Məhkəmə qərarları › İş №2(006)-469/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-469/2023

10.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-469/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «çıxarışın alınması üçün sənədlərin təqdim edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «çıxarışın alınması üçün sənədlərin təqdim edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə kooperativin üzvü X4 Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 mənzil 56 üzrə İddiaçı notarial qaydada təsdiq edilməklə Seriya MS-N 000109 saylı mənzil sertifikat hüqüqlarını ötürülmüşdür. Həmin sertifikat üzrə pay haqqı tam ödənildiyi üçün xx.xx.2019-cu il tarixli 01 saylı protokol ilə iddiaçı kooperativə üzv kimi qəbul edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən həmin mənzildə yaşamağa başlamışdır. xx.xx.2021-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrindən çıxarışın alınması və həmin mənzildə qeydiyyata alınmaq üçün Cavabdeh MTK-ya ərizə ilə müraciət olunaraq maliyyə arayışı, mənzil tikinti kooperativ üzvlərinin ümumi yığıncağının qərarı və digər sənədləri İddiaçı təqdim edilməsində dair ərizə ilə tələb edilmişdir. Təəssüflə xx.xx.2021-ci il tarixli 340 saylı cavab məktubu ilə Cavabdeh MTK-nın adından çıxış edən "xxxx" MMC-nin dırekloru Qaçay Şahbazov daşınmaz əmlak dövlət reyestrindən çıxarışın alınması üçün tələb olunan sənədləri təqdim etməkdən bilərəkdən boyun qaçırmışdır. Habelə, həmin məktubla, Bakı şəhəri, Nasımı rayonu, Xətai prospekti, 38 mənzil 56 üzrə mülkiyyətçisi olan İddiaçı 510 manat məbləğində pul tələb etmişdir. Buna səbəb kimi guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi qarşısında "xxxx" MMC-nin götürülmüş olduğu öhdəliyini qeyd etmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixdə 12 nəfər mülkiyyətçi ilə birgə Cavabdeh MTK (VÖEN: **********) rəhbərliyinə və Cavabdeh MTK-nın daxil olduğu «X6 Qrupu» MMC-nin rəhbərliyinə (VÖEN: **********) ünvanladığı «dövlət reyestrindən çıxarışın alınması üçün tələb olunan sənədlər» (mənzil-tikinti kooperativinin üzvlərininiu ümumi yığıncağının qərarı və maliyyə arayışı) üçün müraciət məktubu bugünə kimi cavabsız qalmışdır. Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti xx.xx.2019-cu il tarixli 429 saylı dünyada analoqu olmayan humanist fərman imzalamışdır. Bu fərmanla bəzi çoxmənzilli yaşayış binaların istismarına icazə verilməsi sadələşdirilmişdir. Həmin fərmana istinadən, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayş binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılmışdır ki, bu da öz növbəsində bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir. Bununla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci rəhbər tutaraq istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə dövlət vətəndaşlarına sahib çıxmışdır. Göstərilənlərə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlər toplusunun İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi xidmət haqqı və dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqı tam ödənilməsi barədə arayışı İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi xidmət haqqı və dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (həyat yoldaşı) X11 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, həyat yoldaşı, yəni hazırkı mülki iş uzrə iddiaçı ilə X5 arasında gəlinmiş razlaşmaya əsasən Elşad Qəhrəmanov Bakı şəhəri, Nəsimi rayonu. Xətai prospekti, 38, mənzil 56 saylı mənzillə bağlı hüquqları həyat yoldaşına ötürmüşdür. Həmin sertifikat üzrə pay haqqı tam ödənildiyindən həyat yoldaşı kooperativə üzv olaraq qəbul edilmişdir. Bundan sonra tərəflərdən Cavabdeh MTK-ya ərizə ilə müraciət olunmuş və mənzilə dair maliyyə arayışı, ümumi yığıncağın qərarı və digər sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Lakin onlar bundan imtina etmiş və FHN qarşısında Cavabdeh MTK-nın üzərinə götürmüş olduğu öhdəlikləri əsas gətirərək həyat yoldaşından 510 manat pul tələb etmişlər. Nəticədə bugunə kimi dəyərini tam şəkildə ödədiyi halda mənzili barədə çıxarış ala bilmirlər. Bununla da onların hüquqları pozulur. Bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

6. Əvvəlki məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının istifadəsində olan mənzilin yerləşdiyi bina 2005-2006-cı illər arasında istifadəyə verilmişdir. Ancaq dövlət tərəfindən istismara qəbul olunmamışdır. 2019-cu ildə yenidən istismara qəbul ilə bağlı binaya baxış keçirilmiş və bır çox nöqsanlar aşkarlanmışdır. Həmin nöqsanlar aradan qaldırıldıqdan sonra isə istismara qəbul oluna biləcəyini bildirmişlər. Həmin nöqsanların aradan qaldırılması üçün isə müəyyən vəsait tələb olunur. Qeyd edilən pulun istənilməsində səbəb bununla bağlıdır. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Məhkəmə proses iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-nın rəhbərinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında Cavabdeh MTK tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasını 2006-cı ildə dövlətə istismara verilmədən yaşamağa icazə verilmişdir. Hörmətli cənab Prezidentin xx.xx.2019-cu il tarixli 529 saylı fərmanının köməyi ilə 14 ildən sonra bina istismara təhvil verilmişdir. xx.xx.2019-cu il tarixdə kooperativin üzvü X1 Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38, mənzil 56 üzrə mənzil sertifikat hüquqlarını İddiaçı notarial qaydada təsdiq edilməklə ötürülmüşdür. Bununla, xx.xx.2019-cu il tarixli 01 saylı protokol ilə İddiaçı kooperativə üzv kimi qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən həmin mənzildə yaşamağa başlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrindən çıxarışının alınması və yaşayış yerinə qeydiyyata alınmaq üçün ASAN xidmətə müraciət etmək istəyir. Bununla əlaqədar, müraciət üçün lazımi sənədlərin (maliyyə arayışı, mənzil tikinti kooperativ üzvlərinin ümumi yığıncağının qərarı və digər sənədləri) ona təqdim edilməsində yardımçı olmasını xahiş etmişdir.

9. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 340 saylı məktubun surətindən görünür ki, yaşadığı mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı ərizəsinə cavabdeh olaraq məlum edir ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa olunan çoxmənzilli yaşayış binasının tikintisi 2003-cü ildə başlamış və 2005-ci ildə həmin bina sakinlərə təhvil verilmişdir. Mənzil-Tikinti Kooperativi layihə və müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, sakinlərə təhvil verilmiş yaşayış binası müxtəlif səbəblərə görə istismara qəbul edilməmişdir. "xxxx" MMC həmin yaşayış binasının idarəçiliyi həyata keçirən Cavabdeh MTK ilə müqavilə əsasında yaşayış binasının ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətləri həyata keçirir. Yaşayış binasının tikinti-quraşdırma işləri yekunlaşdırıldıqdan sonra, yəni 2006-cı ildə Azərbaycan Respublikası Fövqəldadə Hallar Nazirliyi yaradıldı və yeni tələblər irəli sürülərək bildirildi ki, tələblər yerinə yetirildikdən sonra binanın istismarına icazə verilməsi və sakinlər tərəfindən mənzillərə müülkiyyət hüququnu təsdiq edən çıxarışların alınması mümkündür. Bu məsələ ilə bağlı xx.xx.2019-cu il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi və sakinlərin iştirakı ilə yığıncaq keçirilib və dinləmələr aparılıb. "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən sakinləri maraqlandıran bütün suallara aydınlıq gətirilib. Buna baxmayaraq, artıq çoxmənzilli yaşayış binasının istismarına icazə verilib və 100-dən çox mənzil çıxarışlarla təmin olunub. Eyni zamanda sakinlərin hər bir tələbi hörmətlə qarşılanır və qanunvericiliyə müvafiq qaydada yerinə yetirilir. "xxxx" MMC büdcəsini sakinlərdən topladığı kommunal ödənişləri hesabına formalaşdırır. Toplanan vəsait vergiyə, DSMF-yə, işçilərin əmək haqqına, kommunal xidmətlərə (elektrik, liftlərin və su nasoslarının saz vəziyyətdə saxlanılması) ödənilir və yaşayış binasındakı cari təmir işlərinə sərf olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli «Bəzi çoxməzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Fərmanının icrasının təmin olunması məqsədilə "xxxx" MMC dövlət qurumları qarşısında 3 ay müddətinə öhdəlik götürərək, tələb olunan yeni yanğından mühafizə sistemlərinin quraşdırılmasını və digər zəruri işləri yekunlaşdırır. Hazırda Mənzil-Tikinti Kooperativinin inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi ilə bağlı sürülən tələblərin yerinə yetirilməsi üçün əlavə tamamlanma işlərin görülməsi zərurəti yaranmışdır. Mənzil-Tikinti Kooperativin həmin əlavə işlərin görülməsi üçün heç bir vəsaiti və əmlakı yoxdur. Bu işləri başa çatdırılması üçün böyük həcmdə pul vəsaiti tələb olunur. Bu məbləğin əhəmiyyətli hissəsinin ödənilməsi binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri olan Kooperativin üzvləri tərəfindən həyata keçiriləcəkdir. Qalan xərclərin qarşılanması üçün isə payçılar tərəfindən, yəni hər bir mənzil sakinindən 510 manat pay haqqının ödənilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq müvafiq dövlət orqanları tərəfindən binanın istismarına icazə verilməsi ilə bağlı irəli sürülən və sağlamlığı və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması məqsədilə "xxxx" MMC-yə əlavə pay haqqının ödənilməsində köməklik göstərilməsi xahiş etmişdir.

10. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri, o cümlədən İddiaçı tərəfindən Cavabdeh MTK-nın rəhbərinə, surəti "xxxx" MMC-nin rəhbərinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri bildirirlər ki, onlar yaşadıqları mənzilə dair çıxarış almaql istəyirlər. Lakin, qeyd edilmiş sənədin alınması üçün MTK tərəfindən zəruri sənədlərin verilməsi tələb olunmuşdur (binanın istismara qəbul aktı, protokoldan çıxarış, maliyyə arayışı və s.) Bu səbəbdən Bakı şəhəri, Xətai pr,38 ünvanında yerləşən yaşayış binasında yaşadıqları mənzilə çıxarış alınması üçün zəruri sənədlərin onalar verilməsini xahiş edirlər. Məlumat üçün bildirirlər ki, qeyd edilmiş yaşayış binasının müxtəlif sakinlərinə Cavabdeh MTK tərəfindən zəruri sənədlər verilərək onlar tərəfindən müvafiq mənzillərə dair çıxarışlar alınmışdır. Bundan başqa qeyd edirlər ki, hazırki ərizə Cavabdeh MTK və ya onun sədrinə ünvanlanmışdır. MTK sədrlərinin tez-tez dəyişilməsini əsas götürərək hazırki məktubu MTK-ya çatdığı anda MTK-nın sədrinin kim olmasından asılı olmayaraq ərizənin çatdığı an mövcud olmuş sədrə ünvanlanması kimi nəzərə alınmasını xahiş etmişlər. Ərizəyə müsbət və ya mənfi cavabdeh verilməsindən asılı olmayaraq rəsmi qaydada cavab verilməsini xahiş etmişlər.

11. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınıb MS-N seriyalı, 000109 nömrəli mənzil sertifikatının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı evin blok D1, mərtəbə 13, 56 nömrəli mənzilə dair mənzil sertifikatı xx.xx.2019-cu il tarixdə emitent - Cavabdeh tərəfindən sahibi X3 verilmişdir.

12. İş üzrə Cavabdeh üzvlərinin (müvəkkillərinin) iclasının 01 saylı, xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, X2 ərizəsinə əsasən Kooperativin üzvlüyündən çıxarılması, İddiaçı ərizəsinə əsasən Kooperativə üzv qəbul edilməsi qərara alınmışdır.

13. İş materiallarına əlavə edilmiş və Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, X5 mənzil sertifikatı üzrə öz tələblərini İddiaçı vermişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 56 saylı mənzilin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə xx.xx.2021-ci il tarixli müraciətə aidiyyəti üzrə baxılmış, müraciətdə qaldırılan məsələyə qanunamüvafiq qaydada baxılması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun olaraq mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əlavə edilməklə ərizə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhərində yerləşən hər hansı bir mərkəzinə müraciət olunmalıdır.

15. İş materiallarında olan Cavabdeh MTK ilə "xxxx" MMMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında razılaşmanın surətindən görünür ki, öz Nizamnaməsi əsasında fəaliyyət göstərələn Cavabdeh Mənzil Tikinti Kooperativi ilə öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti birləşməsi yolu ilə yeni hüquqi şəxsə çevrilmiş və Cavabdeh MTK-nın hüquqi varisi olan "xxxx" MMMC ilə «Hüquq MTK arasında aşağıdakı şərtlərlə razılığa gəlindi: 1. Cavabdeh MTK-nın bütün bank, vergi və sair borc öhdəlikləri "xxxx" MMMC-nə ötürülür; 2. Cavabdeh MTK-nın mülki dövriyyə zamanı fəaliyyəti dövründə müqavilə və qanun əsasında bütün tələb hüquqları "xxxx" MMMC-nə ötürülür.

16. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh (VÖEN: **********) təşkilati-hüquqi formasını dəyişməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən bildirirlər ki, vergi ödəyicisi Cavabdeh MTK-nın fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MTK-nın üzvü Elşad Qəhrəmanov Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı evin 56 saylı mənzili üzrə mənzil sertifikat hüquqlarını İddiaçı ötürülmüşdür. İddiaçı həmin mənzil üzrə pay haqqı tam ödənildiyi üçün Cavabdeh MTK-ya üzv kimi qəbul edilmiş və həmin mənzildə xx.xx.2020-ci il tarixdə yaşamağa başlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrindən çıxarışın alınması üçün iddiaçı Cavabdeh MTK-ya müraciət edərək mənzil-tikinti kooperativ üzvlərinin ümumi yığıncağının qərarın və digər sənədlərin təqdim edilməsini xahiş etmiş, lakin cavabdeh təşkilatı tələb olunan sənədlərin təqdim etməkdən boyun qaçırmışdır. Bu səbəbdən iddiaçı mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqı tam ödənilməsi barədə arayışı ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir (maddə 110.5).

19. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

20. Göstərilən Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır (maddə 113.2). Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır (maddə 113.3).

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010cu il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

23. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Qərarlarında da formalaşan hüquqi mövqeyə görə daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ həmin əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yarandığından, iddiaçı isə cavabdeh MTK tərəfindən əldə etdiyi mənzillə bağlı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məqsədilə müvafiq hüquqmüəyyənedici sənədləri cavabdehdən əldə edə bilmədiyindən, iddiaçının belə tələblə məhkəməyə müraciət etməsi haqlı hesab edilməlidir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur.

26. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.

27. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) dövlət qeydiyyatı üçün əsaslarından biridir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

29. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) dövlət qeydiyyatı üçün əsaslarından biri kimi qeyd edilmişdir. Yəni buradan müəyyən edilir ki, qanunvericilik sırf reyestrdə qeydə alınma ilə bağlı mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağın protokolunu deyil mənzil-tikinti kooperativi üzvlərinin umumi yığıcağın qərarını nəzərdə tutmuşdur (protokolun olması qərarın olması (tərtib edilməsi) demək deyildir) .

31. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sənədlər iddiaçıya təqdim edilmədiyindən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı binanın 56 saylı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması üçün mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənilməsi barədə arayışı İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativin üzərinə qoyulmalıdır.

32. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Vəkil xərci ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf bununla bağlı müvafiq qaydada rəsmiləşdirilmiş qəbzi məhkəməyə təqdim etmədiyindən iddia tələləbi bu hissədə təmin edilə bilməz.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı binanın 56 saylı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması üçün mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqı tam ödənilməsi barədə arayışı İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativin üzərinə qoyulsun. Cavabdeh MTK-dan İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar