Məhkəmə qərarları › İş №2(006)-4695/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4695/2022

14.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4695/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh ASC-yə qarşı “bank tərəfindən kart hesabından edilən tutulmaların qanunsuz hesab edilməsi və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul vəsaitinin tutulması və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh ASC-yə qarşı “bank tərəfindən kart hesabından edilən tutulmaların qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh ASC-nin iddiaçının əmək haqqı hesabından etdiyi tutulmaların qanunsuz hesab edilməsi və cavabdehin həmin günə qədər iddiaçının bank hesabı kartından tutduğu 981 manatın ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişdiyi üçün hazırda 2 azyaşlı övladını təkbaşına böyüdür. İddiaçının hal-hazırda maddi vəziyyəti çox ağırdır, uşaqlarına həm ana, həm də ata olmağa çalışır. DOST xidmətində xadimə işləyir və əmək haqqını Cavabdeh ASC-nin Sumqayıt filialından alır. İddiaçının maddi vəziyyəti çox ağır olduğundan Cavabdeh ASC-dən olan əmək haqqı kartına xeyirsevər insanlardan gələn yardımları da qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə onun əmək haqqı hesabı kartına hissə-hissə olmaqla, ümumilikdə 7.350 (yeddi min üç yüz əlli) manat məbləğində pul köçürülmüşdür. İddiaçı köçürülən məbləğin mənbəyini araşdırmaq üçün xx.xx.2022-ci il tarixdə ilk dəfə cavabdeh bank ilə əlaqə saxlamış və ona həmin pulların yardımdan gəldiyi bildirilmişdir. İddiaçı da həmin məbləğdən 5.583 manatını ailə ehtiyaclarına, 1.841 (bir min səkkiz yüz qırx bir) manatını isə kredit ödənişlərinə xərcləmişdir. Lakin xx.xx.2022-ci il tarixdə bankdan iddiaçıya zəng gəlmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-də olan əmək haqqı hesabı kartına 7.350 (yeddi min üç yüz əlli) manat məbləğində pulun texniki səhv nəticəsində köçürüldüyü bildirilmiş və həmin məbləğin geri ödənilməsi tələb edilmişdir. İddiaçı bu zaman ilk dəfə zəng etdikdə pulların yardımdan gəldiyi cavabı aldığını, həmin məbləğin özünün olduğu məlumatını aldığını desə də, bank işçiləri təkid edərək pulu tez bir zamanda ödəməli olduğunu bildirmişlər. O isə çarəsiz qalaraq pulu tam ödəyə bilməyəcəyini, hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan sonra isə cavabdeh tərəfindən qanunsuz hərəkətlər edilməyə başlamışdır. Belə ki, bank işçiləri iddiaçının razılığı olmadan sonuncunun hesabına gələn əmək haqqı və yardımların 100%-ni, yəni hamısını məhkəmə qətnaməsi olmadan tutmağa başlamışlar. İddiaçı hesab edir ki, cavabdehin onun hesabından 100% miqdarda tutulmalar etməsi tamamilə qanunsuzdur və bunun məhkəmə qərarı olmadan edilməsi məhkəmə hakimiyyətinə hörmətsizlikdir. Bankın əməkdaşının dediyi kimi bu köçürülmə bank işçilərinin səhvi ilə olmuşsa belə, bu, məhkəmədə sübut olunmalı, məhkəmə qərarı ilə təsdiq edilməli idi. Burada isə bank bu tutulmalarla bağlı məhkəməyə müraciət etməmiş, məhkəmədə bunu sübut etməmişdir. Buna görə də iddiaçıda şübhələr yaranmışdır ki, bəlkə də, bu məbləğ elə onun özünə köçürülmüş yardımlardan biri olmuşdur. Çünki cavabdehin əməkdaşlarına ilk dəfə bununla bağlı məlumat verdikdə pulun ona məxsus olması cavabını almışdır. Sonradan isə cavabdehin əməkdaşları əlaqə yaradıb yanlışlıqla bağlı məlumat vermiş və məhkəməyə müraciət etmədən tutulmalar etməyə başlamışlar. Bu isə məhkəmədə sübut olunmayan bir məsələ ilə bağlı məhkəmə qərarı olmadan baş vermiş, cavabdeh tərəfindən törədilən qanunsuz bir əməldir. İddiaçının hesabına pulun yanlışlıqla köçürüldüyü məhkəmədə sübut olunsaydı belə, cavabdehin iddiaçının hesabına gələn pulların yalnız 50 faizinə tutulmalar tətbiq etmək hüququ var idi. Halbuki, cavabdeh iddiaçının hesabına gələn pulların 100%-nə tutulmalar tətbiq edir və bütün bunlar tamamilə qanunsuz əməllərdir. Bu qanunsuz əməllərlə bağlı iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli, 125000/1-02-1099 saylı cavabı ilə etdiyi qanunsuz əməlləri haqlı çıxararaq, bundan sonra da məhkəmə qərarı olmadan hesabdan tutulmalar etməyə davam etmişdir. Həmin günədək cavabdeh iddiaçının hesabına may ayında köçürülən 283 manat, iyun ayında 114 manat, iyul ayında 195 manat, avqust ayında 283 manat, sentyabr ayında 61 manat əmək haqqısından, 20 manat, 15 manat, 10 manat ayrı-ayrılıqda olan yardımlardan 100% miqdarında tutulmalar etmişdir. Bütün bu tutulmalar ümumilikdə 981 manat təşkil etmiş və tamamilə qanunsuz, məhkəmə qərarı olmadan həyata keçirildiyinə görə iddiaçı hesa edir ki, həmin tutulmaların əvəzi İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul vəsaitinin tutulması və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Cavabdeh ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 6713,01 (altı min yeddi yüz on üç manat bir qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,13 (səksən yeddi manat on üç qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı məxsus 416974******9824 nömrəli karta xx.xx.2022-ci il tarixdə X4 tərəfindən özünə məxsus 676867******0914 nömrəli kartdan “Birbank” mobil tətbiqi vasitəsilə (mobil nömrə: +**********12) nömrə ilə köçürmə üsulu ilə 150 manat məbləğində vəsait köçürülmüşdür. Lakin qeyd olunan tarixdə bankın əməliyyat sistemində aparılan miqrasiya işləri ilə əlaqədar nömrə ilə köçürmə üsulu ilə icra olunmuş əməliyyatların statusunda yenilənmə baş vermədiyindən, bu üsulla vəsait qəbul etmiş müştərilər həmin vəsaiti təkrar olaraq hesablarına mədaxil etmək imkanı əldə etmişdirlər. Həmçinin, cavabdeh ona köçürülmüş həmin 150 manat məbləğində vəsaiti əlavə olaraq 49 dəfə təkrarən hesabına mədaxil etmişdir (ümumilikdə əlavə 7350 manat). Qeyd olunan texniki nöqsan bank tərəfindən aşkarlandıqdan sonra həmin müştərilərin hesablarına mədaxil olunmuş vəsaitlər geri qaytarılmışdır (revers olunmuşdur). Bu zaman cavabdehin hesabında həmin vəsait artıq mövcud olmadığından kart hesabının balansında mənfi qalıq yaranmış və hesabın balansı mənfi olduğundan daha sonra həmin hesaba mədaxil olunan vəsaitlər silinmişdir. Belə ki, cavabdeh tərəfindən ümumilikdə 7350 manat artıq vəsait istifadə edilmiş, həmin məbləğdən 1617,99 manat məbləğində vəsait bank tərəfindən akseptsiz qaydada tutulmuşdur. X1 hesabından çıxarışdan da göründüyü kimi, həmin müştəridən qeyd olunan tarixdə yalnız bir dəfə 150 manat məbləğində vəsait köçürülmüşdür. Hazırda cavabdeh banka qarşı iddia ərizəsi ilə müraciət edərək, kart hesabına mədaxil olunmuş və mənfi qalıq üzrə silinmiş 981 manat vəsaitin qaytarılmasını tələb edir. Cavabdeh bankın vəsaiti hesabına əsassız olaraq varlandığı üçün həmin məbləğdən 6713,01 manat məbləğində vəsait banka geri qaytarılmalıdır (7350 manatdan 1617,99 manat bank tərəfindən silindiyindən və ilkin iddia üzrə bankdan yalnız 981 manat tələb olunduğundan ilkin iddia üzrə iddiaçı tərəfindən tələb edilməyən 636,99 manat çıxılmaqla). Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə əsassız varlanmışdır. Göstərilənlərə əsasən, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC, həmçinin, məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, cavabdeh İddiaçı kartına köçürülmüş 150 manat məbləğində vəsait texniki səhv nəticəsində təkrar olaraq 49 dəfə hesaba mədaxil edilmişdir. Hər mədaxil əməliyyatında isə 1 %, yəni 1,50 manat məbləğində xidmət haqqı çıxılmaqla, cəmi 7276,5 manat (148,5 x 49) məbləğində vəsait əsassız olaraq hesaba mədaxil edilmişdir. Cavabdeh həmin vəsaiti məxaric etmiş və hesabda 0,39 manat məbləğində vəsait qalmışdır. Daha sonra bank tərəfindən həmin hesabdan 7276,5 manat məbləğində vəsait silinmiş və hesabın balansı -7276,11 manat təşkil etmişdir. Cavabdehin hesabına xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 1359,21 manat məbləğində vəsait mədaxil olunmuş, həmin vəsaitdən 2 manat məbləğində komissiya tutulmuş, 1357,21 manat məbləğində vəsait isə cavabdehin banka olan borcundan silinmişdir. Beləliklə, hazırda cavabdehin banka olan borcu 5918,9 manat təşkil edir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı qarşılıqlı iddianı qismən qəbul edərək izahatında bildirdi ki, onun ailəsi aztəminatlıdır, belə ki, maddi cəhətdən imkanları yoxdur, Sumqayıt şəhərində yataqxanada qalırlar. Sumqayıtda bir nəfər xeyriyyəçi Hacı Azər adlı şəxs ona maddi cəhətdən kömək edir. Həmin şəxs əvvəllər onun “X7 Azərbaycan” QSC-dən olan bank kartına hər ay müəyyən məbləğlərdə yardımlar etmişdir. X6 adlı şəxs Cavabdeh ASC-dən olan kartın daha əlverişli olacağını bildirmiş və onun Cavabdeh ASC-dən olan maaş kartına hər ay azı 100 manat məbləğində yardım göndərmişdir. xx.xx.2022-ci ildə Hacı Azər ona zəng edərək yenə pul göndərdiyini bildirmiş, bundan sonra o, kartında 7350 manat məbləğində pul olduğunu görmüşdür. İddiaçı Hacı Azər adlı şəxslə əlaqə saxlaya bilmədiyindən Cavabdeh ASC-nin qaynar xəttinə zəng etmiş və bankdan ona məsələnin araşdırılacağı bildirilmişdir. İddiaçı isə həmin məbləği kredit ödənişinə sərf etmişdir. Bundan sonra hər ay onun maaş kartına köçürülən məbləğ 100 faiz həcmində cavabdeh bank tərəfindən tutulmağa başlamışdır. Hazırda o, banka borcunun olduğunu qəbul edir, lakin borc məbləğini birdəfəlik ödəməyə imkanı yoxdur. Həmçinin, borc üzrə tutulmalar onun maaş kartına köçürülən məbləğlərə 100 faiz həcmində yönəldiyindən, onun isə kartına köçürülən maaş və yardımlara ehtiyacı olduğundan, başqa gəlir yeri olmadığından, cavabdehə olan borcunu hissə-hissə ödəməyə razı olduğunu bildirib, hər ay karta köçürülən məbləğin yarısına tutulmanın yönəldilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsinin və yazılı izahatın məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia üzrə müəyyən olunmuş borc məbləğinin tamamilə əsaslı olduğunu və tutmaların maaş kartına köçürülən aylıq əmək haqqına tam həcmdə yönəldilməsinin müqavilə üzrə bankın hüququ olduğunu bildirdi. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia və qarşılıqlı iddia ərizələrini, yazılı izahatı nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh ASC-nin Sahil filialı ilə «X8» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Cavabdeh ASC-nin əmək haqqı ödəniş kartlarının istifadə edilməsi və xidmət olunması üzrə müqavilə”dən görünür ki, bu müqavilə bank tərəfindən buraxılan, Azərbaycan Respublikası ərazisində və xaricdə istifadə edilə bilən əmək haqqı ödəniş kartlarının verilməsi və onların istifadəsi, kartlara bağlı kart hesablarının bankda açılması ilə bağlı «X8» MMC ilə bank arasındakı münasibətləri tənzimləyir, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Müqavilənin 8.2-ci bəndində qeyd edilmişdir ki, kart hesabına artıq və ya səhvən mədaxil edilmiş məbləğlərdən istifadə edilməməlidir. Səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar edildikdə «X8» MMC/kart istifadəçisi dərhal bankı məlumatlandırmalıdır. Məbləğdən istifadə edildiyi təqdirdə «X8» MMC və/və ya kart istifadəçisi bu məbləğləri banka geri qaytarmağı və ya bank tərəfindən kart istifadəçisinin hesabından akseptsiz qaydada silinməsini qəbul edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı «X8» Məhdud Məsuliyyətli Cəmiyyətində “sosial işçi, ictimai işlər” vəzifəsində işləyir, əmək haqqı 300 manat təşkil edir. Mülki işin materiallarında olan X3 məxsus hesabdan xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən çıxarışdan görünür ki, “Birbank” vasitəsilə xx.xx.2022-ci il tarixdə 150 manat məbləğində pul köçürülmüş, qalıq balans 750 manat təşkil etmişdir. Mülki işin materiallarında olan sənəddən görünür ki, (+994) 50 322 84 12 nömrəsi vasitəsilə 416974******9824 nömrəli karta xx.xx.2022-ci il tarixdə 49 dəfə, xx.xx.2022-ci il tarixdə isə 1 dəfə 150 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mülki işin materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 125000/1-02-1099 saylı cavab məktubundan görünür ki, İddiaçı istifadəsində olan 416974******9824 nömrəli plastik karta 10 aprel 2022-ci il tarixdə digər plastik kartdan 150 manat vəsait köçürülmüşdür. Texniki xəta nəticəsində qeyd edilən vəsaitin əlavə olaraq 49 dəfə, cəmi 7350 manat mədaxili mümkün olmuşdur. Mədaxil edilmiş vəsaitdən plastik kart məlumatları istifadə edilməklə 5583 manatı bankomatdan məxaric edilmiş və 1841,66 manat kredit ödənişlərinə yönəldilmişdir. Texniki xəta aradan qaldırıldıqdan sonra 13 aprel 2022-ci il tarixdə artıq mədaxil əməliyyatları geri qaytarılmış və kart hesabı üzrə 7276,11 manat mənfi qalıq yaranmışdır. Mənfi qalığın aradan qaldırılması üçün istifadə edilmiş vəsaitin kart hesabına mədaxil edilməsi tövsiyə edilmiş və qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus “VSDC Electron Salary” növlü 416974******5542 nömrəli kart hesabının mövcud balansı -6056,47 manatdır. Çıxarışdan, həmçinin, görünür ki, xx.xx.2022-ci il tarixdə sözügedən kart hesabına dəfələrlə 150 manat məbləğində pul köçürülmüş və xx.xx.2022-ci il tarixdə isə dəfələrlə həmin məbləğdə pul kartdan tutulmuşdur. xx.xx.2022-ci il tarixdə karta köçürülən hər 150 manata görə, kartdan 1,50 manat tutulmuş, xx.xx.2022-ci il tarixdə isə hər 150 manat tutulmadan sonra 1,50 manat karta geri qaytarılmışdır. Beləliklə, kart hesabında mənfi balans yaranmış, bundan sonra isə karta mədaxil edilən hər bir məbləğdə pul vəsaiti 100 % həcmində həmin mənfi balansın ödənilməsinə yönəldilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə karta 11 manat və 15 manat, xx.xx.2022-ci il tarixdə 283,50 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 283,50 manat, xx.xx.2022-ci il tarixdə 195,87 manat, xx.xx.2022-ci il tarixdə 113,40 manat, xx.xx.2022-ci il tarixdə 238,74 manat, xx.xx.2022-ci il tarixdə 61,63 manat məbləğlərində pul vəsaiti mədaxil edilmiş və dərhal tutulmuşdur. Dövr üzrə kart hesabına cəmi 8866,14 manat mədaxil olunmuş, 14922,61 manat isə məxaric olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, onun hesabına xx.xx.2022-ci il tarixdə 76,43 manat, xx.xx.2022-ci il tarixdə 61,14 manat, xx.xx.2022-ci il tarixdə 283,50 manat və xx.xx.2022-ci il tarixdə 0,28 manat, xx.xx.2022-ci il tarixdə 0,63 manat, xx.xx.2022-ci il tarixdə 283,50 manat məbləğlərində pul vəsaiti mədaxil edilmiş və dərhal tutulmuşdur. Çıxarışdan o da görünür ki, xx.xx.2022-ci il tarixdə bank tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə edilmiş tutulmalar (283,50 + 0,28 + 0,63 + 283,50) geri qaytarılmış və iddiaçının kart hesabının balansı həmin tarixə 567,91 manat təşkil etmişdir. Mülki işin materiallarında olan “Account Management” adlı sənəddən görünür ki, İddiaçı məxsus 416974******9824 nömrəli kart “closed” (qapalı), 416974******5542 nömrəli kart isə “open” (açıq) statusundadır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə Cavabdeh ASC tərəfindən 87,13 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı «X8» Məhdud Məsuliyyətli Cəmiyyətində “sosial işçi, ictimai işlər” vəzifəsində işləyir, əmək haqqı 300 manat təşkil edir və əmək haqqını Cavabdeh ASC-nin 416974******5542 nömrəli (əvvəllər isə 416974******9824 nömrəli) plastik kartı vasitəsilə alır. İddiaçıya məxsus 416974******9824 nömrəli kart hesabına X4 tərəfindən “Birbank” mobil tətbiqi vasitəsilə xx.xx.2022-ci il tarixdə 150 manat məbləğində pul köçürülmüş, köçürmədən sonra həmin şəxsin kartının qalıq balansı isə 750 manat təşkil etmişdir. Həmin gün baş verən texniki xəta nəticəsində köçürmə əməliyyatı 48 dəfə, xx.xx.2022-ci il tarixdə isə 1 dəfə olmaqla, ümumilikdə 49 dəfə təkrarlanmış, hər köçürmə əməliyyatına görə isə kartdan 1,50 manat məbləğində komissiya tutulmuşdur. Beləliklə, sözügedən texniki xəta nəticəsində bankın vəsaiti hesabına iddiaçının kartına 7276,5 manat (148,5 x 49) məbləğində pul köçürülmüşdür. İddiaçı həmin vəsaitdən 7276,11 manat hissəsini məxaric etmiş, kartın balansında isə 0,39 manat məbləğində vəsait qalmışdır. Texniki xəta aradan qaldırıldıqdan sonra isə iddiaçının kartının balansında olan 0,39 manat cavabdeh tərəfindən silinmiş və onun əsassız əldə etdiyi vəsaitdən məxaric etdiyi miqdarda, yəni 7276,11 manat məbləğində mənfi qalıq yaranmışdır. Bundan sonra iddiaçının kart hesabının balansı mənfi olduğundan onun hesabına köçürülən hər pul vəsaiti (əmək haqqı, yardım və s.) tam həcmdə cavabdeh tərəfindən avtomatik olaraq tutulmuşdur. Nəticədə cavabdehin məhrum olduğu 7276,50 manat məbləğində pulun cəmi 1357,21 manat hissəsi cavabdeh tərəfindən avtomatik tutulmuş və iddiaçının əsassız əldə etdiyi vəsaitdən cavabdehə olan qalıq borcu 5918,9 manat təşkil etmişdir. Burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə yanaşı, ərizəçi qismində müvəqqəti təminat tədbirinə dair ərizə ilə də məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin ona məxsus əmək haqqı kartı hesabından etdiyi qanunsuz tutulmaların bu məsələ ilə bağlı məhkəmə qətnaməsi qəbul edilənədək dayandırılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-52/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı «müvəqqəti təminat tədbiri»nə dair ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı məxsus “VSDC Electron Salary” növlü 416974******5542 nömrəli kart hesabından tutulmaların aparılması Cavabdeh ASC-yə qadağan edilmiş, qərardadın müvəqqəti xarakter daşıması və işi qabaqcadan mahiyyəti üzrə həll etməməsi tərəflərə izah olunmuş, qərardadın dərhal icra edilməsi və qərardadın icrasının Nəsimi rayon icra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə ilkin iddia tələbinin “iş üzrə Cavabdeh ASC-nin iddiaçının əmək haqqı hesabından etdiyi tutulmaların qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının işəgötürəni ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Cavabdeh ASCnin əmək haqqı ödəniş kartlarının istifadə edilməsi və xidmət olunması üzrə müqavilə”nin 8.2-ci bəndi ilə - kart hesabına artıq və ya səhvən mədaxil edilmiş məbləğlərdən istifadə edilməməsi, - səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar edildikdə «X8» MMC/kart istifadəçisinin dərhal bankı məlumatlandırması, - məbləğdən istifadə edildiyi təqdirdə «X8» MMC-nin və/və ya kart istifadəçisinin bu məbləğləri banka geri qaytarması və ya bank tərəfindən kart istifadəçisinin hesabından akseptsiz qaydada silinməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçıya məxsus kart hesabına cavabdeh tərəfindən səhvən 7276,5 manat məbləğində artıq vəsaitin mədaxil edilməsi, onun həmin məbləğin 7276,11 manat hissəsini istifadə etməsi, cavabdeh tərəfindən tələb olunduqda isə iddiaçının həmin məbləği geri qaytarmaması və nəticədə cavabdeh tərəfindən iddiaçının hesabından akseptsiz qaydada silinməsi hazırki mülki işin mübahisəsiz hallarını təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə ona məxsus olan hüququ həyata keçirmişdir. Hazırda Azərbaycan Respublikasında formalaşmış vahid məhkəmə təcrübəsinə görə, cavabdeh iddiaçıya məxsus kart hesabından onunla iddiaçının işəgötürəni arasında bağlanmış müqavilənin müvafiq bəndi əsasında tutulmalar etdiyindən, cavabdehin bu hərəkətləri məhkəmə tərəfindən qanunsuz hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, iddiaçının əmək haqqının 100 %-nin cavabdeh tərəfindən tutulması hüququn ədalət və mütənasiblik prinsipinə uyğun gəlmir. Lakin ilkin iddia tələbinin “iş üzrə Cavabdeh ASC-nin iddiaçının əmək haqqı hesabından etdiyi tutulmaların qanunsuz hesab edilməsi” hissəsinin məhkəmə tərəfindən təmin edilməsi hazırda mülki dövriyyədə qüvvədə olan eyni məzmunlu bəndi özündə ehtiva edən müqavilələrin tərəfləri arasında və ölkədə formalaşmış vahid məhkəmə təcrübəsində xaos yarada biləcəyindən, məhkəmə tələbin bu hissəsinin təmin edilməməsinin məqsədəuyğun olması qənaətinə gəlir. Məhkəmə ilkin iddia tələbinin “cavabdehin həmin günə qədər iddiaçının bank hesabı kartından tutduğu 981 manatın ona geri qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, hazırki mübahisə iddiaçının cavabdehin vəsaiti hesabına əsassız varlanması nəticəsində meydana gəlmişdir. Belə ki, texniki xəta səbəbilə cavabdeh ona məxsus olan 7276,5 manat məbləğində pul vəsaitindən məhrum olmuş, iddiaçı isə həmin məbləğ həddində əsassız varlanmışdır. Göründüyü kimi, cavabdehin hüquqları pozulmuş və o, öz pozulmuş hüquqlarını bərpa etmək, yəni iddiaçının xeyrinə məhrum olduğu vəsaiti geri qaytarmaq məqsədilə iddiaçının işəgötürəni ilə onun arasında bağlanmış müqaviləyə müvafiq olaraq, iddiaçının hesabına köçürülən pul vəsaitlərinə 100 % həcmində tutulma yönəltmişdir. Cavabdehin iddiaçının sərəncamı və ya müvafiq məhkəmə qərarı olmadan onun hesabından pul vəsaitini silməsi məsələsinin qanuni olub-olmamasına məhkəmə tərəfindən yuxarıda hüquqi qiymət verilmişdir. Tələbin ikinci hissəsinə münasibətdə isə bildirilməlidir ki, tələbin bu hissəsi mülki prosessual qanunvericiliyin normaları baxımından təmin edilə bilməz. Təbii ki, məhkəmə cavabdehin iddiaçının hesabına gələn vəsaitlərdən 100 % həcmində tutulmalar etməsini ədalətli hesab etmir, lakin hazırda 981 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən sırf 100 % həcmində silinməsi səbəbilə iddiaçıya geri qaytarılmasının qət edilməsi və qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsi nəticəsində həmin məbləğin də içinə daxil olduğu vəsaitin (bank qarşılıqlı iddia üzrə tələbini ilkin iddianın təmin edilməsi, yəni 981 manatın bankdan tutulub iddiaçıya verilməsi ehtimalını nəzərə alaraq, 981 manatı Q.Bahariyyədən tutulmalı olan məbləğə əlavə edərək təqdim etmişdir) yenidən hissə-hissə və ya birdəfəlik şəkildə cavabdehə qaytarılması özlüyündə mənasız olar və həm də mümkünsüzdür. Belə ki, nəzərə alınmalıdır ki, qarşılıqlı iddia tələbi məhkəmə tərəfindən araşdırılmış və qismən haqlı hesab edilmişdir. Qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi tələbin bu hissəsinin təminini, yəni ilkin iddia tələbinin qismən təmin edilməsini mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır (MPM-in 82-ci maddəsi). Həmçinin, qeyd edilməlidir ki, iddiaçının cavabdehə yaranmış borcuna görə əmək haqqının 50 %-nə tutulmanın yönəldilməsinə razı olduğunu nəzərə alsaq, hazırda cavabdehdən tələb etdiyi 981 manat məbləğində vəsaitin böyük hissəsi bu günədək (əsassız varlanmanın aprel ayında baş verməsini nəzərə alsaq) ondan tutula bilərdi. Son olaraq isə qeyd edilməlidir ki, tələbin sözügedən hissəsinin təmin edilməsi cavabdehin hüquqlarının ikinci dəfə pozulmasına və onun özünə məxsus olan vəsaitdən ikinci dəfə əsassız məhrum olmasına gətirib çıxaracaqdır. Qeyd edilənlərə əsasən, məhkəmə ilkin iddia tələbinin “cavabdehin həmin günə qədər iddiaçının bank hesabı kartından tutduğu 981 manatın ona geri qaytarılması” hissəsinin də təmin edilməməsi qənaətinə gəlir. Mülki Məcəllənin 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin “cavabdeh İddiaçı Cavabdeh ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 6713,01 (altı min yeddi yüz on üç manat bir qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehin iddiaçının 7276,50 manat məbləğində vəsaiti hesabına əsassız varlanması, həmin pulun cəmi 1357,21 manat hissəsinin iddiaçı tərəfindən cavabdehdən tutulması, cavabdehin əsassız əldə etdiyi vəsaitdən iddiaçıya olan qalıq borcunun 5918,9 manat təşkil etməsi və cavabdehin iddiaçıya borcunun olmasını məhkəmədə etiraf etməsi hazırki işin mübahisəsiz hallarını təşkil edir. Buna görə də qarşılıqlı iddia tələbi qismən təmin edilməli, belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5918,9 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Cavabdeh ASC-yə ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1, 191.3-cü maddələrinə müvafiq olaraq, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh ASC-yə qarşı “bank tərəfindən kart hesabından edilən tutulmaların qanunsuz hesab edilməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5918,9 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh ASC-yə ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia təmin edilmədiyindən ilkin iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı aid edilməli, qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 87,13 manat dövlət rüsumunun 77 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-yə ödənilməli, qalan 10,13 manat hissəsi isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh ASC-yə qarşı “bank tərəfindən kart hesabından edilən tutulmaların qanunsuz hesab edilməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. İlkin iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5918,9 (beş min doqquz yüz on səkkiz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh ASC-yə ödənilsin. Qarşlıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 87,13 (səksən yeddi manat on üç qəpik) manat dövlət rüsumunun 77 (yetmiş yeddi) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-yə ödənilsin, qalan 10,13 (on manat on üç qəpik) manat hissəsi isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-yə aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar