Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4645/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzi olaraq 19.178,36 manat pul vəsaitinin və 148 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin (hazırkı adı İddiaçı ASC) cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilərək, Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, iddiaçının hesabından tutulmuş 3.500 manat məbləğində icra ödənişi və 50.021 manat olmaqla, cəmi 53521 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə (hazırkı adı İddiaçı ASC) qaytarılması vəzifəsinin Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(103)-5957/2019 nömrəli qətnaməsi ilə Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)- 1223/2019 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(102)-8023/2019 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(103)-5957/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 26 fevral 2020-ci il tarixdə icra vərəqəsi verilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı Nəsimi rayon İcra və Probasiya şöbəsinə və digər orqanlara dəfələrlə müraciət olunmasına baxmayaraq, Nəsimi rayon İcra şöbəsi tərəfindən icra sənədinin icrası təmin olunmamışdır. Nəsimi rayon İcra və Probasiya şöbəsi qanunsuz və əsassız olaraq icra sənədinin icrasından boyun qaçıraraq, banka ödəməli olduğu 53.521 manat pul məbləği barədə qərarı icra etməməklə və həmin vəsaiti özündə saxlamaqla İddiaçı ASC-yə 19.178,36 manat məbləğində zərər vurmuşdur. Belə ki, Yelo Bank” ASC-də AZN valyutasında saxlanılan pul vəsaitlərinə (əmanətlərə) illik 10% olmaqla əmanət faizi hesablanır. Vurulmuş zərərin ödənilməsi ilə bağlı 10 avqust 2023-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinə KBD-6601 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında iddaçı İddiaçı ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-8023/2019 nömrəli qərarından görünür ki: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilərək, Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, iddiaçının hesabından tutulmuş 3.500 manat məbləğində icra ödənişi və 50.021 manat olmaqla, cəmi 53521 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə qaytarılması vəzifəsinin Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması; - Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(103)-5957/2019 nömrəli qətnaməsi ilə isə cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş; - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-8023/2019 nömrəli qərarı ilə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" Tovuz Baltiya MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(103)-5957/2019 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. “Əmanətlər” adlanan vərəqədə qeyd edilmişdir ki, manat valyutasında 12 aylıq əmanət üzrə müddətin sonunda 10 % ödənilir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" İKB ASC xx.xx.2019-cu il tarixdən İddiaçı ASC kimi qeydə alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 saylı icra vərəqəsindən görünür ki, məhkəmə aktı xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış, icra sənədi xx.xx.2020-ci il tarixdə verilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixdə imzalanmışdır. İddiaçı ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)- 1223/2019 saylı icra vərəqəsinin icra olunmasından ötrü görülmüş icra tədbirləri barədə tələbkara məlumat verilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 148 (bir yüz qırx səkkiz) manat rüsum ödənilmişdir. İddiaçı ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Nəsimi rayon İcra şöbəsi 3 gün müddətində 19.178,36 manat məbləğində pul vəsaitini könüllü şəkildə ödəmədiyi təqdirdə pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı ASC tərəfindən xəbərdar edilmişdir. Nəsimi rayon İcra şöbəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 saylı icra sənədi üzrə İddiaçı ASC-yə ödənilməli olan 53521 (əlli üç min beş yüz iyirmi bir) manat məbləğində pul vəsaiti Nəsimi rayon İcra şöbəsinin depozit hesabında mövcud deyil, 50020 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan Naiqin Ko "xxxx" MMC-nin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli iddia ərizəsindən görünür ki, Nəsimi rayon İcra şöbəsi "xxxx" MMC-yə qarşı 50020 manat məbləğində pul vəsaitinin qaytarılması barədə iddia tələbi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. SMS bildirişdən görünür ki, Nəsimi rayon İcra şöbəsi (cavabdeh: "xxxx" MMC) 2(062)- 3111/2023 saylı iş üzrə xx.xx.2023-cü ildə iddiaçı qismində məhkəmə iclasına dəvət olunmuşdur. İcra işinin materiallarında olan: 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən çıxarışdan görünür ki, "xxxx" İKB-dən ******* manatın alınaraq Naigin-Ko "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Nəsimi rayon İcra şöbəsi tərəfindən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, icra sənədinin icra istiqaməti barədə göstəriş verilməsi xahiş olunmuşdur. İddiaçı ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)- 1223/2019 saylı icra vərəqəsinin icra olunmasından ötrü görülmüş icra tədbirləri barədə tələbkara məlumat verilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-44/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Nəsimi rayon İcra şöbəsinin qətnaməyə izah verilməsinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-114/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-44/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunmuş, ərizəyə yenidən baxılması üçün iş məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-44/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 saylı icra vərəqəsinə izah verilməsinə dair ərizə təmin edilməmişdir. Nəsimi rayon İcra şöbəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, qətnaməyə izah verilməsi təmin edilməmiş, əsas kimi səbəb qeyd olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsi tərəfindən Naiqin K0 "xxxx" MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli icra sənədi üzrə borclu kimi tanınmışdır. Nəsimi rayon İcra şöbəsi tərəfindən banklara ünvanlanmış məktublardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli icra sənədi üzrə tərtib edilmiş inkasso sərəncamı icra olunması üçün göndərilmişdir. xx.xx.2023-cü il tarixli inkasso sərəncamlarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli icra sənədi üzrə borcun ödənilməsi və icra ödənişi təyinatları ilə Naiqin K "xxxx" MMC-nin hesablarına dair inkasso sərəncamları verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-124/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli icra sənədi üzrə "xxxx" MMC-nin borclu kimi tanınması haqqında Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-976/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Nəsimi rayon İcra şöbəsinin cavabdeh Naiqin-K "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra şöbəsinin borclu olduğu icra sənədinin onun özü tərəfindən icra edilməsi obyektivliyə və qərəzsizliyə xələl gətirə biləcəyindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1223/2019 nömrəli icra vərəqəsi Nəsimi rayon İcra şöbəsinin icraatından alınaraq inzibati ərazi bölgüsü üzrə yaxın Səbail rayon icra şöbəsinin icraatına verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1223/2019 nömrəli icra sənədi icra olunması üçün Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Səbail rayon İcra şöbəsi tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icra sənədi icra edilməsi üçün göndərilmiş, icrasını təmin edib nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. Səbail rayon İcra şöbəsi tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icra sənədi üzrə borc məbləğinin tələbkarın hesabına ödənilməsini təmin edərək, nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmə işləri barədə elektron məlumatdan görünür ki, xx.xx.2023-cü ildə Ali Məhkəməyə daxil olan iddiaçı "xxxx" İKB ASC-nin cavabdeh Nəsimi rayon İcra şöbəsinə qarşı 2(102)-3688/2023 nömrəli iş üzrə yekun aktın nəticəsi “qərardad dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilmədi” məzmunundadır. Nəsimi rayon İcra şöbəsi tərəfindən Səbail rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, həmin məbləğ icra şöbəsinin depozit hesabında mövcud deyil, 50020 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan Naiqin Ko "xxxx" MMC-nin hesabına ödənilmişdir. Nəsimi rayon İcra şöbəsi tərəfindən Səbail rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, icra şöbəsinin depozit hesabında olan pul vəsaitlərinin hər biri təyinatlı məbləğdir və depozit hesabdan bankın tələbinin təmin edilməsi qeyri-mümkündür. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli qətnaməsi ilə 3.500 manat məbləğində icra ödənişi və 50.021 manat olmaqla, cəmi 53521 manat pul vəsaitinin Nəsimi rayon İcra və Probasiya şöbəsindən tutularaq "xxxx" ASC-yə qaytarılması qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Məhkəmə icraatı zamanı, yəni xx.xx.2019-cu il tarixdə "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli qətnaməsi üzrə xx.xx.2020-ci ildə verilmiş icra vərəqəsi xx.xx.2020-ci il tarixdə imzalanmışdır. İcra vərəqəsi Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş və xx.xx.2020-ci ildə qəbul edilmiş qərarla icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2020-ci ildə icra şöbəsi tərəfindən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə məktub ünvanlanaraq icra sənədinin icra istiqaməti barədə göstəriş verilməsi; ərizə ilə məhkəməyə müraciət olunaraq qətnaməyə izah verilməsi xahiş olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-44/2021 nömrəli, xx.xx.2021-ci il tarixli sonuncu qərardadı ilə ərizə təmin edilməmişdir. Nəsimi rayon İcra Şöbəsi uzun müddət icra sənədi üzrə tələbin təmin edilməsi istiqamətində heç bir tədbir görməmiş, hərəkətsizlik nümayiş etdirmişdir. Uzun müddətdən və tələbkarın çoxsaylı müraciətlərindən sonra, xx.xx.2023-cü il tarixdə Nəsimi rayon İcra şöbəsi tərəfindən qərar qəbul edilərək Naiqin K "xxxx" MMC icra sənədi üzrə borclu kimi tanınmış və şirkətin hesabları barəsində tərtib edilmiş inkasso sərəncamları icra olunması üçün bir sıra banklara göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. İcra şöbəsi Naiqin-K "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ədliyyə Nazirliyi İcra Baş İdarəsi xx.xx.2023-cü il tarixdə qərar qəbul edərək, icra şöbəsinin borclu olduğu icra sənədinin onun özü tərəfindən icra edilməsinin obyektivliyə və qərəzsizliyə xələl gətirə biləcəyi əsası ilə icra vərəqəsi Nəsimi rayon İcra şöbəsinin icraatından alınaraq Səbail rayon icra şöbəsinin icraatına verilmişdir. Səbail rayon İcra şöbəsi dəfələrlə məktub yazaraq, icra sənədinin icrasının təmin edilməsini Nəsimi rayon İcra şöbəsindən tələb etmiş, lakin Nəsimi rayon İcra şöbəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-5957/2019 nömrəli qətnaməsindən şikayət verməklə yanaşı, şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə həmin məhkəməyə müraciət etmiş, məhkəmənin müddətin bərpa edilməsindən imtina etmiş və kassasiya instansiyası məhkəməsi həmin qərardadı dəyişdirilmədən saxlamışdır. Bundan sonra Nəsimi rayon İcra şöbəsi İddiaçı ASC-yə və Səbail rayon İcra şöbəsinə cavab məktubları ünvanlayaraq, icra sənədində göstərilən məbləğin icra şöbəsinin depozit hesabında mövcud olmadığını, icra şöbəsinin depozit hesabında olan pul vəsaitlərinin hər biri təyinatlı məbləğ olmasını, həmin məbləğin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan Naiqin Ko "xxxx" MMC-nin hesabına ödənildiyini, depozit hesabdan bankın tələbinin təmin edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Nəsimi rayon İcra şöbəsi bir daha xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə qarşı 50020 manat məbləğində pul vəsaitinin qaytarılması barədə iddia tələbi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2023-cü ildə iddiaçı qismində məhkəmə iclasına dəvət olunmasına dair SMS bildirişi məhkəməyə təqdim etmişdir. Hazırda İddiaçı ASC manat valyutasında 12 aylıq əmanət üzrə müddətin sonunda 10 % ödənilməsinə dair bankın sənədinə istinad edərək, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən məbləğə həmin faizə müvafiq olaraq hesabladığı zərərin və hazırkı iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən tutulmasını; cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi isə depozit hesabda olan pul vəsaitlərinin hər birinin təyinatlı məbləğ olmasını, icra sənədində göstərilən məbləğin depozit hesabda olmadığını, belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı iddiaçının hesabından tutularaq Naiqin K "xxxx" MMC-nin hesabına səhvən ödənildiyini, bu səbəbdən hazırda həmin cəmiyyətə qarşı əsassız varlanma qaydalarına uyğun olaraq pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında xx.xx.2020-ci il tarixdə imzalanmış icra sənədi üzrə borclunun – hazırki iş üzrə cavabdehin 3 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin icra sənədi üzrə tələbi təmin etməməsi, belə ki, uzun müddət icra sənədi üzrə hərəkətsizlik nümayiş etdirməsi, etdiyi hərəkətlərin və qəbul etdiyi qərarların isə qanunamüvafiq olmaması və əsassız məhkəmə çəkişmələrinə yol açması (nəticəsi aydın yazılmış qətnaməyə izah verilməsinə dair məhkəməyə müraciət edilməsi, 3 ildən sonra səlahiyyəti olmadan başqa şirkəti icra sənədi boclu qismində tanıması, lakin həmin qərarın məhkəmə qaydasında ləğv edilməsi, yenə də 3 ildən sonra kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatətin verilməsi və s.), məhz 3 ildən sonra icra sənədi üzrə aidiyyətin səhv müəyyən edildiyi qənaətinə gəlinməsi aşkardır. Cavabdeh kassasiya şikayətinin 3 ildən sonra verilməsini şikayətin verilə biləcəyi müddət ərzində iş yükünün çox olması və icra məmurunun əmək məzuniyyətində olması ilə əsaslandırmışdır. Məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il tarixdə imzalanmış icra sənədi üzrə borclu olduğu məbləğin ödənilməsi cavabdeh tərəfindən gecikdirildiyindən iddiaçının gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faizlə hesablanmış pul məbləğini cavabdehdən tələb etməyə hüququ vardır. İcra vərəqəsi xx.xx.2020-ci ildə verildiyindən və iddiaçı hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə tərtib edildiyindən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc məbləğinin gecikdirildiyi 1315 gün üçün icra sənədi üzrə tələb olunan məbləğə hesablanmış 5 %, yəni 9775 manat (53521 manat x 5 % / 360 gün x 1315 gün) pul iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni tapılırsa və işin faktiki faktiki halları iddia tələbinin tapılan qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin edilir, tapılmırsa və ya faktiki hallar qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının manat valyutasında 12 aylıq əmanət üzrə müddətin sonunda 10 % ödənilməsinə dair bankın sənədinə istinad edərək tələb etdiyi bütün məbləğin cavabdehdən tutulmasının qanuni əsası olmamaqla yanaşı, göstərilən əsasla edilən tələb ehtimallara söykənir. Belə ki, iddiaçı cavabdehdən tələb etdiyi pul məbləğini həqiqətən də, depozit kimi banka qoyaraq ondan gəlir əldə edəcəyini məhkəmədə müvafiq qaydada sübuta yetirməmişdir. Halbuki, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş olduğu iddia edilən ziyan real və əldən çıxmış fayda isə ağlabatan olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 24 avqust 2023-cü il tarixədək qüvvədə olmuş 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 24 avqust 2023-cü il tarixdən etibarən qüvvəyə minən və hazırda qüvvədə olan 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 15.2-ci maddəsinə müvafiq olaraq, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən 9775 (doqquz min yeddi yüz yetmiş beş) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumunun 76 (yetmiş altı) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan 72 (yetmiş iki) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən 9775 (doqquz min yeddi yüz yetmiş beş) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 76 (yetmiş altı) manat hissəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən alınaraq İddiaçı ASC-yə ödənilsin, qalan hissəsi isə İddiaçı ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4645/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4645/2023
14.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver