Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4692/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 22.400 manat pulun və 160 manat ödənilmiş dövlət rüsumunun tutularaq, 17.480 manatın İddiaçı1, 5.080 manatın İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı1 aldadaraq 17.400 manat pulunu ələ keçirməsi barədə 25 may 2022-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə ərizə ilə müraciət edilmişdir və ərizə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılmaqla toplanmış material Polis İdarəsinin İstinstaq Şöbəsinə göndərilmiş və material üzrə araşdırmanın davam etdirilməsi İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 həvalə edilmişdir. Sonuncu Cavabdeh izahatlarını almaqla kifayətlənmiş, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, əsassız olaraq toplanmış material üzrə 24 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərardan Yasamal Rayon Prokurorluğuna şikayət etmişlər və qərar ləğv olunaraq yenidən araşdırılma aparılması üçün Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. İzahatında Cavabdeh İddiaçı1 12.509 manat borcunun olduğunu bildirsə də, “whatsapp” mobil tətbiqi ilə olan yazışmalar bunun əksini iddia edir. Qeyd olunan yazışmalar qoşmaya əlavə ediləcəkdir. Cavabdeh özünün də izahatda qeyd etdiyi kimi ilkin olaraq alınan qızılın müəyyən hissəsini İddiaçı1 ödəmiş və onun bu ödəmədə məqsədi İddiaçı1 aldatmaq və etibarından sui-istifadə etmək olub. Belə ki, özünü Rabitə Nazirliyində işləyən şəxs kimi təqdim etməklə özünü etibarlı və imkanlı insan kimi tanıtmış və sonradan İddiaçı1 əmlakını ələ keçirməklə öz əməlini yekunlaşdırmışdır. Göründüyü kimi olduqca peşəkar davranan Cavabdeh əmlakın alınması zamanı aldadıcı üsullardan istifadə edərək və hesablaşma görüntüsü yaradaraq İddiaçı1 aldatmış və onun əmlakını ələ keçirmişdir. Eyni zamanda Cavabdeh İddiaçı2 qardaşı qızını işə düzəltmək adı ilə aldadaraq 5000 manat pulunu ələ keçirməsi barədə 15 may 2022-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət edilmişdir və ərizə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 29cu Polis Şöbəsində araşdırma aparılmaqla toplanmış material Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və material üzrə araşdırmanın davam etdirilməsi İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytnantı X1 həvalə edilmişdir. Sonuncu Cavabdeh və şahidlərin izahatlarını almaqla kifayətlənmiş, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, əsassız olaraq toplanmış material üzrə 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərardan da Yasamal rayon Prokurorluğuna şikayət etmişlər və qərar ləğv olunaraq yenidən araşdırılma aparılması üçün Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. Öz izahatında Cavabdeh İddiaçı2 4000 manat aldığını bildirir. xx.xx.2022-ci il tarixdə İddiaçı2 Cavabdeh kart hesabına 1000 manat göndərmiş və bununla da Cavabdeh İddiaçı2 aldığı pul vəsaiti ümumilikdə 5000 manat olmuşdur. Qeyd olunan qəbz qoşmaya əlavə ediləcəkdir. Belə ki, özünü Rabitə Nazirliyində işləyən biri kimi tanıtmış Cavabdeh İddiaçı2 qardaşı qızını Rabitə Nazirliyinin tabeliyində olan poçt şöbələrinə işə düzəldəcəyini deyib onun 5000 manat pulunu mənimsəmişdir. Son baş vermiş hadisə məhz Cavabdeh tərəfindən məqsədli şəkildə İddiaçı2 etibarından sui-istifadə etməklə onun əmlakını ələ keçirməsini ehtiva edir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcdan heç bir məlumat vermədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı2 Polis Bölməsinə ərizə ilə müraciət edərək, tanışı Cavabdeh qardaşı qızını işə düzəltmək üçün ondan 2022-ci ilin mart ayında hissə-hissə olmaqla, ümumilikdə 5000 manat pulu alaraq vədinə əməl etməyərək ona qarşı dələduzluq etməsini, sonuncunu cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, şikayətçi İddiaçı2 tanışı Cavabdeh dəfələrlə borc pul vermiş və borcunu da vaxtlı-vaxtında qaytarmışdır. Araşdırma zamanı Cavabdeh İddiaçı2 qardaşı qızını Rabitə Nazirliyinin tabeliyində olan Poçt şöbəsinə tanışının vasitəsilə işə düzəltməsini vəd etməsi araşdırma zamanı sübuta yetirilmədiyindən, İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş 24 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı1 Polis Bölməsinə ərizə ilə müraciət edərək, tanışı Cavabdeh tərəfindən ona məxsus 17.400 manat dəyərində qızıl-zinət əşyalarını satıb pulunun ödəmək şərtilə alaraq sonradan müxtəlif bəhanələr uyduraraq aldadıb aldığı qızıl əşyalarının pulunu ödəmədiyini bildirmişdir. Lakin, araşdırma zamanı Cavabdeh İddiaçı1 məxsus olan xeyli miqdarda əmlakı etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməsi faktı öz təsdiqini tapmadığından, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunmuş Cavabdeh izahatından görünür ki, o, ünvan 1 ünvanda yerləşən “Ulduz studio” gözəllik salonunun sahibi İddiaçı2 bir ilə yaxındır ki, tanımış, onun müştərisi olmuş və aralarında münasibətləri yaxşı olmuşdur. Maddi vəziyyəti çətin olan zaman bir neçə dəfə İddiaçı2 faizə, yəni sələmə pul götürüb, həm pulun faizini, həm də aldığı məbləği ödəmişdir. Son 4-5 ay ərzində Günaydan hissə-hissə olmaqla, ümumilikdə 4000 manat faizə pul götürmüş və hər ay götürdüyü məbləğin faizini ödəmişdir. 2022-ci ilin yanvar ayında İddiaçı2 təklifi ilə hər ay 500 manat olmaqla lotereya oynamışlar. O, İddiaçı2 ilə razılaşaraq, fevral ayında lotereya dövrəsinə 500 manat pul da ödəmiş, mart ayında pulu götürmək istəmiş, lakin İddiaçı2 onun əvəzindən çatacaq 4000 manat məbləğində pulu götürməsini və ona qalan borcunu ödəməsini bildirmişdir. İddiaçı2 ondan faizə verdiyi 4000 manat pulu geri qaytarmasını tələb etmiş, lakin o maliyyə çətinliyi bağlı olaraq İddiaçı2 faizə aldığı 4000 manat pulu ödəmək iqtidarında olmamışdır. O, İddiaçı2 qardaşı qızınə Rabitə Nazirliyinin hansısa Poçt Şöbəsinə işə düzəltmək üçün 5000 manat pul vəsaiti almamış və bu barədə sonuncuya heç bir vəd verməmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunmuş Cavabdeh izahatından görünür ki,17 sentyabr 2021-ci il tarixdə, saat təxminən 15:00 radələrində o, tək Bənövşənin işlədiyi salona getmiş və Bənövşənin qızıl satışı ilə məşğul olduğunu bildiyi üçün ondan hədiyyəlik qızıl almaq istədiyini demişdir. Bənövşə də ona ümumi dəyəri 956 manat olan bir ədəd 4,29 qram çəkidə, 585 əyarlı, boyunbağını və bir ədəd 6,19 qram çəkidə, 585 əyarlı qızıl əşyaları vermişdir. O, Bənövşəyə ilkin olaraq 156 manat verəcəyini, qalan 800 manatı isə hər ay 400 manat olmaqla iki ay ərzində verəcəyinə dair şifahi şəkildə söz vermişdir. 11 dekabr 2021-ci il tarixdə ümumi dəyəri 1807 manat olan 585 əyarlı, 18 qram çəkidə bir ədəd qolbağı və bir ədəd üzüyü ilkin olaraq 307 manat ödəniş edərək, qalan 1500 manatı isə 3 ay ərzində hər ay 500 manat ödəmək şərti ilə alıb getmişdir. Bundan sonra o, Bənövşədən ümumilikdə götürdüyü qızıl əşyalar üçün verməli olduğu pulun 12.509 manatını verə bilməmişdir. Bənövşə də ondan 28-ci PB-nə şikayət etmişdir. Bənövşə Hidayətzadə izahatında yalan demiş, onu aldatmamış və Bənövşəyə 12.509 manat borcu qalmışdır. Onu da hazırda işsiz olduğu üçün ödəyə bilmir, lakin ilin sonunadək tam şəkildə ödəyəciyinə söz vermişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən (№ 9********) görünür ki, iddianın qaldırılması üçün iddiaçılar tərəfindən 160 (yüz altmış) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh aldığı qızılların qarşılığında İddiaçı1 12.509 manat məbləğində, digər İddiaçı2 isə oyuna görə 4.000 manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçılar cavabdehin İddiaçı1 17.480 manat məbləğində, İddiaçı2 isə 5.080 manat məbləğində borcu olduğunu iddia etsələr də, bu, məhkəmə tərəfindən öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan göründüyü kimi Polis Bölməsində izahatı alınan Cavabdeh iddiaçılara (12.509 manat və 4.000 manat məbləğində) borcu olduğunu etiraf etmişdir. Məhkəmə eyni zamanda, İddiaçı2 iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz iddia tələbində cavabdehin onu aldadaraq onun qardaşı qızını işə düzəltmək adı ilə ondan 5.000 manat məbləğində pulu alması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, cavabdeh tərəfindən ümumilikdə 16.509 (on altı min beş yüz doqquz) manat məbləğində pulun iddiaçılardan alınıb mənimsənilməsi və cavabdehin hələ də o borcu ödəməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi borc hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia tələbinin qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi borc pul hissəsində qismən təmin edildiyindən, tələb dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. İddianın qaldırılması üçün ödənilən 160 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçıların xeyrinə müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı1 xeyrinə 12.509 (on iki min beş yüz doqquz) manat, İddiaçı2 xeyrinə isə 4.000 (dörd min) manat məbləğində pul vəsaiti tutulmalı, iş üzrə ödənilmiş 160 (yüz altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı1 xeyrinə 12.509 (on iki min beş yüz doqquz) manat, İddiaçı2 xeyrinə isə 4.000 (dörd min) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 160 (yüz altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4692/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4692/2022
13.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver