Məhkəmə qərarları › İş №2(006)-463/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-463/2021

08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-463/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (bir min iki yüz) manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını və eləcə də onun hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci ilin yayında yuxarıda qeyd etdiyi ünvandakı binanın sökülüb iki ilə onlara mənzil verilməsi ilə əlaqədar ev əşyalarını satmağı qərara almışdır. Bu ərəfədə, təsadüfən, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi 122 saylı evin birinci mərtəbəsində mebel təmiri edən məhkumluğu olmuş Cavabdeh görmüşdür. Ev əşyalarını satmağı barədə məsləhət almaq istəyərkən əşyaları götürüb, satdıqca pulunu verə biləcəyini söylədi. Mənzili tezliklə təhvil verməli olduqlarından onunla razılaşmışdır. Cavabdeh iyul ayı ərzində bir neçə dəfəyə Elşən adlı sürücü və köməkçi ilə əşyalarını (televizor, yemək stolu və 8 əd. stul, 7 əd. stul (5+2), pufık 2 əd., divan-kreslo 2 dəst (2 divan,4 kreslo), jurnal stolu böyük və kiçik, iki nəfərlik taxt, ölçüləri iki nəfərlik taxt boyda olan ən qalın DSP, paltar dolabı 2 əd.,kompyuter masası,ofis kreslosu böyük və kiçik, mətbəx stolu 3 əd., televizoraltlığı 2 əd., otaq qapısı 3 əd., plastik pencərə, əlüzyuyan) icarəyə götürdüyü ünvana daşımışdır. Mənzili avqust ayında təhvil verdikdən sonra Cavabdeh işlədiyi yerə gedərkən onun və ev əşyalarının orada olmadığını, onun kimi neçə-neçə insana borclu olduğunu evin sahibəsindən, yaxınlıqda yaşayanlardan eşitmişdir. Elə o gündən keşməkeşli günlər başladı. Belə ki, hər dəfə zənglərinə müxtəlif bəhanələr gətirərək pulu bu gün, sabah verəcəyini söyləmiş, dəfələrlə pulu vermək üçün görüş təyin eləsə də, gəlməmiş, zənglərinə cavab verməmiş, artıq bütün variantlardan istifadə etdiyi üçün, sonradan onun nömrəsini bloka atmışdır. Nəhayət, 11.05.2018-ci il tarixində qohumu əsəbləşdiyini görüb öz telefonundan onun nömrəsini yığıb pulu nə vaxt verəcəyini soruşduqdan sonra, Cavabdeh ona zəng edib Qəbələdə olduğunu, gəlib pulunu verəcəyini bildirsə də, yenə dəfələrlə onu aldatdığından 17.07.2018-ci il tarixində YRPİ-nin 29-cu Polis Bölməsinə müraciət etmişdir. 20.07.2018-ci il tarixində pulu vermək istədiyini bildirsə də, bu günə qədər sözünə əməl etməmiş, yoxa çıxmış, yaxınları, anasının dediyinə görə həbs olunmuşdur. Yasamal rayon Pİ-si, 29-cu PB-nə Cavabdeh ona qarşı törətdiyi əməli əsil dələduzluq, AR CM-nin 178-ci maddəsinə əsasən özgə əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmə olduğunu dəfələrlə bildirsə də, müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aşağıdakı adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri Cavabdeh alınaraq ona verilməsini: 1 ədəd taxt (2 nəfərlik), 1 ədəd DSP, 2 ədəd divan, 4 ədəd kreslo, 2 paltar dolabı, 3 ədəd qapı, 2 ədəd ofis stul, 5 ədəd stol, 1 ədəd stol, və 8 ədəd stul, 2 ədəd pufik, 1 ədəd pəncərə, 1 ədəd televizor, 1 ədəd kompyuter şkafı, 2 ədəd jurnal stolu, 1 ədəd mətbəx stolu, 2 ədəd televizor altlığı, 1 ədəd əlüzyuyan, böyük və kiçik kreslo və 800 manat mənəvi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. "xxxx" MMC tərəfindən məhkəmə təqdim edilmiş 01.10.2021-ci il tarixli, H/01-PLS saylı rəydən görünür ki, 1 ədəd televizor, dəst yemək stolu və 8 ədəd stul, 7 ədəd stul, 2 ədəd pufik, iki divan 4 kreslo, 2 ədəd böyük və kiçik jurnal stolu, 1 ədəd ikinəfərlik taxt, 1 ədəd DSP, 2 ədəd paltar dolabı, 1 ədəd kompüter masası, 2 ədəd ofis kreslosu, 3 dəst mətbəxt stolu, 2 ədəd televizor altlığı, 3 ədəd otaq qpısı, 1 ədəd plastik pəncərə, 1 ədəd əlüzyuyanını qiyməti cəmi 1265 manat qiymətləndirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, o, iddiaçının qızıdır. Onların mənzili söküldüyünə görə əşyaların bir qismini satmış, bir qismini isə hədiyyə vermişlər. Cavabdeh onların evinə gələrək, əşyaları pul qazanmaq məqsədilə götürmək istədiyini bildirmişdir. Əşyaları götürsə də, verdiyi sözə əməl etməmiş, hər dəfə gəlib müxtəlif vədlər veməklə anası olan iddiaçını aldatmışdır. Bir dəfə təsadüfən əşya lazım olduğuna görə dükana gedəndə orada öz əşyalarını görmüş və üzərinə müxtəlif qiymətlər var idi. Ümümiyyətlə, cavabdeh 2000 manat ödəməli idi. Həmin məbləğdən heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında iddiaçının qonşusu olduğunu, Cavabdeh iddiaçının evinə gəldiyini, mebellərin onun tərəfindən evdən çıxarılmasını gördüyünü bildirmişdir. Əşyaların nədən ibarət olduğunu həmin vaxt onlar da evdən köçdükləri üçün dəqiq yadında olmadığını qeyd etmişdir. İşin məhkəmə tərəfindən araşdırılmış halları ondan ibarətdir ki, cavabdeh əşyaları daha sonra satmaq məqsədilə almış, lakin aralarında olan danışıqlara əməl etmədən nə əşyaları, nə də ki əşyaların satıldığı halda müqabilində qazandığı pulu iddiaçıya qaytarmışdır. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Baxılan mülki işdə iddiaçının tələb etdiyi əşyaların mülkiyyətçisi olması işin mübahisələndirilməyən halıdır. Hazırda məhkəmə araşdırması predmeti olan hallar cavabdeh tərəfindən həmin əşyaların iddiaçıdan götürülməsi, yəni bu əşyaları üzərində iddiaçının faktiki sahiblikdən məhrum olmasının cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olub-olmaması məsələsi təşkil edir. İş materiallarında şahid ifadələrinin mübahisəli əşyaların cavabdeh tərəfindən alınıb qaytarılmamasını təsdiq edən yeganə sübut olmasına baxmayaraq məhkəmə, cavabdehin iclasın vaxtı barədə SMS və poçt göndərişi (məktub) vasitəsilə lazımi qaydada məlumatlandırıldığını lakin, işin baxılmasında iştirak etmədiyini, həmçinin iddiaçının istinad etdiyi dəlilləri təkzib edən heç bir sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, dəyəri 70 manat olan 1 ədəd taxt (2 nəfərlik), dəyəri 15 manat olan 1 ədəd DSP, dəyəri cəmi 350 manat olan 2 ədəd divan və 4 ədəd kreslo, dəyəri 160 manat olan 2 ədəd paltar dolabı, dəyəri cəmi 150 manat olan 3 ədəd qapı, dəyəri cəmi 30 manat olan 2 ədəd stul, dəyəri cəmi 50 manat olan 5 ədəd stul, dəyəri cəmi 100 manat olan 1 ədəd stol və 8 ədəd stul, dəyəri cəmi 30 manat olan 2 ədəd pufik, dəyəri 200 manat olan 1 ədəd televizor, dəyəri 25 manat olan 1 ədəd kompyuter şkafı, dəyəri cəmi 25 manat olan 2 ədəd jurnal stolu, dəyəri 60 manat olan 1 ədəd mətbəx stolu, dəyəri cəmi 30 manat olan 2 ədəd televizor altlığı, dəyəri cəmi 50 manat olan böyük və kiçik ofis kreslosu cavabdehdən alınıb iddiaçıya verilməli, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, onların qeyd edilən dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 222.1-ci maddələrinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əşyaların dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır. Həmçinin əşyaların dəyəri ilə bağlı qeyd edilməlidir ki, "xxxx" MMC-nin 01.10.2021-ci il tarixli H/01- PLs nömrəli mütəxəssis rəyində öz əksini tapan məbləğlər hazırki bazar qiymətləri nəzərə alınmaqla məntiqli və ağlabatandır. Lakin məhkəmə eyni zamanda mütəxəssis rəyində 2 ədəd paltar dolabının qiyməti kimi müəyyən edilmiş məbləğ (20 manat) ilə razılaşmayaraq qeyd etməyi zəruri sayır ki, paltar dolablarının və rəy ilə müəyyən edilməmiş 2 ədəd stulun iddia ərizəsində qeyd edilən qiyməti hazırki bazar qiymətlərinə daha uyğundur. Məhkəmə iddianı “əlüzyuyan və pəncərənin qaytarılması” hissəsində təmin etməyərək qeyd etməyi zəruri sayır ki, iddiaçı sözü gedən əşyaların mövcud olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının mənəvi ziyana görə 800 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə, iddiaçının özünə məxsus əşyalardan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olması ilə əlaqədar ona dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təqdim olunmuş sənədlər əsasında iddiaçının 30 manat məbləğində dövlət rüsumu ödədiyi müəyyən olunmuşdur. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 27 manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Aşağıdakı adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri, Cavabdeh alınaraq İddiaçı verilsin: dəyəri 70 manat olan 1 ədəd taxt (2 nəfərlik), dəyəri 15 manat olan 1 ədəd DSP, dəyəri cəmi 350 manat olan 2 ədəd divan və 4 ədəd kreslo, dəyəri 160 manat olan 2 ədəd paltar dolabı, dəyəri cəmi 150 manat olan 3 ədəd qapı, dəyəri cəmi 30 manat olan 2 ədəd stul, dəyəri cəmi 50 manat olan 5 ədəd stul, dəyəri cəmi 100 manat olan 1 ədəd stol və 8 ədəd stul, dəyəri cəmi 30 manat olan 2 ədəd pufik, dəyəri 200 manat olan 1 ədəd televizor, dəyəri 25 manat olan 1 ədəd kompyuter şkafı, dəyəri cəmi 25 manat olan 2 ədəd jurnal stolu, dəyəri 60 manat olan 1 ədəd mətbəx stolu, dəyəri cəmi 30 manat olan 2 ədəd televizor altlığı, dəyəri cəmi 50 manat olan böyük və kiçik ofis kreslosu. Mənəvi zərərə görə 200 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat 27 manatı, 227 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar