Məhkəmə qərarları › İş №2(006)-461/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-461/2024

01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-461/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 nümayəndəsi Nümayəndə və İddiaçı2, Cavabdehlər Cavabdeh1 nümayəndəsi X3 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2015-ci ilin iyul ayından başlayaraq qətnamə qəbul edilən tarixə 14.000 manat pulun bank uçot dərəcəsini hesablamaqla (hər il 14%), ümumilikdə 25.200 (iyirmi beş min iki yüz) manat pulun tutulub iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2015-ci ilin yay aylarında Sabunçu rayonu Ramana qəsəbəsində iddiaçılara məxsus fərdi evi sataraq pulunu dələduzluq yolu ilə ələ keçirərək mənimsəmişlər. Cavabdehlər özlərini DTX-nın əməkdaşı kimi təqdim edərək, Cavabdeh2 həbsdə olan qardaşı oğlu Arazın həbsdən buraxılması üçün rüşvət verilməsinin lazım olduğunu bildirmiş və 9 (doqquz) il azadlıqdan məhrum edilmiş Arazın adını əfv sərəncamına saldıracağına söz verərək iddiaçıları aldatmış, dəyəri 25.200 (iyirmi beş min) manatdan yuxarı olan fərdi yaşayış evini dəyər-dəyməzinə, yəni 14.000 (on dörd min) manata satdıraraq pulunu ələ keçirmişdir. X1 cəzasının xeyli hissəsini çəkmiş, 8 (səkkiz) ay sonra azadlığa çıxacaqdır. Bununla belə cavabdehlər dələduzluq yolu ilə ələ keçirdikləri 14.000 (on dörd min) manatı qaytarmaqdan imtina edirlər. Ona görə də Sabunçu RPİ-nin İŞ-si və Bakı şəhər Prokurorluğu tərəfindən bir neçə dəfə cinayət faktı üzrə cinayət işi başlanmış, İddiaçı2 zərərçəkmiş şəxs kimi tanınmışdır. Lakin sonra iş mülki xarakterli mübahisə olduğuna görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, iddiaçılara məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ona görə də iddiaçılar keçən müddət ərzində Sabunçu RPİ-nin İŞ-də istintaqı gedən işin nəticəsini gözləmişlər. Bu səbəb və əsaslara görə tələb üzrə iddia müddəti ötürülməmişdir. Cavabdehlər pulu iddiaçılardan həm də o məqsədlə almışlar ki, guya X6 azadlığa çıxdıqdan sonra onun atası – X12 rayonu, NZS qəsəbəsində yerləşən 2 (iki) mərtəbəli evini satıb iddiaçıların adına sənədləşdirməklə Bakı şəhəri ərazisində 3 (üç) otaqlı mənzil alacaqlar. İddiaçılarla cavabdehlər arasında həmin tarixdə borc müqaviləsi bağlanmamış və notarial qaydada təsdiq edilməmişdir. Çünki pul borca verilməmişdir. Cavabdehlər aldıqları 14.000 (on dörd min) manat pulu xx.xx.2023-cü il tarixinədək geri qaytarmalı və ya 3 (üç) otaqlı mənzili iddiaçıların adına sənədləşdirməyi söz vermişdilər. Lakin cavabdehlər təkrar iddiaçıları aldatmış, pulu qaytarmamışlar. Cavabdehlər 2015-ci ildən hazırki vaxtadək dəfələrlə pulu qaytaracaqlarına söz versələr də, pulu qaytarmamış, sözlərinin üstündə durmamış və hər dəfə yeni tarixlər göstərmiş, sonda isə pulu qaytarmaqdan imtina etmişlər. Cavabdehlər pulu əmlakla əvəzləşdirmək və ya evini satıb pulunu iddiaçılara verəcəkləri barədə vədlər verdiklərinə görə iddiaçılar dəfələrlə Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi 31 ünvanına ev makleri aparmış, pulun əvəzinə onlara 2 (iki) evin 2 (iki) otağı təklif edilmişdir. Lakin alıcı evə baxdıqdan sonra müxtəlif yollarla qiymətini qaldırmış, alqı-satqını pozmuş və nəticədə iddiaçılar anlamışlar ki, bu, dələduzluq fəndidir və cavabdehlər vaxt udmağa çalışırlar. Cavabdehlər məcbur qalıb iddiaçıları bir neçə ay həmin evdə saxlamış və kirayə haqqını almamışlar. Dəfələrlə cavabdehlərin yaşadığı ünvana getmiş, lakin onlar hər dəfə yuxarıda qeyd edildiyi kimi pulu qaytaracağı ilə bağlı yeni tarixlər müəyyən etsələr də, sonda pulu qaytarmaqdan imtina etmiş, “get hara şikayət edirsən et” demişlər. Ona görə də iddiaçılar məhkəməyə müraciət etməli olmuşlar. İddiaçılar evdən çıxarıldıqdan sonra məlum olmuşdur ki, cavabdehlər tərəfindən Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi 31 ünvanında yerləşən evin 1 (bir) otağı 15.000 (on beş min) manata satılmış, hazırda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbsdə olan X7 xərclənmiş, beləliklə cavabdehlər iddiaçıları təkrar aldatmışlar. Hazırda qeyd edilən evin 1 (bir) otağı başqasına məxsusdur. Bundan başqa cavabdehlərin cinayət və qanunsuz əməlləri nəticəsində iddiaçıların yaşadıqları ev dəyər-dəyməzinə satıldığına görə sonuncular 2015-ci ildən kirayədə qalır və hər ay 300 manat kirayə haqqı ödəyirlər. Hazırda bank faizinin uçot dərəcəsi 14% olduğundan məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mərkəzi Bakının müəyyənləşdirdiyi bank faizinin uçot dərəcəsini ümumi məbləğə əlavə etməlidir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərin əməllərinə müvafiq hüquqi qiymət verilərək onlar barəsində xüsusi qərardad qəbul edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, cavabdehlərlə arasında borc münasibəti olmamışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X5 iddianı qəbul etməyib, Cavabdeh1 hazırki iddia tələbi ilə heç bir əlaqəsi olmadığını bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edib bildirdi ki, bacısı İddiaçı2 onun və kürəkəninin köməkliyi ilə evini 14.000 manata satdıqdan sonra 1000 manat sənədləşmə üçün xərclənmiş, 1000 manat iddiaçının özünə verilmiş, qalan 12.000 manat pul isə tutulan qardaşı oğlunun xərclərini qarşılamaq məqsədilə ona borc verilmiş, lakin o, borcunu qaytara bilməmiş, əvəzində bacısının satılan evini alıb qaytarmaq istəsə də, buna da nail ola bilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, şahid ifafəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, İddiaçı2 və Cavabdeh2 onun bacılarıdır. X16 cinayət hadisəsi törətdiyindən tutulmuşdu. Bu vaxt Cavabdeh2 kürəkəni, özünü “MTN”-in əməkdaşı kimi təqdim edən Cavabdeh1 rəisinin 30.000 manat müqabilində onun X16i içəridən çıxardığını bildirdikdən sonra o, evini satışa çıxarmışdır. Sonra isə Cavabdeh1 ona evinin plana düşdüyündən yüksək qiymətə satılacağını, bu səbəbdən bacısı İddiaçı2 evinin pulunu bu işə verməyi və onun evi plana düşüb satılanda Ofelyanın pulunu verməsini bildirmişdir. O da Cavabdeh1 bu təklifi ilə razılaşmış və İddiaçı2 evini satıb Cavabdeh1 və Cavabdeh2 vermişdir ki, Arzuman Quliyevi içəridən çıxarsınlar. Amma Cavabdeh1 onun oğlunu içəridən çıxara bilməmiş, eləcə də İddiaçı2 pulunu qaytarmamışdır. Mülki işin materiallarında olan: Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X10 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 yanvar 2020-ci il, 20 fevral 2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki: - İddiaçı2 izahatında bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sovxoz Ramana deyilən ərazidə yerləşən 3 otaqdan ibarət evini satması ilə əlaqədar bacısı Cavabdeh2 və onun kürəkəni Cavabdeh1 müştəri ilə birlikdə onlara gəlmiş, evi alan şəxs 14000 manat pulu stolun üstünə qoyaraq evdən çıxmalarına 1 ay möhlət vermişdir. Həmin pulu birinci Cavabdeh1, sonra Cavabdeh2 sayaraq pulun 14000 manat olduğunu bildirmiş, müştəri getdikdən sonra Fəxri pulu Sofiyanın götürməsini və maşında ona verməsini bildirmişdir. Həmin pulun 1000 manat hissəsi sənədləşmə işlərinin həll olunması üçün evin ilkin torpaq sahibinə verilmiş, Sofiya tərəfindən ona gündəlik xərcləmək üçün 400 manat və oğlu Elçinin Fəxri ilə birlikdə çayxana işlətmələri üçün 600 manat vermiş, pulun yerdə qalan 12000 manat hissəsini isə Fəxrinin həbsdə olan qardaşı oğlu Arazın işinə görə vermiş olduğu kaytenirin pulunu ödəməsini bildirmişdir. Lakin nə Araz həbsdən çıxmamış, nə də verilən 12000 manat pul ona qaytarılmamışdır; - İddiaçı1 və X8 İddiaçı2 ilə eyni məzmunlu izahatlar vermişlər; - Cavabdeh2 izahatında bildirmişdir ki, qardaşı oğlunun tutulması ilə əlaqədar sələmə pul götürmüş, borcu qaytarmaq üçün isə bacısı İddiaçı2 evini satmaqla bağlı razılığa gəldikdən sonra evi 14.000 manata satmış, həmin puldan 1.000 manatını Ofelya götürmüş, 1.000 manat pul evin sənədləşməsinə xərclənmiş, yerdə qalan 12.000 manat pul isə onun sələmə götürdüyü borcun qaytarılmasına sərf olunmuşdur; - Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sovxoz Ramana deyilən ərazidə yerləşən 3 otaqdan ibarət evi 14000 manata satılmışdır. Həmin vəsaitin 1000 manat hissəsi torpaq sahibinə sənədləşmə üçün, 1000 manat İddiaçı2 özünə verilmiş, 12000 manat puldan isə əvvəllər onlara vermiş olduğu 5000 manat qaytarılmışdır. Yerdə qalan 7000 manat isə qaynanası Cavabdeh2 və İddiaçı2 arasında olan pul borclarının bağlanmasına və Arazın yanına gediş-gəlişə xərclənmişdir; Toplanmış materiallar üzrə xx.xx.2019-cu ildə AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmış və iş üzrə İddiaçı2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin Sabunçu rayon prokurorunun müavini tərəfindən həmin qərarlar ləğv edilməklə materiallar əlavə araşdırma aparılması üçün Sabunçu RPİ İŞ-yə qaytarılmış və bu qərarla tələb mülki xarakter daşıdığından İddiaçı2 mülki qaydada iddia qaldırmaq hüququ izah olunmaqla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, tam araşdırma aparılmadığından Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X10 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 20 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək, toplanmış materialın Sabunçu rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İşin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X13 tərəfindən vətəndaş İddiaçı2 şikayət ərizəsi əsasında toplanmış bütün materialların təsdiq edilmiş surətinin təqdim edilməsi Azərbaycan Respublikası Baş Prokurorluğundan, Sabunçu Rayon Prokurorluğundan və Sabunçu Rayon Polis İdarəsindən tələb edilmişdir. İddiaçı2 müraciəti əsasında Sabunçu RPİ-nin İŞ-də toplanmış material xx.xx.2023-cü ildə Sabunçu Rayon Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin materialda olan: Prokurorluğun xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cinayət işinin başlanması üçün kifayət qədər əsas olmadığından və istintaqın obyektivliyi təmin edilmədiyindən, Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X10 fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə, İddiaçı2 zərərçəkmiş şəxs qismində tanınması haqqında həmin tarixli qərarları ləğv edilərək, material əlavə araşdırma aparılması üçün RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır. Cavabdeh2 Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində xx.xx.2019-cu il tarixdə verdiyi izahatında göstərmişdir ki, bacısı Ofelyanın evinin satışından əldə edilən pul vəsaitinin 12.000 manatı ona borc kimi verilmişdir. Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Şirinovun 02 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh2 izahatında bildirmişdir ki, qardaşı oğlunun tutulması ilə əlaqədar sələmə pul götürmüş, borcu qaytarmaq üçün isə bacısı İddiaçı2 evini satmaqla bağlı razılığa gəldikdən sonra evi 14.000 manata satmış, həmin puldan 1.000 manatını Ofelya götürmüş, 1.000 manat pul evin sənədləşməsinə xərclənmiş, yerdə qalan 12.000 manat pul isə onun sələmə götürdüyü borcun qaytarılmasına sərf olunmuşdur. Prokurorluğun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X10 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmişdir. Prokurorluğun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X10 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, tərəflər yenə də eyni məzmunda izahatlar vermişlər. Təqsirləndirilən şəxs qismində cəlb etmə, material üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, İddiaçı2 mülki qaydada iddia qaldırmaq hüququ izah olunmaqla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 127 (bir yüz iyirmi yeddi) manat rüsum ödənilmişdir. Beləliklə, tərəflərin izahatları və iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh2 iddiaçı X2 məxsus 12.000 manat pulu ondan heç bir qanuni və ya müqavilə əsası olmadan almış və beləliklə, Cavabdeh2 İddiaçı2 vəsaiti hesabına 12.000 manat həddində əsassız varlanmışdır. Belə ki, Cavabdeh2 pulun bacısı tərəfindən ona borc kimi verildiyini, lakin İddiaçı2 isə pulu ona həbsdə olan qardaşı oğlunun işi ilə əlaqədar verdiyini bildirir. Tərəflərdən heç biri isə öz dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, beləliklə, İddiaçı2 məxsus 12.000 manat məbləğində pulun Cavabdeh2 verilməsinin qanuni və ya müqavilə əsası müəyyən edilməmişdir. Aidiyyəti polis idarəsindən əldə edilmiş materiallar əsasında müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçıların şikayəti əsasında tərəflər arasında olan pul mübahisəsi üzrə 4 ildən çox müddət ərzində araşdırma aparılmış, xx.xx.2019-cu ildə qəbul edilmiş cinayət işinin başlanması və zərərçəkmiş şəxs qismində tanınma barədə qərarlar həmin tarixdə ləğv edilmiş, bundan sonra mülki mübahisə olması əsası ilə dəfələrlə cinayət işinin başlanması rədd edilmiş və həmin qərarlar ətraflı araşdırma aparılmadan qəbul edildiyindən ləğv edilmiş, nəhayət, xx.xx.2023-cü il tarixli qərarla cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin materiallar araşdırılan zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda iddiaçılar 14.000 manat məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb etsələr də, işlə əlaqəli polis idarəsində izahatları alınmış şəxslər 12.000 manat məbləğində pulun məhz İddiaçı2 tərəfindən məhz Cavabdeh2 verildiyini etiraf etmişlər. Deməli, əslində İddiaçı1 bilavasitə pulu verən və Cavabdeh1 bilavasitə pulu alan şəxslər olmamışlar. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı1 qeyd olunan tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, pulun İddiaçı1 deyil, anası – digər İddiaçı2 məxsus olması və onun tərəfindən verilməsi iş üzrə tərəflərin həm polis idarəsində, həm də məhkəmənin əvvəlki iclaslarında verdikləri izahatlar əsasında müəyyən edilmişdir. Belə olan halda, İddiaçı1 ona məxsus olmayan və bilavasitə özünün vermədiyi pulu cavabdehlərdən tələb etməsi onun bu tələbə subyektiv hüququnun olmamasını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası ilə əlaqədar isə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2 12.000 manat məbləğində pul vəsaiti hesabına Cavabdeh2 əsassız varlanması halının baş verməsi işdə olan sübutlar və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardandır. İddiaçı2 qalan 2.000 manat məbləğində pul vəsaitini də Cavabdeh2 və ya 14.000 manat məbləğində pul vəsaitini, eyni zamanda, Cavabdeh1 verməsi, həmçinin, onların həmin vəsaitdən faydalanmasına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı2 iddiası qismən təmin edilməli, Cavabdeh2 12.000 (on iki min) manat məbləğində pul alınaraq İddiaçı2 ödənilməli, və iddia qalan hissədə təmin edilməməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 iddia tələbini “12.000 manat” hissədə etiraf etmişdir. Məhkəmə hesab edir ki, onun iddianı qismən etiraf etməsi qanunazidd deyildir və hər hansı şəxsin maraqlarına və ya mənafelərinə toxunmur. Məhkəmə İddiaçı1 nümayəndəsi Nümayəndə “cavabdehlərin əməllərinə müvafiq hüquqi qiymət verilərək onlar barəsində xüsusi qərardad qəbul edilməsi” məsələsinə münasibətdə qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətlərinin olması öz təsdiqini tapmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, İddiaçı2 iddiası qismən təmin edilməli, Cavabdeh2 12.000 (on iki min) manat məbləğində pul alınaraq İddiaçı2 ödənilməli, İddiaçı2 iddiası qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı2 iddiası qismən təmin edildiyindən, ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun 126 (bir yüz iyirmi altı) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı2 ödənilməli, qalan 1 (bir) manat hissəsi isə İddiaçı2 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı2 iddiası qismən təmin edilsin. Cavabdeh2 12.000 (on iki min) manat məbləğində pul alınaraq İddiaçı2 ödənilsin. İddiaçı2 iddiası qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 126 (bir yüz iyirmi altı) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı2 ödənilsin, qalan hissəsi isə İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar