Məhkəmə qərarları › İş №2(006)-4658/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4658/2025

12.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4658/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs BOKT "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və BOKT "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi ziyanın ödənilməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60 000 manat maddi və 60 000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və BOKT "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Daha sonra, xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbinə əlavə edərək həm Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-1473/2024 saylı qərarı, həm Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs olunduğundan ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini məhkəmədən xahiş etmişdir. Sonradan xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında məhkəməyə ərizə verərək xx.xx.2025-ci il tarixli ərizəni geri götürdüyünü və ilkin iddia ərizəsinin yəni,xx.xx.2025-ci il tarixli ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs BOKT "xxxx" QSC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilib edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-1617/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində 30 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)- 990/2024 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-1617/2024 saylı qərarı ləğv edilməklə İddiaçı əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərbinin olmaması səbəbindən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3850/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaitinin Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, iddiaçı ona maddi və mənəvi ziyanın vurulmasını Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)- 1617/2024 saylı qərarı ilə əsaslandırmışdır. Hazırda icraatda olan mülki işdə iddia tələbinin əsası bundan əvvəl olan tələblə eyni çıxış etməsi (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3850/2024 saylı qətnaməsi) müəyyən edilir. Beləliklə, eyni tərəflər arasında eyni əsaslarla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3850/2024 saylı qətnaməsi mövcud olmaqla, sözügedən qətnamə üzrə iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə münasibət bildirildiyindən hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmcinin qeyd edir ki, iddiaçı məhkəmədə verdiyi izahatlarda icra məmurunun hərəkətlərinin qanunsuzluğunu, bunun məhkəmə qərarı ilə müəyyən edilməsini və qeyd olunanlar nəticəsində həbs olunması bildirmişdir. İddiaçıya dəfələrlə iddia tələbini dəqiqləşdirməsi, başqa cavabdehin cəlb edilməsi hüququnun olduğu izah edilsə də, iddiaçı xx.xx.2025-ci il tarixli iddia ərizəsinə baxılmasını və mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və BOKT "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar