəməmişdir. Bundan əlavə, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Elnur Məmmədovun 06 iyul 2021-ci il tarixli qərarı Nərimanov Rayon Prokurorluğunun 27 yanvar 2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Belə ki, Elnur Məmmədovun həmin qərarı əsassız və qanunsuz olmuşdur. Nəsimi Rayon Məhkəməsinə pul tələbi ilə bağlı verdiyi iddia ərizəsi əsassızdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərinin pozulması ilə verilmişdir. Belə ki, həmin hadisədən 15 ildən artıq müddət keçmişdir. Mülki Məcəllənin 373-cü maddəsində göstərilir ki, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu səbəbdən, iddia əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edildiyini, iddiaya etirazda qeyd olunanlara əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən təqdim edilmiş İddiaçı müraciəti əsasında toplanmış PM/895 saylı rədd materialını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nərimanov RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Elnur Məmmədovun 16 iyul 2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Qeyd edilən qərarda istinad edilmiş Cavabdeh imzaladığı 16.07.2021-ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı dəymiş ziyandan 1500 manat pulu Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsində ibtidai istintaq zamanı ödədi. - Nərimanov Rayon Prokurorluğunun 27 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Nərimanov RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Elnur Məmmədovun 16 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, material araşdırılması üçün Nərimanov RPİ İŞ-yə göndərilmiş və araşdırmanın davam etdirilməsi aidiyyatı şəxsə həvalə edilmişdir. - Nərimanov RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Rahib Əliyevin 12 mart 2022ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 21 avqust 2006-cı il tarixli 1249 saylı sərəncamından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən istifadəsində olan 400 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır; - 23 avqust 2006-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh torpaq sahəsinə görə Binəqədi qəsəbə Bələdiyyəsinə 704 manat pul vəsaiti ödəmişdir; - Cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinin sədrinə yazdığı 16 yanvar 2007-ci il tarixli ərizəsindən görünür ki, Binəqədi qəsəbəsi hüdudlarında onun istifadəsinə ayrılmış mübahisəli 400 m2 ərazisi olan torpaq sahəsinin X2 adına keçirilməsini xahiş etmişdir. - Binəqədi qəsəbə Bələdiyyəsinin məhkəməyə ünvanladığı 07 aprel 2022-ci il tarixli məktubdan görünür ki, cavabdehin adına rəsmiləşdirilmiş Bələdiyyənin 21 avqust 2006-cı il tarixli 1249 saylı sərəncamı Binəqədi qəsəbə Bələdiyyəsinin arxivində qorunub saxlanılır. Torpaq sahəsinin ayrılması üçün tərtib olunmuş eskiz-cizgidə koordinatlar olmadığından mübahisələndirilən torpaq sahəsinin dəqiq coğrafi yeri mümkün hesab olunmur. Vətəndaşların mübahisələndirdikləri torpaq sahəsində tərəflərindən baxış keçirilmiş qeyd olunan ünvanda modul tipli işıq elektrik ötürücü stansiyanın tikintisi ilə bağlı inşa işləri aparılır. İşin araşdırılmış hallarından məlum olur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 21 avqust 2006-cı il tarixli 1249 saylı sərəncamı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən istifadəsində olan 400 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alğısatqı yolu ilə mülkiyyətinə ayrılmış, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 21 avqust 2006-cı il tarixli 1249 saylı sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən istifadəsində olan 400 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alğısatqı yolu ilə mülkiyyətinə ayrılmış, Binəqədi qəsəbə Bələdiyyəsinin mütəxəssisi tərəfindən nəzərdə tutulan sahənin cizgisi hazırlanmış, sahənin Binəqədi yolunun yanında, göllə yol arasındakı ərazidə olması qeyd olunmuş, orada ayrılan ərazidən yer altı və yer üstü qaz kəmərlərinin, yer altı və yer üstü elektrik xətti, su kəməri keçməməsi barədə aidiyyatı qurumların nümayəndələri qeydlər aparmaqla, imzaları ilə təsdiq edilmişdir. Bələdiyyənin yuxarıda qeyd olunan sərəncamı Binəqədi qəsəbə Bələdiyyəsinin arxivində qorunub saxlanılsa da, Bələdiyyənin verdiyi rəsmi məktuba əsasən eskiz-cizgidə koordinatlar olmadığından torpaq sahəsinin dəqiq coğrafi yerinin göstərilməsi mümkün deyildir. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh 16 yanvar 2007-ci il tarixdə Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət edərək, mübahisəli 400 m2 ərazisi olan torpaq sahəsinin X2 adına keçirilməsini xahiş etmişdir. 15 avqust 2008-ci il tarixdə X1 Qoşqar Xudayar oğluna özündə geniş səlahiyyətlər əks etdirən etibarnamə vermişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.618 ABŞ dolları ekvivalentində 24.850 manat məbləğində pulun, daha sonra isə iddia tələbinin həcmini azaldaraq, 22.350 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələbinin əsası kimi torpaq sahəsinin X2 adına rəsmiləşdirilsə də, torpaq sahəsini cavabdehdən faktiki olaraq özünün almasını və bunun müqabilində cavabdehə 15.500 ABŞ dolları pul vəsaiti ödəməsinə (avtomobillə barter etməsinə), həmin ərazidə evin inşa edilməsi üçün ona icazə verilməməsinə, bundan sonra pulunu cavabdehdən tələb etsə də, pulu ala bilmədiyi üçün polisə şikayət ərizəsi ilə müraciət etməsinə, şikayətinə əsasən müvafiq araşdırma aparılaraq, cavabdeh araşdırma zamanı ona 1.500 manat, daha sonra isə 1.000 manat ödəniş etməsinə, beləliklə də, hazırda cavabdehin ona 22.350 manat borcu qalmasına istinad etmişdir. Cavabdeh iddiaya etirazının əsası kimi torpaq sahəsini iddiaçıya deyil, Şəfəq xanıma satmasına, sözügedən avtomobilin də iddiaçının adına olmamasına, iddiaçının əsaslandığı qəbzi öncəki araşdırmanı aparan müstəntiqin təzyiq və təhriki ilə yazmasına, əslində iddiaçıya hər hansı pul vəsaiti verməməsinə, belə bir niyyətinin olmamasına, qəbzi həbs olunacağı hədəsinə görə imzalamasına, torpağı alan Şəfəq xanımın, həmçinin adı hallanan avtomobilin mülkiyyətçisinin ondan hər hansı şikayət və tələblərinin olmamasına, iddiaçının isə subyektiv hüququ olmadığı halda ondan pul vəsaiti ödənilməsini tələb etməsinin əsassız olmasına istinad etmişdir. İddiaçı tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740 və 743-cü maddələrinə istinad etmişdir. Həmin normalara əsasən isə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda qüvvədədir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi, yəni cavabdehin ona borclu qalmasının əsası kimi istinad etdiyi Nərimanov RPİ İŞnin baş müstəntiqi, polis mayoru Elnur Məmmədovun 16 iyul 2021-ci il tarixli qərarı Nərimanov Rayon Prokurorluğu tərəfindən 27 yanvar 2022-ci il tarixdə ləğv edilmiş, material araşdırılması üçün Nərimanov RPİ İŞ-yə göndərilmiş və araşdırmanın davam etdirilməsi aidiyyatı şəxsə, yəni, Nərimanov RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Rahib Əliyevə həvalə edilmiş, sonuncunun 12 mart 2022-ci il tarixli qərarı ilə cinayət işi başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarda isə iddiaçının istinad etdiyi 16 iyul 2021-ci il tarixli qəbzin cinayət-prosessual və mülki qanunvericiliyin tələblərinə zidd şəkildə tərtib edildiyi üçün qeyri-mötəbər və əsassız hesab olunmuşdur. Həmin qərar hazırda qüvvədədir. Bundan əlavə, iddiaçı 19.01.2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizəsində cavabdehin ona 1500 manatdan əlavə, 1000 manat da ödəməsini, buna dair qəbzin isə iş materiallarında olmadığı üçün bu halın mövcudluğunu həmin ərizədə qeyd etməsinə məhkəmə qiymət verərək hesab edir ki, nə qədər ki, iddiaçının istinad etdiyi 1500 manatın verilməsinə dair 16 iyul 2021-ci il tarixli qəbzin cinayət-prosessual və mülki qanunvericiliyin tələblərinə zidd şəkildə tərtib edilməsi qeyri-mötəbər və əsassız hesab olunmuşdur, iddiaçının cavabdeh tərəfindən ona əlavə olaraq borcundan 1000 manat da ödəməsinə dair ərizəsində göstərilənlər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə qeyd edir ki, əvvəla cavabdeh bu halların mövcudluğunu təsdiq etmir. İkincisi, iddiaçı 1000 manatın cavabdeh tərəfindən ona nə vaxt qaytarılmasının tarixini göstərməmişdir və əgər doğrudan da ona qeyd edilən məbləğ cavabdeh tərəfindən ödənilsə idi, bu hal aralarında sadə yazılı formada sənədləşdirilə bilərdi. İddiaçının təbirincə əgər doğrudan da cavabdeh ona 1500 manatı qaytarmaqla 16 iyul 2021-ci il tarixli qəbzi könüllü yazmışdırsa, sonradan ona 1000 manatın verilməsinə dair aralarında yazılı sənədin hansı səbəbdən tərtib olunmamasını izah edə bilməmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi, iddiaçının iddia tələbinin əsaslı olması mötəbər sübutlarla təsdiq olunmur. Başqa sözlə, cavabdehin iddiaçıya borcu olması və ya borclu qalması kimi hallar araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda iddia əsassız sayılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, əsassız iddia tələbinin təmin edilməsi cavabdehin qanuni maraq və mənafelərinin pozulmasına, eləcə də iddiaçının əsassız varlanmasına səbəb olardı ki, bu da ədalət mühakiməsinin əsas prinsipləri baxımından yolverilməzdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı borc tələbinin əsası kimi istinad etdiyi, cavabdehin adına olan torpaq sahəsinin X2 adına rəsmiləşdirilməsinə baxmayaraq, torpaq sahəsini cavabdehdən faktiki olaraq özünün almasını və bunun müqabilində cavabdehə 15.500 ABŞ dolları pul vəsaiti ödəməsini göstərsə də, işin hallarından məlum olur ki, alğısatqı müqaviləsi təqdim edilməsə də, faktiki olaraq cavabdeh tərəfindən öz adına olan torpaq sahəsinin X2 adına rəsmiləşdirilməsi ilə bağlı müəyyən hərəkətlər edilmişdir. Məhkəmənin qənaətinə görə rəsmi qeydə alınmayan alğı-satqı münasibətləri cavabdehlə X9 arasında olmuşdur ki, bu halda da torpaq sahəsi ilə bağlı yalnız sonuncu cavabdehə qarşı müəyyən tələblər irəli sürə bilərdi. Belə ki, iş materiallarından göründüyü kimi, torpaq sahəsi hələ də cavabdehin adında qalmaqdadır. Başqa sözlə, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı işi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə torpaq sahəsinin X2 adına rəsmiləşdirilməsinə dair ərizə yazmaqla həmin sahəni ona satmasına dair cavabdehin dəlillərinə də qiymət verərək və sözügedən torpaq sahəsinin hələ də cavabdehin adında qalmasını da nəzərə alaraq hesab edir ki, bununla bağlı hüquqlarının pozulması faktı mövcud olduğu təqdirdə buna dair iddia irəli surməsi hüquqları yalnız X5 aiddir. Məhkəmə bu qənaətə gələrkən iş materiallarında X2 bununla bağlı iddiaçıya verdiyi, özündə geniş səlahiyyətləri əks etdirən etibarnamədə onun qüvvədə olması (etibarlı olması) müddəti hissəsinin pozularaq aydın oxunmasının mümkünsüzlüyünü də qeyd edir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdeh tərəfin ərizəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. İşin faktiki hallarından görünür ki, iddiaçı subyektiv hüququ olmamaqla yanaşı qanunla müəyyən olunmuş ümumi iddia müddətini də üzrsüz səbəbdən ötürmüş, ümumi iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 30.09.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-461/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-461/2022
19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver