Məhkəmə qərarları › İş №2(006)-469/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-469/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-469/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X3, cavabdeh “Cavabdeh1ı”nın ("xxxx" MMC) nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər “Cavabdeh1ı”na və Cavabdeh2 qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1ı”na və Cavabdeh2 qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bir müddət davam edən yaddaş pozuntusu səbəbi ilə 13 iyun 2020-ci il tarixində “X2”da beyin MRT müayinəsindən keçmişdir. Beyin MRT müayinəsi zamanı sol orta kəllə çuxurunda 50x55x45 mm böyüklüyündə kontrastlanan törəmə meningioma aşkar olunmuşdur. Belə ki, törəmənin görmə çarpazını yuxarıya sıxışdırmaqla uzanmaqda olduğu diqqəti çəkmişdir. 30 iyun 2020-ci il tarixində “Cavabdeh1”da iddiaçıya ETN altında “soltərəfli pterional kraniotomiya və şişin xaric edilməsi” əməliyyatı icra edilmişdir. “Cavabdeh1” tərəfindən təqdim olunmuş 07 iyul 2020-ci il tarixli stasionar xəstənin tibbi kartasından № ******* saylı çıxarışda əməliyyatdan sonrakı dövrün fəsadsız keçdiyi, yaraların sağaldığı qeyd olunmuşdur. “Cavabdeh1” tərəfindən təqdim olunmuş 07 iyul 2020-ci il tarixli stasionar xəstənin tibbi kartasından № ******* saylı çıxarışda baş ağrıları, sağ tərəfin qıcolması, nitqin qeyrisəlisliyi, hərəkətlərin qeyri-adekvat olması kimi doğru olmayan məlumatlar əks olunmuşdur. Əməliyyat üçün iddiaçı tərəfindən 30 iyun 2020-ci il tarixində 7100 manat depozit məbləği ödənilmişdir. Lakin əməliyyatdan sonra iddiaçının vəziyyətində bir sıra əsaslı dəyişikliklər baş vermiş, əməliyyatdan bir müddət sonra 31.07.2020-ci il tarixində “X2”da beyin MRT müayinəsindən keçdiyi zaman sol yuxu arteriyasının kavemoz və suprakavemoz seqmentlərini mülayim daraltan 24x27x15 mm rezidu meningioma izləndiyi, törəmənin sol foramen ovaleyə və superior orbital fıssürü doğru uzandığı qeydə alınmışdır. Belə ki, “Cavabdeh1”da həyata keçirilən əməliyyat zamanı törəmənin tam şəkildə xaric edilmədiyi aşkar olunmuşdur. Həmçinin, iddiaçının əməliyyatdan yenicə çıxmağına baxmayaraq, koronovirusa yoluxması səbəbi ilə 11.07.2020-ci il tarixindən 23.07.2020-ci il tarixinə qədər Bakı Sağlamlıq Mərkəzində həkim müayinəsində olmuşdur. Eyni zamanda, 12 yanvar 2021-ci il tarixində “X2”da yenidən beyin MRT müayinəsindən keçmiş, 24x30x17 mm rezidü meningiomanın mövcud olması törəmənin superior orbital fıssürü doğru uzanması qeydə alınmışdır. Məsələ ilə əlaqədar rəsmi xəbərdarlıq məktubu ilə “Cavabdeh1” və Op.Dr.Cavabdeh2 müraciət etsələr də, bu günə qədər cavabdehlər tərəfindən heç bir pul vəsaiti geri ödənilməmişdir. Göstərilənlərə əsasən cavabdehlər “Cavabdeh1” və Cavabdeh2 tərəfindən icra olunmamış öhdəliyin icrası təmin edilərək iddiaçı tərəfindən ödənilmiş 7100 manat, mənəvi zərərə görə 1000 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh “Cavabdeh1ı”nın ("xxxx" MMC) nümayəndəsi X7 iddia tələbini qəbul etməmiş, iddianı əsassız hesab edərək bildirmişdir ki, iş üzrə cavabdeh olan Cavabdeh2 əməliyyatdan öncə İddiaçı hər bir məsələni, riskləri izah etmişdir. Xəstəlik tarixçəsindən də göründüyü kimi hospitalın əməkdaşları, həmçinin həkim tərəfindən hərhansı qanun pozuntusuna yol verilməmiş, cərrahiyyə əməliyyatı düzgün aparılmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar əsassızdır. İddiaçının başındakı şiş törəməsi kifayət qədər böyük idi. Əməliyyatdan sonra törəmənin kiçik hissəsi qaldı. Həmin hissəyə toxunmadı, çünki o hissəyə toxunanda çox ciddi nəticələr yarana bilər. Bi tip əməliyyat keçirmiş xəstələrdə mənfi nəticələr yarana bilər. İddiaçıda bu hal olmadı. Məhz buna görə də o bir həkim kimi bu əməliyyatı uğurlu hesab edir. Onun üzərinə düşən vəzifəni yerinə yetirmişdir. İddiaçı üzərində əməliyyat olunan zaman heç bir həkim səhvinə yol verilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin materiallarında olan 1974-cü il təvəllüdlü İddiaçı adına 13.07.2018-ci il tarixdə aparılmış Krainal MR müayinə nəticəsindən görünür ki, onda, solda tentorial açıqlıqdan sol temporal lobun anteromedial planum sfenoid və supraselyar sistern ilə solda perimezensefalik sisterne doğru uzanan geniş dabanı ilə oturan ən geniş yerində aksiyal ölçüləri 5x3x4 sm olan, sol supra kavernoz İCA bifurkasyası və sol MCA-yı əhatə edən homogen kontrast tutan qonşu noral paranxima ekstrensek təzyiq edən ekstra aksiyal meningioma ilə uyumlu yumuşaq toxuma kütləsi aşkar olunur. İşdə olan İddiaçı adına “X11”da 03.12.2019-cu il tarixdə aparılmış Beyin MRT müayinə nəticəsindən görünür ki, onda sol orta kəllə çuxurunda sfenoid sümüyün sol böyük qanadını əhatə edən 5x4x3 sm ölçüsündə extraksial yerləşimli törəmə və ətrafında minimal ödem sahəsi izlənilir (Meningioma düşünülür). 13.07.2018-ci il tarixli çəkilmiş MRT filmləri ilə müqayisədə törəmənin ölçüsündə dəyişiklik izlənilmədi. Ancaq törəmə ətrafında ödem sahəsi aşkar edildi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5 46/KEŞ saylı, 25.02.2022-ci il tarixli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, xəstənin müalicə müəssisəsinə müraciət etdiyi vaxtdan evə buraxılanadək barəsində tərtib edilmiş xəstəlik tarixi vərəqəsi və digər tibbi sənədlər əsasında tərtib edilərək (XBT-sinifləri), X1ına uyğun olaraq xəstənin şəxsi məlumatları, tam diaqnoz, qısa anamnez, diaqnostik müayinələr, aparılmış müalicə, çıxarılma vaxtı vəziyyət, müalicə və əmək məsləhətlərini özündə əks etdirir. İddiaçı adına tərtib edilmiş tibbi kartada aparılmış müalicələr bölməsində (XBT) X1 adlarına uyğun olaraq “Soltərəfli pterional kraniotomiya və şişin xaric edilməsi” əməliyyatı düzgün qeyd edilmiş, müalicə və əmək məsləhətləri bölməsində isə xəstənin evə buraxılandan 1 ay sonra neyrocərraha müraciət etməsi məsləhət görülmüşdür. Tibbi kartadan çıxarışa əsaslanaraq tərtib edilmiş xəstənin xəstəlik tarixi vərəqəsində əməliyyatın taktiki gedişi bölməsində isə icra edilmiş əməliyyat zamanı şiş toxumasının sərbəst hissəsinin tam çıxarıldığı, inoperabel hissənin isə saxlanıldığı qeyd edilmişdir. “Cavabdeh1ı”nda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 30.06.2020-ci il tarixdə hospitalın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Meningioma. Hepatit B” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “Soltərəfli pterional kraniotomiya və şişin xaric edilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və 07.07.2020-ci il tarixdə xəstə ambulator müalicəni davam etdirmək məsləhəti ilə evə yazılmışdır. Meningioma şişi və görmə sinirinin dekompressiyası üçün icra edilən cərrahiyyə əməliyyatları tibbi göstərişdən asılı olaraq fərqli əməliyyatlar olduğundan, eyni vaxtda icra edilməsi mütləq deyildir. Meningioma şişi xaric edildikdə digər şüa terapiya tətbiqi tələb edilən şiş toxumalarında olduğu kimi tibbi göstərişlər olduqda şüa terapiyasının bir növü olan “qamma knife” metodundan istifadə edilə bilər ki, bu da İddiaçı məsləhət görülmüşdür. Cərrahiyyə əməliyyatının icrasına tibbi göstərişlər həmin ixtisas üzrə həkim cərrah tərəfindən verilir. İddiaçı üzərində icra edilmiş “Soltərəfli pterional kraniotomiya və şişin xaric edilməsi” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Qanunun qeyd olunan normalarının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü- mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona cavabdehlər tərəfindən maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona məhz cavabdehlər tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Əksinə, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən göründüyü kimi İddiaçı üzərində icra edilmiş “Soltərəfli pterional kraniotomiya və şişin xaric edilməsi” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “Cavabdeh1ı”na və Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1ı”na və Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi”nə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar