Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-464/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş maddi ziyana görə 6.150 manat, taksi xidmətindən istifadə üçün 200 manat, hüquqi yardıma görə 200 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 6.580 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 31 avqust 2021-ci il tarixdə 14:20 radələrində Bakı şəhəri İzmir küçəsi ilə Bakıxanov küçəsi kəsişməsində mülkiyyətində olan “Toyoto Corolla" markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə ilə atası X3 idarə edib hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Opel Monterey” markalı, **- OL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mülkiyyətində olan avtomobillə toqquşmuşdur. Hadisə zamanı mülkiyyətində olan “Toyoto Corolla” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 6.150 manat maddi ziyan dəymişdir. Bu hadisədən uzun müddət keçməsinə baxmayaraq, bugünədək avtomobilinə dəymiş maddi ziyanla bağlı Cavabdeh tərəfindən dəymiş maddi ziyan ödənilməmişdir. 2013-cü il buraxılışlı, "Toyoto Corolla” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməyə atası X1 etibarnamə əsasında icazə vermişdir. Hadisə vaxtı o, atası ilə birlikdə avtomobildə olmuşdur. Hadisə nəticəsində “Opel Monterey" markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Cavabdeh Bakı şəhəri X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələri ilə təqsirli bilinərək inzibati cərimə olunmuşdur. Tərəfindən sığortaçıya baş vermiş hadisə ilə bağlı bütun sənədlər təqdim edilmişdir. Avtomobilinə dəymiş ziyanla əlaqədar mütəxəssislər tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın məbləği 6.150 manat təşkil etmişdir. O, cavabdehin təqsirindən avtomobilindən istifadə edə bilmədyindən, 30 gündən artıqdır ki, 200 manatdan artıq miqdarda taksi xidmətindən istifadə edir. Onun qanunvericiliklə qorunan hüquqları pozulduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh avtomobilinə dəymiş ziyanın əvəzi olaraq 6.150 manat pul onun xeyrinə ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh «Opel Monterey» markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, protokolda qeyd olunan tarixdə, yerdə və şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi törətmiş və digər avtomobilə ziyan vurmuşdur. O, Azərbaycan Respublikası İXM-in 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, müvafiq məbləğdə cərimə edilmişdir. Fizki şəxs X2 (VÖEN **********) tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli nöqsan aktından görünür ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus olan «Toyota Corolla» markalı ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün görüləcək işlərə və ehtiyat hissələrinin alınmasına cəmi 6.150 manat vəsait tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2022-ci il tarixli 9/9362 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, fiziki şəxs X2 tərəfindən tərtib edilmiş 24.11.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı, «Toyota Corolla» markalı ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 5.136 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Göründüyü kimi, məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən İddiaçı avtomobilin təmiri üçün xərc qismində 5.136 manat maddi ziyan vurulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə dəymiş ziyana görə 5.136 manat və məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı taksi xidmətindən istifadə etməsi ilə əlaqədar sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə habelə iddia tələbinin “hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat ödənilməsi” hissəsinə dair qeyd etməyi zəruri sayır ki, iddiaçı hazırki iddia ərizəsi ilə hüquqi yardımdan istifadə etmədən də məhkəməyə müraciət edə bilərdi, yəni cavabdeh iddiaçı tərəfindən öz istəyinə görə ona göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat ödəməyə borclu deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avtomobilə dəymiş ziyana görə 5.136 manat və məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-464/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-464/2022
05.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver