Məhkəmə qərarları › İş №2(006)-4639/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4639/2021

28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4639/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Azərsığorta) və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyana görə 4.078 manat, mənəvi ziyana görə isə 5.000 manat olmaqla, cəmi 9.078 manat məbləğində pulun 300 manat hissəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və 8.778 manat hissəsinin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «Hyundai Accent» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. 11.03.2021-ci il tarixdə 19:30 radələrində Bakı şəhəri Z.Yusifzadə küçəsində Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi, X1 mülkiyyətində olan «BMW 318» markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozmuş və nəticədə mülkiyyətində olan və onun tərəfindən idarə olunan «Hyundai Accent» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, zərbənin təsirindən idarə etdiyi avtomobil də yolda hərəkətdə olan «X10» markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin avtomobilə xeyli maddi ziyan dəymişdir. «BMW 318» markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir və o, həmin avtomobilə dair Cavabdeh2 adına etibarnamə ilə avtomobili idarə etmək səlahiyyəti vermişdir. Cavabdeh2 yol-nəqliyyat hadisəsinin səbəbkarı kimi tanınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Səbail rayon DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı X3 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 18.03.2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında həmin tarixli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 01.04.2021-ci il tarixli İCR-3108 saylı aktına əsasən onun mülkiyyətində olan avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 6.778 manat müəyyən edilmiş, həmin zərərdən icbari sığorta ödənişi olaraq 4.700 manat Azərsığorta tərəfindən ona ödənilmişdir. Lakin çoxsaylı müraciətlərə baxmayaraq, cavabdehlər bu günədək vurulmuş ziyanın qalan hissəsini, yəni 2.078 manat (6.778- 4.700=2.078) məbləğində pulu ödəməmişlər. Avtomobilə dəymiş maddi zərərdən başqa, o və qəza zamanı maşında olan azyaşlı övladı baş vermiş hadisə ilə bağlı güclü sarsıntı və əsəb keçirmişlər və bu onun sağlamlığına çox ciddi təsir etmişdir. Vurulmuş mənəvi zərərin əvəzi 5.000 manat olaraq qiymətləndirilir, çünki çox gərgin mənəvi və psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur və bu da öz işini müntəzəm şəkildə həyata keçirməsinə mane olmuşdur. Avtomobilin təmirdə olduğu müddət ərzində şəxsi nəqliyyat vasitəsindən məhrum qalmış, həm gündəlik işinə, həmçinin övladını məktəbə aparıbgətirilməsinə və digər ailəvi məsələlərlə bağlı getməli olduğu hər yerə taksi ilə getmək məcburiyyətində qalmışdır. Avtomobilinin təmiri cavabdehlər tərəfindən ödəniş aparılmadığına görə tamamlanmamış və qeyd olunan xərcləri indiyədək gündəlik çəkmək məcburiyyətindədir. Cavabdehlərin ödənişləri gecikdirməsi ilə bağlı çəkməli olduğu əlavə xərclərin dəyəri 2.000 manat təşkil edir. Cavabdeh2 delikt normaları çərçivəsində mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, onun hərəkəti mülki hüquq pozuntusudur (deliktdir). Çünki Cavabdeh2 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozması, dolayısı ilə hüquqa zidd əməl törətməsi inzibati xəta haqqında 18 mart 2021-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş qərarla təsdiqlənmişdir. Sığortalı Cavabdeh2 törətdiyi inzibati xəta ilə ona vurulmuş zərər arasında səbəbli əlaqə mövcuddur. Eyni zamanda, Cavabdeh2 sığortaçısı olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin icbari sığorta əsasında ödəniş etmək öhdəliyi vardır. Lakin, həm sığorta şirkəti ödənişi tam həcmdə aparmamış, həm də digər cavabdeh sığorta ödənişi ilə əhatə olunmayan zərərin digər hissəsinin qarşılanması ilə bağlı heç bir ödəniş aparmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 məhkəmə iclasında iddianı DSKŞ-yə aid hissədə qəbul etmədi, iddiaya etiraz təqdim edərək bildirdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 300 manat pul məbləğinin tutulması ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddianı qəbul etmir və hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, 11.03.2021-ci il tarixdə Bakı şəhəri ərazisində Cavabdeh2 tərəfindən idarə olunan «BMW 318» markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi «Hyundai Accent» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobil və yolda hərəkətdə olan «X10» markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş və nəticədə sonunculara maddi zərər dəymişdir. Avtomobillərə dəymiş zərər Şirkət tərəfindən «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən mütənasib qaydada müəyyənləşdirilmiş 19.05.2021-ci il tarixdə «X10» markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X5 238 manat 83 qəpik və İddiaçı bank hesabına 4.761 manat 17 qəpik ödənilmişdir. Avtomobilə dəymiş zərər qanunvericiliyə əsasən («İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 16.2) aparılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq şirkətə aid hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul elədiyini lakin hazırda vurulmuş zərərin ödənilməsi üçün maddi imkanının olmadığını bildirmişdir Məhkəmə, iddiaçının, cavabdehin və cavabdeh DSKŞ-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cavabdeh2 arasında 07.11.2020-ci il tarixdə PDS ********** saylı sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinə əsasən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən «BMW 318» markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh2 11.03.2021-ci il tarixdə saat 19.30-da idarə etdiyi «BMW 318» markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Ziya Yusifzadə küçəsində hərəkətdə olarkən, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, İddiaçı idarə etdiyi «Hyundai Accent» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil digər bir nəqliyyat vasitəsinə dəymiş, İddiaçı idarə etdiyi avtomobilə, həmçinin digər avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh2 barəsində 18.03.2021-ci il tarixdə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, eyni tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsində məhz Cavabdeh2 təqsirli olması təsbit edilmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən ona vurulmuş maddi ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti dəymiş ziyan məbləğindən 4.700 manatı iddiaçıya ödəmişdir. Sığorta şirkəti tərəfindən digər zərər dəymiş avtomobilə görə də ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş 01 aprel 2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, «Hyundai Accent» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün 6.778 manat pul vəsaiti tələb olunur. Həmin məbləğdən 5.478 manatı ehtiyat hissələrinin alınması, 1.300 manatı isə rəngsaz, dəmirçi, elektrik, plastmas, armaturçu, çilingər işlərinin görülməsi üçündür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. İşin faktiki hallarından görünür ki, iddiaçıya vurulmuş real maddi ziyan 6778 manat təşkil edir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. - 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. - 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. -58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın qalan hissəsi zərəri birbaşa vuran şəxs olan digər Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməmişdir. İş materiallarında dəymiş zərərin ödənilməsinə dair akta əsasən ehtiyat hissələri və işçilik haqlarının cəmi 6778 manat təşkil edir. Bu məbləğdən Sığorta Şirkəti tərəfindən ödənilmiş hissə çıxıldıqda 2016 manat 83 qəpik ödənilməmiş zərər qalır (6778- 4761.17=2016.83). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə hesab edir ki, vurulmuş zərərin qalıq hissəsi 2016 manat 83 qəpik manat yüksək təhlükə mənbəyi olan avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 vurulmuş maddi ziyana görə 2016 manat 83 qəpik manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçıya ödənilməli qalıq maddi ziyan 2016 manat 83 qəpik manat təşkil edir. İddia mənəvi ziyanın ödənilməsinə dair hissədə də rədd edilməlidir. Çünki iddiaçı ona 5.000 manat real zərərin vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyana görə 2016 manat 83 qəpik və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar