Məhkəmə qərarları › İş №2(006)-464/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-464/2024

23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-464/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisinə və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı ("xxxx" MMC 3-cü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisinə və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı ("xxxx" MMC 3-cü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-12648 nömrəli və Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-20438 nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası 23 yanvar 2024-cü il tarixə, saat 16:15-ə təyin olunmuş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. İddiaçının vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının başqa tarixə təxirə salınması xahiş edilmişdir. Lakin məhkəmə qeyd edir ki, göründüyü kimi, mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Daxil olduğu vaxtdan etibarən bir neçə məhkəmə hazırlıq iclasları keçirilsə də, bu iclaslar iddiaçı tərəfin iştirakı olmadan keçirilmişdir. Buna səbəb iddiaçı tərəfin öncədən də ərizə təqdim etməklə, məhkəmə iclaslarının təxirə salınmasını xahiş etməsi ilə bağlı olmuşdur. Lakin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 4 aylıq işlərə baxılma müddəti artıq başa çatmışdır və işdə olan və işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar isə aradan qaldırılmamışdır. Göstərilən hallar isə hazırki mübahisəyə prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasını qeyri-mümkün etmişdir. Eyni zamanda, cavabdeh tərəf də (onların nümayəndələri) məhkəmə hazırlıq iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ciiltarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən edildiyi kimi, iddiaçı bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələb irəli sürməklə, məhkəməyə müraciət etmişdir. Belə ki, iddia tələblərindən ilki Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-12648 nömrəli icra qeydinin, digəri isə Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-20438 nömrəli icra qeydinin qanuniliyinin mübahisələndirilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə bir-birindən fərqlənən tələblərin bir icraatda birləşdirilməsi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməz olduğundan, iddia ərizəsi baxılmamış saxlanılmaqla, iddiaçıya hər bir cavabdehə qarşı ayrı-ayrılıqda iddia tələbi irəli sürməklə, məhkəməyə ümumi qaydada yenidən müraciət etmək hüququnun olması izah edilməlidir. Habelə, İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaiti ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisinə və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı ("xxxx" MMC 3-cü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaiti ona geri qaytarılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar