Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4683/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hadisə nəticəsində ona dəymiş zərərə görə cavabdeh "xxxx" QSC - dən ümumilikdə 7000 (yeddi min) manat təzminat və məhkəmə rüsümunuda 90 (doxsan) manat nəzərə alınaraq təzminatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, İddiaçı "xxxx" QSC ilə əmək müqaviləsi əsasında işləyir. Bir neçə dəmiryol stansiyalarda müxtəlif vəzifələrdə işləmişdir.Hal-hazırda isə Güzdək dəmiryolu stansiyasında post növbətçisi vəzifəsində çalışır. xx.xx.2025 cil il tarixində Güzdək stansiyasında növbədə olarkən istehsalat təhlükəsizliyi qaydalarının pozulması nəticəsində iş başında olarkən həyatı üçün çox böyük təhlükə yaşamışdır. İdarəetmə tablosunda ilanla rastlaşmışdır. Hansıkı o idarəetmə tablosunda öz əlləriylə işləyir və qatarlar üçün marşurut hazırlayır. Tam onun xidməti postunun içərisində o ilanla baş- başa qalarkən çox böyük gərginlik yaşamış və qorxmuşdu. Postda tək işlədiyi üçün məcbur tək özu ilanı itici alətlə zərərsizləşdirmişdir. Hadisə zamanı həyat və sağlamlığı üçün ciddi təhlükə yaranmış və bu uzun müddətli narahatlıq və əmək qabiliyyətinə mənfi təsirlə nəticələnmişdir. Hadisədən dərhal sonra bu barədə rəhbərliyə və "xxxx" QSC-nin baş idarəsinə yazılı formada şikayət xarakterli məlumat vermişdir. Onların işlədiyi 6-ci post çox bərbad gündədi. İlandan başqa hər cürə həşarat və s.vardır. Bina istismar müddətini başa vurmuş, otaqda nə pəncərə var nə düz əməlli qapı. Elektrik xəttləri təhlükə altında. Xidməti postda yol relyefi yoxdur, gedib -gəlmək olmur. Qısası bərbad və təhlükəli şərait. O baş idarələrinə müraciət etsədə bu barədə nə bir tətbir görülüb nə də tələb etdiyi 7000 (yeddi min) manat təzminat ödənilib. Bu işəgötürən hüquqi şəxsin əmək təhlükəsizliyi və sağlamlıq hüquqlarına qarşı məsuliyyətsiz münasibətini göstərir. Cavabdeh Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "pul" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, yay aylarında Yük daşımaları departamentinin tabeliyində olan stansiya ərazilərində havaların istiləşməsi ilə əlaqədar olaraq ilan, əqrəb və digər zərərverici həşəratların çoxalması müşahidə edilmişdir. Bununla bağlı olaraq, həmin ərazilərdə çalışan işçilərin təhlükəsizliyinin təmin olunması məqsədilə daxili qaydalara uyğun şəkildə maarifləndirici təlimatlar keçirilmiş, profilaktik tədbirlər görülmüşdür. Həmçinin, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə stansiya ərazilərində dezinfeksiya və dezinseksiya (dərmanlama) işlərinin aparılması istiqamətində aidiyyəti üzrə tədbirlər planlaşdırılmış və icrası davam etdirilir. İşçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Mənəvi zərərin zənn edilən pozuntu və ya pozuntular nəticəsində baş verdiyini göstərmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı mümkün olduğu halda sadəcə zərərin mövcudluğunu deyil, həm də onun miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməlidir. Hesab edirlər ki, məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. İddiaçı mənəvi ziyana görə 7000 manat pul tələb edir, lakin həmin məbləği şərtləndirən halları əsaslandırmır. Həmçinin, hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - 017925 nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları Departamenti ələt stansiyasına əməyin müdafiəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə təyin edilmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixində şimal sahəsinin Güzdək stansiyasına post növbətçisi vəzifəsinə keçirilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, yük daşımaları departamentinin tabeliyində olan stansiya ərazilərində havaların istiləşməsi ilə əlaqədar olaraq ilan, əqrəb və digər zərərverici həşəratların çoxalması müşahidə edilmişdir. Bununla bağlıolaraq, həmin ərazilərdə çalışan işçilərin təhlükəsizliyinin təmin olunması məqsədilə daxili qaydalara uyğun şəkildə maarifləndirici təlimatlar keçirilmiş, profilaktik tədbirlər görülmüşdür. Bundan əlavə, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə stansiya ərazilərində dezinfeksiya və dezinseksiya (dərmanlama) işlərinin aparılması istiqamətində aidiyyəti üzrə tədbirlər planlaşdırılmış və icrası davam etdirilir. Dəymiş maddi və mənəvi zərərin ödənilməsinə gəldikdə isə bununla bağlı aidiyyəti qurumlara müraciət etməyiniz tövsiyə olunmuşdur. - İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2025-ci il tarixli şikayətindən görünür ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 7.000 manat pulun verilməsini və 5 gün ərzində məsələ baxıb ona cavab verilməsini xahiş etmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli göstərişindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) üzrə "Əməyin mühafizəsi sahəsində şəxsi normativlərin yerinə yetirilməsi haqqında" xx.xx.2002-ci il tarixli 20/N nömrəli əmrin tələblərinə müvafiq olaraq 2025-ci ilin aprel ayında əməyin mühafizəsinə dair "Yaz baxışı" keçirilsin. "Yaz baxışı"nın keçirilməsi məqsədilə: 1.2. tədbirlər planında aşağıdakı əsas mövzular nəzərə alınsın və "Yaz baxışı"nın keçirilməsi prosesində həmin məsələlərə xüsusi diqqət yetirilsin: - işçilərin əməyin mühafizəsi, texniki təhlükəsizlik, təhlükəsizlik texnikası, elektrik və yanğın təhlükəsizliyinə dair norma və qaydalar üzrə təlimatlandırılması, biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliği; - iş yerlərində əməyin təhlükəsizliyi və sanitariya-gigiyena şəraiti; - inzibati, təsərrüfat və istehsalat binalarının və istirahət otaqlarının dam örtükləri, qapı və pəncərələrinin vəziyyəti, işıqlandırma səviyyəsi və temperatur rejimi, havalandırma və sərinləşdirici qurğu və avadanlıqlarının və cihazlarının işlək vəziyyətə gətirilməsi; - qeyristandart elektrik, qaz və digər məişət qızdırıcı mətbəx cihazlarından istifadənin qadağan edilməsi; - iş prosesində sənaye, elektrik və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğunluq, yanğından müdafiə sistemləri və vasitələri, o cümlədən ilkin yanğınsöndürmə vasitələri (odsöndürmə balonları və digər yanğına qarşı zəruri avadanlıqlar); - istehsalatla əlaqəli işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və sair. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli göstərişindən görünür ki, "Payız baxışı"nın keçirilməsi məqsədilə: 1.2. tədbirlər planında aşağıdakı əsas mövzular nəzərə alınsın və "Payız baxışı"nın keçirilməsi prosesində həmin məsələlərə xüsusi diqqət yetirilsin: - işçilərin əməyin mühafizəsi, texniki təhlükəsizlik, təhlükəsizlik texnikası, elektrik və yanğın təhlükəsizliyinə dair norma və qaydalar üzrə təlimatlandırılması, biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliği; - iş yerlərində əməyin təhlükəsizliyi və sanitariya-gigiyena şəraiti; - inzibati, təsərrüfat və istehsalat binalarının və istirahət otaqlarının dam örtükləri, qapı və pəncərələrinin vəziyyəti, işıqlandırma səviyyəsi və temperatur rejimi, havalandırma, isitmə qurğu və avadanlıqlarının və cihazlarının işlək vəziyyətə gətirilməsi və sair. Mülki iş materiallarına CD-disk, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tövsiyyə vərəqəsi və fotoşəkillər əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Digər tərəfdən, Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Hazırki iş üzrə cavabdeh və ya onun tabeçiliyində olan vəzifəli şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuş, hadisə günü isə Güzdək dəmiryol stansiyasında növbədə olarkən xidməti postun daxilində ilanla rastlaşmışdır. Foto və video materiallardan həmin halın baş verdiyi təsdiq olunur. Lakin təkcə belə bir halın mövcudluğu cavabdehin iddiaçı qarşısında maddi və ya mənəvi təzminat öhdəliyinin yaranması üçün kifayət hesab edilə bilməz. Məhkəmə nəzərə alır ki, iddiaçıya qarşı hər hansı fiziki xəsarət yetirilməsi, sağlamlığına real zərər dəyməsi və ya əmək qabiliyyətinin itirilməsi faktı iş materialları ilə təsdiq olunmamışdır. Təqdim edilmiş tibbi sənədlərdən yalnız ümumi xarakterli tövsiyələr və dərman resepti mövcuddur ki, həmin sənədlər iddiaçının konkret olaraq hadisə nəticəsində xəsarət aldığını və ya sağlamlığına zərər dəydiyini təsdiq etmir. Tibbi sənədlərlə hadisə arasında birbaşa əlaqə müəyyən edilmir. Eyni zamanda, iddiaçı tərəfindən hadisənin cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, cavabdeh müəssisə tərəfindən stansiya ərazilərində əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena məsələləri ilə bağlı mütəmadi tədbirlər həyata keçirilmiş, mövsümi risklər nəzərə alınmaqla işçilər maarifləndirilmiş, profilaktik və dezinfeksiya tədbirləri planlaşdırılmış və icra olunmuşdur. Məhkəmə həmçinin nəzərə alır ki, ilan və digər zərərverici canlıların yayılması mövsümi və təbii xarakter daşıyan hal olmaqla, bu cür halların tam şəkildə istisna edilməsi hər zaman mümkün olmur. Belə risklərin mövcudluğu təkbaşına işəgötürənin məsuliyyətini avtomatik şəkildə doğurmur. İddiaçı mənəvi zərərə görə 7.000 manat məbləğində təzminat tələb etsə də, həmin məbləğin nəyə əsaslandığını, hansı intensivlikdə və hansı müddətdə mənəvi iztirablar keçirdiyini, bu iztirabların onun gündəlik həyatına və əmək fəaliyyətinə konkret necə təsir göstərdiyini sübut edən əsaslandırılmış məlumat və sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, yalnız subyektiv narahatlıq və qorxu hissinə istinad edilməsi mənəvi zərərin mövcudluğu və həcmi barədə qəti nəticəyə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4683/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4683/2025
26.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver