Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4647/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdehlər Cavabdeh1 nümayəndəsi X1 və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X8 iştirakları ilə İddiaçılar İddiaçı və Vəkil cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "insan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 8-ci və 34-cü maddələrinin pozulduğu faktının tanınması və mənəvi zərər tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və Vəkil cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "insan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 8-ci və 34-cü maddələrinin pozulduğu faktının tanınması və mənəvi zərər tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, birinci İddiaçı Dövlət Xüsusi Mühafizə Xidmətinin (DXMX) əməkdaşı olub. DMX-nin fəaliyyətini sərt tənqid edən bir sıra məqalələrindən sonra xx xxxxxx 2012-ci ildə həbs edildi. İddiaçı keçmiş siyasi məhbusdur. X14 Elçin Əli oğlu Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarını müdafiə edən vəkildir. Fəaliyyəti ilə bağlı daim təqib və təzyiqlərlə üzləşib. xx xxx 2014-cü il tarixdə BP-nin X15 X17 İdarəsi (ACDİÜİİ) yerli QHT və beynəlxalq təşkilatlara qarşı ********* saylı cinayət işi başladı. Həmin cinayət işi Azərbaycan Respublikasında müstəqil vətəndaş cəmiyyətinin cinayət təqibi üsulu ilə ləğv edilməsinə, qərb təşkilatlarının ölkədən çıxarılmasına xidmət edirdi. Belə ki, təqiblər başlamazdan əvvəl və təqib dövründə hakimiyyətyönümlü KİV-lər yerli QHT-ləri, hüquq müdafiəçilərini Amerika agenti olmaqda, qərb təşkilatlarının dəstəyi ilə ölkədə dövlət çevrilişi etməkdə ittiham edirdi. Beynəlxalq təşkilatlar Azərbaycandakı bu durumu kəskin tənqid etdilər. X18 2015-ci il Dünya üzrə hesabatında bildirdi ki, Azərbaycan hökuməti öz tənqidçilərinə qarşı apardığı repressiyanı daha da gücləndirərək ölkədə insan hüquqları ilə bağlı acınacaqlı durumu daha da ağırlaşdırıb. “Amnesty İnternational” Beynəlxalq təşkilatı 2015/2016-cı illərdə dünyada İnsan haqlarına dair Hesabatında Azərbaycandakı hadisələri şərh edib və sivil cəmiyyət və fərqli düşüncə üzərinə hücumların davam etdiyini bildirib. BABŞ DD-nin İnsan hüquqlarına dair hesabatında da Azərbaycanda ciddi problemlərin olduğu bildirildi. X14 Elçin Əli oğlu həmin cinayət işi üzrə İREX (ABŞ-nin Beynəlxalq Tədiqiqatlar və Mübadilə Şurası)-nın hüquqlarını müdafiə edib və başlanan cinayət işi üzrə fəaliyyəti dayandırılan X11 hüquqşünası olub. 2014-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Baş X6 dair X17 idarəsinin rəisi cənab Eldar Əhmədovun təqdimatı ilə “xxxxxxxxxxxxx” ASC-də olan ikinci iddiaçı Vəkil fəaliyyəti ilə bağlı bank hesabına Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qoyulub. X14 Elçin Əli oğlu birinci İddiaçı müdafiəçisi olub. Cavabdeh1 MMC Azərbaycanda milli poçt operatorudur. X14 Elçin Əli oğlu xx xxxxxxxx 2014-cü il tarixdə, dövlətdaxili müdafiə vasitələrini tükəndirərək Bakı şəhəri 1007 saylı poçt vasitəsi ilə iddiaçının Konvensiyanın 6, 10, 13, 14 və 18-ci maddələrinin pozulmasından X13 Məhkəməsinə şikayət göndərib. Bu fakt iş üzrə sənədlərə əlavə olunan xx.xx.2014-cli il tarixli qəbzlə sübut olunur. X14 Elçin Əli oğlu xx xxxxxx 2018-ci il tarixdə, xx xxxxxxxx 2014-cü il tarixdə göndərdiyi şikayətin Məhkəmə tərəfindən qəbul edilib-edilməməsi barədə Məhkəməyə sorğu göndərib. X13 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, hüquqşünas cənab Fətəliyev tərəfindən imzalanmış məktubda qeyd olunub ki, birinci İddiaçı xx xxxxxxxx 2014-cü il tarixdə göndərdiyi şikayət Məhkəməyə çatmayıb. İddiaçılar bildirirlər ki, Avropa Məhkəməsinə göndərilən məktubların Cavabdeh1 MMC tərəfindən itirilməsi hallarına praktikada çox rast gəlinir. Belə hallarda cavabdeh qurum bir çox hallarda cavab verməkdən imtina edir, bəzi hallarda isə cüzi məbləğdə kompensasiyanın ödənilməyini təklif edir. Halbuki, Avropa Məhkəməsinə göndərilən işlər üzrə iddiaçıların kompensasiya kimi tələb etdiyi məbləğlər minlərlə manat məbləğində olur. Hökumət bir çox belə işlərdə məktubu çatdırmamaqla bu məktubların Avropa Məhkəməsində mübahisələndirilməsinin qarşısını almağa çalışır. Hazırki iş üzrə birinci İddiaçı həbs olunaraq, 5 il ərzində həbsdə saxlanılıb. O və ailəsi dəfələrlə bildiriblər ki, onun həbsi qanunsuz və ədalətsiz olub. İddiaçının anası bildirib ki, oğlu 17 il mühafizə xidmətində qulluq edib, dəfələrlə dövlət mükafatları ilə təltif edilib. İddiaçı öncə işdən çıxarılmasına, sonra həbsinə səbəb bir ədəd patronun itməsi olub. Belə ki, 2001-ci il martın 5-də Emin Ələkbərov adlı mühafizəçi patron itirib. Martın 6-na keçən gecə İddiaçı patronu tapıb. Patronu dəstə komandirinə yox, müfəttişliyə təqdim edib. 4 gündən sonra işdən azad edilib. İşdən azad edildikdən təqribən bir ay sonra xidmətin rəhbəri Vaqif Axundovun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. Hadisənin üstündən bir il, üç ay keçəndən sonra keçmiş zabit məsələni ictimailəşdirdikdən, xidmət rəhbərliyini tənqid edəndən sonra ona qarşı cinayət işi açılıb. Öncə ölkə prokurorluğu İddiaçı qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah, sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. 2019-cu ilin yanvarın 29-da hərbi tribunal İddiaçı 5 il yarım müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə bu müddət 1 il azaldılıb. Həmçinin, İddiaçı vəkili olmuş Fərzəli İbrahimov istintaqın əsassız, qərəzli olduğunu deyib. Belə ki, patronu itirən mühafizəçi heç bir cəza almayıb. İddiaçı isə patronu oğurlamaqda ittiham edilib. Yuxarıdakı hallardan göründüyü kimi birinci İddiaçı yerli məhkəmələr qarşısında ona qarşı irəli sürülən ittihamı qəbul etməyib, “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasında göstərilən hüquqlarının pozulduğunu qeyd edib. İddiaçılar Avropa Məhkəməsinə ünvanladıqları xx.xx.2014-cü il tarixli şikayətdə birinci İddiaçı Konvensiyanın 6, 10, 13, 14, 18-ci maddələrində göstərilən hüquqlarının pozulduğunu göstəriblər. İddiaçılar bildirir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində onlara külli miqdarda ziyan dəyib. İddiaçılar bildirir ki, Avropa Məhkəməsinin oxşar işlər üzrə presedentlərini əsas tutaraq, bu qənaətə gəlmək mümkündür ki, birinci İddiaçı qeyd etdiyi faktlar üzrə məsələ Avropa Məhkəməsində mübahisələndiriləcəyi təqdirdə, iddiaçı pozulduğu hüquqlarının əvəzi olaraq, iddia etdiyi kompensasiyanı əldə edə biləcəkdi. Lakin indiki halda bu məktub cavab şirkət tərəfindən məzmunu açıb oxunub, şikayət 17 il ərzində dövlətə xidmət etmiş dövlət agentinin etdiyi tənqidə görə barəsində cinayət işi açılması və 4,5 il müddətinə həbs edilməsi ilə bağlı olduğu üçün itirilib. Beləliklə, birinci İddiaçı həm Konvensiyada göstərilən hüquqlarının pozuntusunun tanınması imkanından, həmçinin Avropa Məhkəməsi tərəfindən təyin ediləcək kompensasiyanı əldə etmək imkanından məhrum olub. Buna mütənasib olaraq, ikinci iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində İddiaçı şikayətini hazırladığı iş üzrə pozuntu tanınacağı təqdirdə, müəyyən ediləcək məhkəmə xərclərini almaq imkanından məhrum olub. İddiaçılar bildirirlər ki, hal-hazırki şikayətin itirilməsi nəticəsində onlar ciddi stress və mənəvi sarsıntıya məruz qalıblar. Belə ki, mübahisələndirilən iş 5 iləyaxın müddət ərzində həbsdə qalmış keçmiş Dövlət Xüsusi Mühafizə Xidmətinin (DXMX) əməkdaşı barədə olub. Birinci İddiaçı bildirir ki, o, dəfələrlə dövlət orqanlarına müraciət edərək günahsız olduğunu sübut etməyə çalışıb. Ən sonda işi üzrə ərizəni X13 Məhkəməsinə göndərərək ümid edib ki, onun şikayəti üzrə pozuntu faktı tanınacaq və o, 5 ilə yaxın müddətdə çəkdiyi həbsin əvəzi olaraq, kompensasiya əldə edəcək. Digər tərəfdən ikinci iddiaçı da müştərisi ilə bağladığı müqavilə üzrə lazımi hərəkətləri etmək imkanından məhrum olub və hazırladığı şikayət üzrə pozuntu tanınacağı təqdirdə əldə edə biləcəyi kompensasiyadan məhrum olub. İddiaçılar hesab edir ki, dəymiş zərərin cavabdehlərdən müştərək qaydada alınaraq, onlara ödənilməsi ilə bağlı qətnamə qəbul edilməlidir. İddiaçılar bildirir ki, İddiaçı şikayəti üzrə Avropa Məhkəməsinə göndərilən şikayət Cavabdeh1 MMC tərəfindən itirilib. Ümumiyyətlə, Avropa Məhkəməsinə göndərilən məktubların Cavabdeh1 MMC tərəfindən itirilməsi hallarına praktikada çox rast gəlinir. Hətta bəzi hallarda Avropa Məhkəməsinə şikayət göndərmək istəyən ərizəçilər bunu qonşu ölkələrin (məsələn Gürcüstan və s.) poçt xidmətləri vasitəsi ilə göndərməyi daha üstün tuturlar. İddiaçılar bildirirlər ki, cavabdeh qurumların təqsirli hərəkətləri nəticəsində onların “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində göstərilən hüquqları pozulub. İddiaçılar əlavə edirlər ki, strateji işlərlə bağlı kütləvi şəkildə Avropa Məhkəməsinə göndərilən məktubların itməsi faktına baxmayaraq, bu vəziyyətdə olan ərizəçilərə münasibətdə heç bir tədbir bu günə kimi görülməyib. Hətta bir çox halda Cavabdeh1 MMC tərəfindən bununla bağlı məlumat ərizəçilərə verilmir, ərizəçilər yalnız özləri məktublarının çatmadığı ilə bağlı məlumatı müəyyən etdikdən sonra Cavabdeh1 MMC-dən onlara bildirilir ki, məktubları itib və kompensasiya ilə bağlı müraciət edə bilərlər. Bu kompensasiyanın məbləği isə 100 manatı keçməyəcək həddə olur. Halbuki, xaricə göndərilən məktublar üzrə belə hallara az-az rast gəlinir. Bu halların böyük əksəriyyətinin məhz Avropa Məhkəməsinə göndərilən şikayətlərdən ortaya çıxması isə onu deməyə əsas verir ki, bu proses qərəzli şəkildə və qəsdən həyata keçirilir. Mediada bu məsələ dəfələrlə işıqlandırılmağına baxmayaraq, belə məktubların itməsinin qarşısının alınması ilə bağlı heç bir tədbir görülmür. Göstərilənlərə əsasən iddiaçılar İddiaçı və Vəkil “İnsan hüquqlarının və Əsas .Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüquqlarının pozulduğu faktının tanınması, mənəvi zərərin əvəzi olaraq birinci iddiaçıya 70000 (yetmiş min) manat, ikinci iddiaçıya 50000 (əlli min) manat məbləğində kompensasiyanın verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı və Vəkil məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, işə iddiaçıların iştirakları olmadan mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X12 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, işə iddiaçıların iştirakları olmadan mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Fransa Respublikasına göndərilmiş RR007963088AZ saylı poçt göndərişi Bakı Poçt Daşıma Mərkəzində itirilmişdir. Mövcud qaydalara uyğun olaraq sözügedən poçt göndərişinin itirilməsinə görə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün 1 saylı poçt filialına göstəriş verilmişdir. İş materiallarında olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vəkil ünvanladığı məktubda qeyd edilmişdir ki, ərizəçi İddiaçı adından göndərilmiş xx xxxxxxxx 2014-cü il tarixli şikayət ərizəsi məhkəmə tərəfindən alınmamışdır. Məhkəmə iddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində qeyd edilir ki, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Həmin Konvensiyanın 34-cü maddəsinə əsasən məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ümumbəşəri yüksək dəyərlər kimi qiymətləndirərək, onların təmin edilməsini dövlətin ali məqsədi elan etmiş, hüquqları gözləməyi və qorumağı isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit etmişdir. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanımışdır. Məhkəmənin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilməli və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair xx xxxxxx 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» Sərəncamında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etmək tövsiyə edilmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx xxxx 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı və Vəkil “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüquqlarının pozulduğunu iddia etsələr də, həmin tələblərinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iddia tələbinin “cavabdehlər tərəfindən mənəvi zərərin əvəzi olaraq birinci iddiaçıya 70000 (yetmiş min) manat, ikinci iddiaçıya 50000 (əlli min) manat məbləğində kompensasiyanın verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü- mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.6-cı maddəsinə əsasən poçt rabitəsi operatorları istifadəçilər qarşısında beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin bir hissəsinin itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə X10 aktlarında, qərarlarında və tövsiyələrində nəzərdə tutulan miqdardan az olmamaqla maddi məsuliyyət daşıyır. Göründüyü kimi Cavabdeh1 iddiaçılara məxsus poçt göndərişinin itirilməsinə görə maddi məsuliyyət daşıyır. Belə hallarda mənəvi zərərin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, X5 35-ci maddəsinin 2.7-ci bəndinə əsasən əgər göndərici göndərişin qəbul günündən sonrakı gündən başlayaraq, bir il müddətində heç bir reklamasiya verməmişdirsə, poçt müdiriyyətləri bu halda məsuliyyət daşımır. İşin materiallarından göründüyü kimi iddiaçılar Avropa Məhkəməsinə göndərilməli olan poçt göndərişini (şikayəti) 2014-cü ildə poçt xidmətinə təqdim edib və yalnız 4 il sonra, yəni 2018-ci ildə həmin göndərişin ünvana çatıb-çatmaması ilə bağlı maraqlanmağa başlamışlar. Belə olan təqdirdə hazırki iddia tələbi Cavabdeh1nə münasibətdə təmin edilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Digər tərəfdən, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə də təmin edilə bilməz. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı və Vəkil cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "insan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 8-ci və 34-cü maddələrinin pozulduğu faktının tanınması və mənəvi zərər tələbi"nə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və Vəkil cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "insan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 8-ci və 34-cü maddələrinin pozulduğu faktının tanınması və mənəvi zərər tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4647/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4647/2020
04.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver