Məhkəmə qərarları › İş №2(006)-4696/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4696/2021

01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4696/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı Bəgaliyev Maqsud Əlisahib oğlunun, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Cavabdehin vəkili X6 iştirakı ilə İddiaçı Bəgaliyev Maqsud Əlisahib oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bəgaliyev Maqsud Əlisahib oğlu cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57.840 manat maddi ziyan, 50.000 manat mənəvi ziyan olmaqla, pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bəgaliyev Maqsud Əlisahib oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehin tabeliyində olan Yardımlı rayon Elektrik Şəbəkəsi İdarəsində nəzarətçimühəndis işləmişdir. Nəzarətçi işlədiyi ərazi evindən 48 km. məsafədə yerləşmişdir. Region üzrə cəmi 3 ədəd termilla işləmişdir. İşinə həmişə məsuliyyətlə yanaşmış, hər gün işə vaxtında getmiş, heç vaxt işə gecikməmiş və rəhbərlik tərəfindən belə bir irad almamışdır. Rəhbərliklə razılaşmaya əsasən məsafənin uzaq olması ilə əlaqədar nəqliyyat təminatı olmadığından uzun illər şəxsi atından nəqliyyat vasitəsi kimi xidməti əraziyə getmək üçün istifadə etmişdir. 11 aprel 2017-ci ildə həmişəki kimi səhər işə getmiş, «Battaqlı» dərə adlanan yerdən keçərkən atdan yıxılmış, qıçı sınmış və ağır xəsarətlər almışdır. İlkin olaraq Biləsuvar rayon xəstəxanasına aparılmışdır. Orada əməliyyat olunduqda ayağında 12 yerdə qəlpə olduğu məlum olmuşdur. Hazırda ayağına mil qoyulmuşdur. Sonradan da dəfələrlə müxtəlif cərrahi əməliyyatlara və prosedurlara məruz qalsa da, sağlamlığı bərpa olunmamışdır. Nəticədə ikinci qrup əlillik almışdır. Cavabdeh işdə aldığı xəsarəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədiyi və baş vermiş bədbəxt hadisə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məlumat vermədiyi üçün o, məhkəməyə müraciət etmişdir. Onun həqiqətən də, işdə əmək xəsarəti alması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli 2(103)-9049/2019 saylı qətnaməsi ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə qət etmişdir ki, «…11.04.2017-ci ildə Bəgaliyev Maqsud Əlisahib oğlu ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən edilsin, həmin tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun». Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-361/2020 saylı qərarı ilə dəyişiklik edilmədən saxlanılmışdır və hazırda da qüvvədədir. "xxxx" ASC tərəfindən onun barəsində istehsalatda bədbəxt hadisə baş verməsi haqqında İZ formalı 04/2020 nömrəli akt tərtib edilmişdir. Hazırkı iddia ərizəsində qeyd edilən xəsarətin həqiqiliyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiqlənir. Cavabdehin təqsiri ondan ibarətdir ki, o, qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi şərtlərini təmin etməmişdir. Onun orta aylıq əmək haqqı 560 manat məbləğində olmuşdur. Ona görə də, qeyd edilən dövr üzrə (11.04.2017-01.01.2021) sağlamlığa vurulmuş zərərə görə itirilmiş qazancın məbləği 48 ay üçün 26.840 manat məbləğindədir. Bundan başqa, o, müxtəlif tibbi cərrahiyyə əməliyyatlarına məruz qalmışdır ki, bunun da məbləği aşağıda göstərilən kimidir: xəstəxana xərcləri (bununla bağlı qidalanma, bununla bağlı gediş-gəliş, cərrahiyyə əməliyyatları) 31.000 manat. Mənəvi ziyanla bağlı qeyd edir ki, cavabdeh ona heç bir xəbərdarlıq etmədən əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İşdə aldığı xəsarətə hüquqi qiymət verməmələri, ona qarşı qanunsuz hərəkətləri və onu əsassız olaraq işdən çıxarmaları ona çox pis təsir etmişdir. Belə vəziyyətə düşməsi, işdən çıxarılması və həmin vaxtdan bəri çəkdiyi xərclər, itirdiyi vaxt ucbatından ciddi mənəvi sarsıntılar keçirir, əsəb və yuxu sistemi də əhəmiyyətli dərəcədə pozulmuşdur. Ailələrində işləyən yeganə şəxs odur. O, iş üçün başqa müəssisələrə müraciət etmişdir. Həmin müəssisələr onun ayağının belə vəziyyətini müşahidə etdikdən sonra iş üzrə təcrübəsi olsa da, axsaması əsas gətirilərək, onunla əmək münasibətlərinə girməkdən imtina ediblər. Bu isə onda gələcək iş fəaliyyəti üçün bədbinlik və mənəvi sarsıntılara səbəb olur. Bununla yanaşı, o, nəinki, bədbəxt hadisə ilə bağlı yol və müalicə məsrəflərini, həmçinin ailəsinin dolanışığı üçün zəruri olan tələbatlarını da ödəyə bilmir. Bu hadisənin baş verməsi nəticəsində onun sağlamlığının uzun müddətə pozulmasına görə ailəsinin dolanışığı və övladlarının gələcəyi barədə olan düşüncələr onu ağır mənəvi sarsıntıya düçar edir. Hərdən az qalır ki, özünü öldürməklə bu əzabdan, bu sıxıntıdan canını qurtarsın. Baş vermiş bədbəxt hadisədən sonra o, iş yerini itirmişdir və sağlamlığına az ağır xəsarət yetirilib. Hesab edir ki, mənəvi zərər kimi ona 50.000 manat məbləğində ziyan dəymişdir. Məhkəmə baxışı dövründə iddiaçı Bəgaliyev Maqsud Əlisahib oğlu Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 58.040 manat maddi ziyan (27.040 manat itirilmiş qazanc + 31.000 manat xəstəxana xərcləri), 50.000 manat mənəvi ziyan olmaqla, pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi; cavabdeh "xxxx" ASC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»nın 2.10-cu bəndində nəzərdə tutulan yazılı sorğunun iddiaçıya verilməsi vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması haqqında ərizə onunla əsaslandırılmışdır ki, sorğu nəticəsində iddiaçının aylıq əmək haqqı 520 manat olması müəyyən edilmişdir. Belə olan təqdirdə iddiaçının xəsarət alandan sonra 11.04.2017-ci il- 01.08.2021-ci il dövrü üçün itirilmiş qazancı 52 ay üçün 27.040 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 2.10-cu bəndinə əsasən istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sisteminə daxil edir. Bundan əlavə, iddiaçı Bəgaliyev Maqsud Əlisahib oğlu cavabdeh "xxxx" ASC-nin iddia ərizəsinə təqdim etdiyi etirazla bağlı qeyd etmişdir ki, cavabdeh iddia tələbinə etirazında göstərmişdir ki, qəbul edilmiş qətnamələrlə "xxxx" ASC-nin təqsirinin olması müəyyən edilməmiş, yalnız onun əmək xəsarəti alması faktı tanınmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.07.2011-ci il tarixli Qərarında göstərilir: “Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır.” Beləliklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Hazırki işdə cavabdeh "xxxx" ASC öz təqsirsizliyini sübuta yetirə bilməmişdir. Belə olan halda o, "xxxx" ASC-nin təqsirliliyini sübuta yetirməyə borclu deyildir və "xxxx" ASC öz təqsirsizliyini sübuta yetirmədiyi halda ona vurulmuş ziyana görə təqsirli hesab edilir. Cavabdeh "xxxx" ASC-nin təqsirini bu hallar da təsdiq edir. Belə ki, Əmək Məcəlləsnin 217-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Lakin onunla baş vermiş istehsalatda bədbəxt hadisə barədə "xxxx" ASC X8 məlumat verməmişdir. Qeyd edilən maddənin 2-ci bəndində göstərilmişdir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır, 3-cü bəndində göstərilmişdir ki, bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Əmək Məcəlləsinin 217-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Cavabdeh bədbəxt hadisənin baş vermə faktını gizlətmiş, “İZ” formalı aktı tərtib etməkdən boyun qaçırmışdır. Əgər cavabdehin baş verən hadisədə təqsiri olmasa idi o, bu barədə X8 məlumat verər, “İZ” formalı akt tərtib edər və aktda göstərərdi ki, kim təqsirkardır. Məhz cavabdehin istehsalatda bədbəxt hadisəni gizlətməsi onun təqsiri olmasının bariz sübutudur. İşçinin peşə qabiliyyətinin itirilməsi faizinin neçə faiz olmasının göstərilməməsi məsələsinə gəldikdə isə yenə də, cavabdeh haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 2.10-cu bəndinə əsasən istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. Lakin cavabdehə müraciət edilərək, qeyd edilən sorğunun göndərilməsinin xahiş edilməsinə baxmayaraq, qanunvericiliyin bu tələbi də, cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Bu halda yenə də məhz cavabdehin təqsirindən onun peşə qabiliyyətinin neçə faiz itirilməsi müəyyən edilməmişdir. Cavabdeh onun üçün təhlükəsiz iş prosesinin yaratmasını sübuta yetirməmişdir. Ali Məhkəmənin iş materiallarında olan qərarında müəyyən edilmişdir ki, o, istehsalat prosesində xəsarət almış və aldığı xəsarət əmək xəsarətidir. Əmək Məcəlləsinin 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Həmin Məcəllənin 209-cu maddəsinə əsasən əməyin mühafizənin əsas prinsiplərinə aiddir: işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi; istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən araşdırılması, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi. Cavabdeh qeyd edilən normalara riayət etməmişdir (onu pulsuz nəqliyyat ilə təmin etmədiyi, istehsalatda baş vermiş bədbəxt hadisəni araşdırmadığı) və onun qəsdən zədə alması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda “DOST” saytının rəsmi məlumatında da göstərilmişdir: İstehsalatda bədbəxt hadisə baş verdikdə təqsirkar müəssisə təhqiqat aktına əsasən işçiyə dəyən zərərə görə məsuliyyət daşıyır....Əmək xəsarətinə görə dəyən zərər istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizə qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü olduqda ödənilməlidir...zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞ İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi QAYDALARİ, ŞƏRTLƏRİ VƏ MƏBLƏĞİNİN 1.1-ci bəndinə əsasən zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Cavabdeh iddiaçının qəsdi olmasını sübuta yetirmədiyi halda (bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, hökmü və s. yoxdur) iddiaçıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Bəgaliyev Maqsud Əlisahib oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı izahatına əlavə olaraq tələbinin “xəstəxana, bununla bağlı qidalanma, yanına gedib-gəlmə, cərrahiyə əməliyyatlarının 31.000 manat məbləğində hesablanması” meyarları ilə bağlı bu məbləğin günə 300 manatdan hesabladığını qeyd etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia ərizəsinə yazılı şəkildə etiraz təqdim edərək təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək göstərmişdir ki, Bəgaliyev Maqsud Əlisahib oğlu "xxxx" ASC-yə qarşı “istehsalatda bədbəxt hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.03.2019-cu il tarixli 2(006)-758/2019 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Qeyd edilən qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 20.08.2019-cu il tarixli 2(103)-9049/2019 saylı qətnaməsi ilə təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmuş, 11.04.2017-ci il tarixdə Bəgaliyev Maqsud Əlisahib oğlu ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuş, həmin tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması və istesalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Apellyasiya instansiya məhkəməsinin qeyd edilən qətnaməsi kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəyə minmişdir. AR Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinə əsasən qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 20.08.2019-cu il tarixli 2(103)- 9049/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş halların yenidən mübahisələndirilməsinə yol verilmir. Lakin diqqətə çatdırmaq istəyir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 20.08.2019-cu il tarixli 2(103)-9049/2019 saylı qətnaməsində yalnız İddiaçı in 11.04.2017-ci il tarixdə cavabdeh müəssisədə əmək vəzifələrinin icra edərkən əmək xəsarəti alması faktı tanınmışdır. İddiaçı in əmək xəsarəti almasında işəgötürən müəssisə olaraq "xxxx" ASC-nin təqsirinin olması həmin qətnamə ilə müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsinin qət hissəsində öz əksini tapmış “.....baş vermiş hadisənin təhqiqatının aparılması......” qeydi bir daha onu deməyə əsas verir ki, baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmadığından, həmin hadisədə cavabdehin təqsiri heç bir qətnamə ilə müəyyən edilməmişdir. Çünki istər apellyasiya, istərsə də kassasiya instansiya məhkəməsi iddia tələbinə uyğun olaraq mülki işə bədbəxt hadisə faktının müəyyən olunması, yəni həmin hadisənin iş vaxtı baş verməsi, həmçinin cavabdeh tərəfindən İZ aktının verilməsi prizmasından baxmış, baş vermiş hadisədə cavabdehin təqsirinin olub-olmaması məsələsi araşdırılmamış və məhkəmə tərəfindən təqsirlilik məsələsinə hüquqi qiymət verilməmişdir. İddiaçı tələbində AR Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci bəndinə (Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar) istinad etmiş, lakin Bəgaliyev Maqsudun aldığı xəsarətlə cavabdeh təşkilat "xxxx" ASC-nin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, yəni bədbəxt hadisə faktının cavabdehin məhz hansı qanunazidd əməli nəticəsində baş verdiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan maddəyə münasibətdə onu qeyd edir ki, baş vermiş bədbəxt hadisə İddiaçı in şəxsi təsərrüfatına məxsus atdan yıxılan zaman və özünün Yardımlı rayon Polis şöbəsinə verdiyi izahatında da, qeyd etdiyi kimi ehtiyatsızlıqdan baş vermişdir. Yəni bu bir daha onu deməyə əsas verir ki, "xxxx" ASC-yə məxsus olmayan və hər hansı bir sənəd əsasında İddiaçı təhkim edilməmiş minik vasitəsinin təhlükəsizliyini təmin etmək istənilən halda cavabdehin məsuliyyət dairəsi xaricindədir və onun təqsirini tamamilə isitisna edir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin 3 saylı Qərarında (bənd 1.3) qeyd edilmişdir ki, ..... təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. Hazırki mübahisə üzrə işəgötürən "xxxx" ASC-nin baş vermiş istehsalat qəzası zamanı təqsirkar olmasını təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, qüvvədə olan qanunvericiliyə əsasən mülki hüquq pozuntusu (delikt) dedikdə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (Mülki Məcəllənin 1096.1-ci maddəsi). Göründüyü kimi, mülki hüquq pozuntusunun baş verməsi üçün zərərvuranın hərəkətləri təqsirli olmalıdır və yaxud hüquqa zidd olmalıdır. Delikt məsuliyyətinin yaranması üçün aşağıdakı 4 şərtin məcmu halda mövcudluğu tələb olunur: zərərin mövcudluğu; zərərvuranın əməlinin qanuna zidd olması; zərər və qanuna zidd əməl arasında səbəbli əlaqə; zərərvuranın təqsiri. Hazırki mübahisə üzrə zərər (İddiaçı in sağlamlığına zərər vurulması) mövcud olsa da, zərərvuranın ("xxxx" ASC-nin) əməlinin qanuna və ya hüquqa zidd olması, zərər və qanuna zidd əməl arasında səbəbli əlaqənin olması, zərərvuranın təqsirinin olması araşdırma zamanı sübut olunmur. İddiaçı tələbində həmçinin AR Əmək Məcəlləsinin 195ci maddəsinin “c” bəndinə (işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyanın ödənilməsi) istinad etmişdir. Bildirmək istəyir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 20.08.2019-cu il tarixli 2(103)-9049/2019 saylı qətnaməsinə əsasən cavabdeh müəssisə tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 04/2020 saylı AKT (İZ aktı) tərtib edilmişdir. Aktda bədbəxt hadisənin 11.04.2017-ci il tarixdə saat 07:20 radələrində İddiaçı in şəxsi təsərrüfatına aid atdan yıxılaraq xəsarət alması qeyd edilmiş, həmçinin əmək qanunvericiliyi pozuntusuna yol verilmə faktının müəyyən edilmədiyi göstərilmişdir. Bu isə o deməkdir ki, İddiaçı in istehsalat xəsarət alması ilə nəticələnmiş 11.04.2017-ci il tarixdə baş vermiş bədbəxt hadisəyə görə işəgötürən olaraq cavabdeh təşkilatın günahkar (təqsirli olması) müəyyən edilməmişdir. Hesab edirlər ki, əgər İddiaçı in istehsalat zamanı baş vermiş əmək xəsarətinə görə işəgötürən müəssisənin təqsirli olması müəyyən edilsəydi, bu zaman müəssisə əməyin mühafizəsi qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli idi. İddiaçı tələbində həmçinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin 3 saylı Qərarının 2.1-ci bəndinə (İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir) istinad etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən AR ƏƏSMN-nin TSEK qərarında İddiaçı peşə əmək qabiliyyətinin neçə faizini itirdiyi göstərilməmiş, lakin buna baxmayaraq iddiaçı əsassız olaraq onun xəsarət almazdan qabaq orta əmək haqqının 100 faizi miqdarında cavabdeh müəssisədən birdəfəlik ödəniş alınmasını məhkəmədən xahiş etmişdir. MPM-in 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili X10 məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatına uyğun oxşar məzmunlu izahat verdi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun vəkilinin, cavabdehin nümayəndəsinin və cavabdehin vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(006)-758/2019 saylı qətnaməsi ilə iddiaçı Bəgaliyev Maqsud Əlisahib oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı «istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli 2(103)- 9049/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(006)-758/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, 11.04.2017-ci il tarixdə Bəgaliyev Maqsud Əlisahib oğlu ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuş, həmin tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASCnin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-361/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli 2(103)- 9049/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - "xxxx" ASC tərəfindən vəkil sorğusuna cavab olaraq ünvanladığı 23.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, 13 aprel 2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilən İddiaçı in aylıq əmək haqqı məbləği 520 manat təşkil etmişdir. - Paşa Həyat Sığorta Şirkətinin Bəgaliyev Maqsud Əlisahib oğluna ünvanladığı 30.12.2020-ci il tarixli cavab məktubundan görünür ki, o, "xxxx" ASC və "xxxx" MMC arasında bağlanılmış 31.05.2011-ci il tarixli, 0259/11 №-li “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” ilə tərəflərindən sığortalanıb. Həmin icbari sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılan 16 №-li Əlavə (irəlidə_Əlavə) Sizin 31.05.2014-cü ildə sığorta təminatına daxil olduğu və 30.04.2015-ci il tarixində isə sığorta təminatından çıxarıldığı müəyyən edilmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.12-ci maddəsinə və icbari sığorta müqaviləsinə əsasən sığorta hadisəsi dedikdə - icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal başa düşülür. Ərizəsindən və qoşma etdiyi sənədlərdən görünür ki, iş vaxtı xəsarət almağı ilə nəticələnmiş bədbəxt hadisə 11.04.2017-ci il tarixində, saat 07:20də baş vermişdir. Bu isə onu təsdiq edir ki, xəsarət almağı ilə nəticələnən bədbəxt hadisə icbari sığorta müqaviləsinin Əlavəsi üzrə müəyyən edilmiş sığorta təminatından çıxarıldığı tarixdən 2 il sonra baş vermişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, 11.04.2017-ci il tarixdə iş vaxtı xəsarət almağına səbəb olmuş bədbəxt hadisə icbari sığorta müqaviləsinin müvafiq Əlavəsində əks olunan sığorta təminatından çıxarıldığı tarixdən sonra baş verdiyindən bu hadisə icbari sığorta müqaviləsinin şərtlərinə görə sığorta hadisəsi hesab edilmir və sığortaçının bu hadisə üçün sığorta ödənişi vermək öhdəliyi yaranmır. - İZ formalı 04/2020 saylı aktdan görünür ki, iddiaçı 11.04.2017-ci il tarixdə saat 07:20-də şəxsi təsərrüfatına aid atdan yıxılaraq bədən xəsarətləri almışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Maqsud Əlisahib oğluna ünvanladığı 17 mart 2021-ci il tarixli cavab məktubundan görünür ki, istehsalat zədəsi səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra Agentlik) baxılmışdır. Müəyyən olunmuşdur ki, onun əlillik vəziyyəti Yardımlı Rayon Mərkəzi Xəstəxanasının 0266003AAFZH nömrəli göndərişi əsasında 15.12.2017-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətlədirilməsi qaydası”nın 2.10-cu bəndinə əsasən istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətlədirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sisteminə daxil edir. Ona dair işəgötürənin yazılı sorğusu Agentliyə təqdim edilmədiyinə görə peşə əmək qabiliyyətinin itirilməsi faizinin təyin edilməsi qanunvericiliyə uyğun olaraq mümkün deyildir. - "xxxx" ASC-nin iddiaçıya ünvanlıdığı 03 may 2021-ci il tarixli cavab məktubundan görünür ki, aldığı zədə ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı əsas gətirilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyasına sorğu göndərilməsi barədə 14.04.2021-ci il tarixli müraciətinə baxılmış və bununla əlaqədar bildirilmişdir ki, 11.04.2017-ci il tarixdə yıxılaraq xəsarət almağı ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27.01.2020-ci il tarixli 2(102)-361/2020 saylı qərarı icra olunaraq 04/2020 saylı “İZ” formalı akt tərib edilərək ona təqdim edilmişdir. Müraciətində sorğunun nədən ibarət olduğu qeyri-müəyyən olduğundan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyasına sorğu göndərilməsi mümkün deyildir. - "xxxx" ASC-nin 13 aprel 2018-ci il tarixli k/18-01770 saylı əmrindən görünür ki, Cənub RETSİ Yardımlı NŞ-nin Enerji Satış sahəsinin nəzarətçi mühəndisi Bəgaliyev Maqsud Əlisahib oğlunun əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün 13.04.2018-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas bağlanmış əmək müqaviləsi və Cənub RETSİ-nin rəisi Ə.M.Paşayevin təqdimatı göstərilmişdir. Təqdimatda Bəgaliyev Maqsud Əlisahib oğlunun üzürsüz səbəbdən işə çıxmaması göstərilərək onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. - Sumqayıt Psixiatriya Xəstəxanasının İddiaçı adına verdiyi 30.06.2021-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, 04.06.2021-ci il tarixli göndərişə əsasən 10.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixə kimi müalicə almış, 11.06.2021-ci ildə ona baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn şəxsiyyət və davranış pozuntuları diaqnozu qoyulmuşdur. Beləliklə də, işin materiallarından görünür ki, Bəgaliyev Maqsud Əlisahib oğlu cavabdehin tabeliyində olan Yardımlı rayon Elektrik Şəbəkəsi İdarəsində nəzarətçimühəndis işləmişdir. 11.04.2017-ci il tarixdə saat 07.20-də şəxsi təsərrüfatına aid atdan yıxılaraq, bədən xəsarətləri almışdır. İddiaçı uzun müddət müalicə olunmuş, işə çıxa bilməmiş, bununla bağlı ona, əmək qabiliyyətinin olmaması vərəqələri verilmiş, onun əlillik vəziyyəti Yardımlı Rayon Mərkəzi Xəstəxanasının 0266003AAFZH nömrəli göndərişi əsasında 15.12.2017-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonradan isə işə çıxmalı olduğu halda çıxmamış, bununla bağlı işəgötürənin məsul əməkdaşları tərəfindən müvafiq təqdimatlar verilmiş, akt tərtib edilmiş və nəticədə əmək müqaviləsinin müddəti qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İşin bu halları mübahisəsizdir. İş materiallarından daha sonra görünür ki, Bəgaliyev Maqsud Əlisahib oğlu cavabdeh "xxxx" ASC-yə qarşı «istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 10.04.2017-ci il tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməklə, əlavə olaraq bədbəxt hadisə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(006)- 758/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli 2(103)- 9049/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(006)-758/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, 11.04.2017-ci il tarixdə Bəgaliyev Maqsud Əlisahib oğlu ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuş, həmin tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASCnin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-361/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli 2(103)- 9049/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından görünür ki, qanuni qüvvəsini almış məhkəmə aktları icra edilmiş, baş vermiş hadisənin təhqiqatı aparılmış və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktı verilmişdir. Aktda qanunvericilik pozuntusuna yol vermiş şəxslər, bədbəxt hadisənin şahidləri barədə məlumatlar göstərilməmişdir. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən bədbəxt hadisədən sonra 2017-ci ilin dekabrın 15-də 5 illik müddətə İİ qrup əlillik almış və sığorta ödənişi almaq üçün 22.12.2020-ci ildə sığorta şirkətinə müraciət etmişdir. «Paşa Həyat» Sığorta şirkətinin iddiaçıya ünvanladığı 30.12.2020-ci il tarixli cavab məktubunda ona hadisənin icbari müqavilənin şərtlərinə görə sığorta hadisəsi hesab edilməməsi və sığortaçının bu hadisə üçün sığorta ödənişi vermək öhdəliyi yaranmaması bildirilmişdir. İddiaçı qeyd edilən imtina cavabını, eləcə də cavabdehdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyasına sorğu göndərilməsi ilə bağlı 03 may 2021-ci il tarixli cavab məktubunu aldıqdan sonra 16.06.2021-ci il tarixdə hazırki iddia ilə cavabdehə müraciət etmişdir. İddiaçı yuxarıda qeyd edilən məhkəmə aktlarına istinad edərək hazırki iddianı qaldırarkən tələbində cavabdehin təqsirinin onun qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi şərtlərini təmin etməməsində olmasını göstərmiş, tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin «ç» bəndinə istinad etmişdir. Sözügedən bəndə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 196.1-cı maddəsinə əsasən isə bu Məcəllinin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habedə, müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) müəssisənin maliyyə təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, hablə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərnin qərarı, rəyi, arayışı, habelə, məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda işçiyə dəyən maddi ziyan ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və normada hansı tədbirlərin həyata keçirilməsini təmin etməli olması konkret sadalanmışdır. Həmçinin iddiaçının tələbinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli «istehsalat qəzası və yaxud peşə xəstələiyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» 3 saylı Qərarına əsasən «işçinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalatda əmək xəsarəti) bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin Qərarın 1.3-cü bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı) və o cümlədən işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. Məhkəmə iddianın vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair hissəsinə hüquqi qiymət verməkdə davam edərək qeyd edir ki, iddiaçının istinad etdiyi digər, yəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində baş vermiş istehsalat qəzasında işəgötürənin tam və ya qismən təqsirinin olmasından söhbət gedir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulması və həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılmasının göstərilməsinə dair bəndinə istinad etməsi ilə bağlı qeyd edir ki, bu bənddə də xüsusi olaraq qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi məsələsinə toxunulur. Hazırki iş üzrə isə cavabdeh olan işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilməməsi halları mövcud deyildir. Belə ki, yuxarıda sadalanan qanun və normativ aktlarda əsas tələb müəssisənin təqsirkar olması və əməyin mühafizəsi qaydalarına əməl olunmamasıdır ki, həmin halların heç birinin cavabdehə aid olmasını təsdiq edən məhkəmənin hökmü (qətnaməsi, qərarı) mövcud deyildir. Məhkəmə hesab ebir ki, iddiaçı işəgötürən tərəfindən əməyin mühafizəsinin hansı qaydalarına əməl olunmadığına görə bədbəxt hadisənin baş verməsini sübut edə bilməmiş, qanuni qüvvəsini almış məhkəmə aktlarında isə cavabdehin sözügedən qaydalara əməl etməməsi faktı müəyyən edilməmişdir. Başqa sözlə, sözügedən məhkəmə aktları ilə iddiaçının yalnız əmək xəsarəti alması faktı tanınmışdır. Məhkəmə daha sonra qeyd edir ki, sözügedən Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarından görünür ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin «b» və «c» bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, - Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. - Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarında formalaşmış mövqeyinə əsasən ziyanın qanuna zidd əməlin və təqsirin mövcudluğu halında baş verməsi vacib hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. İş materiallarından görünür ki, iddiaçı tərəf işəgötürənin öz təqsirsizliyini sübuta yetirə bilməməsinin əsası kimi həm də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinə də istinad etmişdir. Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, iş materiallarından və cavabdeh tərəfin izahatlarından göründüyü kimi, cavabdeh ilk vaxtdan baş vermiş hadisənin iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə olması ilə razılaşmamış, bununla bağlı qaldırılmış iddiaya etiraz etmiş, hətta apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən də kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından sonra məhkəmə aktının icrasının məcburiliyini nəzərə alaraq qətnamə yuxarıda göstərilən qaydada icra edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh bədbəxt hadisə olması faktını qəbul etmədiyi üçün Əmək Məcəlləsinin 217-ci maddəsinin tələblərinə riayət edilməsinə, eləcə də X8 də məlumat verilməsinə hüquqi əsasın olmamasına dair cavabdeh tərəfin arqumentləri əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh bədbəxt hadisəni gizlətməsi halına yol verməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı qəbul edilənə kimi bu halın mövcud olmamasını sübut etmək üçün qanunvericiliyin tələblərinə uyğun məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə iddiaçının tələbində AR Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci bəndinə (Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar) istinad etməsi ilə də bağlı həmçinin qeyd edir ki, cavabdeh tərəfin izahatlarından da göründüyü kimi, baş vermiş bədbəxt hadisə İddiaçı in şəxsi təsərrüfatına məxsus atdan yıxılan zaman və özünün Yardımlı rayon Polis şöbəsinə verdiyi izahatında da qeyd etdiyi kimi ehtiyatsızlıqdan baş vermişdir. Yəni, bu bir daha onu deməyə əsas verir ki, "xxxx" ASC-yə məxsus olmayan və hər hansı bir sənəd əsasında İddiaçı təhkim edilməmiş minik vasitəsinin təhlükəsizliyini təmin etmək istənilən halda cavabdehin məsuliyyət dairəsi xaricindədir və onun təqsirini tamamilə isitisna edir. Qanunvericiliyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə cavabdeh tərəfin iddianın bu hissəsi ilə bağlı etirazının əsası kimi istinad etdiyi hallarla razılaşır və hesab edir ki, İddiaçı in aldığı xəsarətlə cavabdeh təşkilat "xxxx" ASC-nin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, yəni bədbəxt hadisə faktının cavabdehin məhz hansı qanunazidd əməli nəticəsində baş verdiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iddiaçı tərəfin istehsalatda baş vermiş bədbəxt hadisəni araşdırılmamasının onun qəsdən zədə almasının cavabdeh tərəfindən sübuta yetirilməməsinə dair dəlilinə də qiymət verərək bu dəlili də əsassız sayır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 №li qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydalar»ında nəzərdə tutulan hallar mövcud olmadığı üçün baş vermiş hadisənin araşdırılmasına zərurət olmamışdır. Həmçinin qeyd edilməlidir ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarının məzmunundan da görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti 4 saylı region üzrə X9 tərəfindən Bəgaliyev Maqsud Əlisahib oğluna ünvanlanmış 20.02.2018-ci il tarixli məktubun surətindən görünür ki, Bəgaliyev Maqsud Əlisahib oğlunun 10.04.2017-ci il tarixdə, saat 24:00 radələrində X4 gedərkən atdan yıxılaraq xəsarət almasına baxmayaraq, hadisənin təhqiq olunmaması və «İZ» formalı aktın tərtib edilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və X9 Xidmətinə ünvanladığı eyni məzmunlu teleqramlara baxılmışdır. Nəzərə çatdırılmışdır ki, X9 Xidmətində əvvəllər daxil olmuş eyni məzmunlu ərizələrə baxılmış və Bəgaliyev Maqsud Əlisahib oğlu 26.01.2018-ci il tarixli, 93 nömrəli məktubla cavablandırılmışdır. Bir daha bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin tələblərinə əsasən müəssisəyə məxsus və müəssisənin müqaviləsi əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud qayıdarkən, həmçinin müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla işçi işə başlamazdan əvvəlki və ya işçi işi qurtarıb müəssisədən çıxan vaxt ərzində, həmçinin müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən və s. bu kimi hallarda işçilərin səhhətinin pozulması halları təhqiq edilir. Səhhətinin pozulması halı yuxarıda qeyd edilən Qaydaların 1.2-ci bəndində göstərilən hallara uyğun gəlmədiyindən onunla baş vermiş hadisə X9 Xidməti tərəfindən təhqiq edilmir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsində əksini tapmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti 4 saylı region üzrə X9 tərəfindən İddiaçı ünvanlanmış 15.03.2018-ci il tarixli digər məktubunun surətindən görünür ki, ona bir daha bildirilmişdir ki, səhhətinin pozulması halı yuxarıda qeyd edilən «Qaydalar»ın 1.2-ci bəndində göstərilən hallara uyğun gəlmədiyindən onunla baş vermiş hadisə X9 Xidməti tərəfindən təhqiq edilmir. İddiaçı tərəfin qanuni qüvvəsini almış məhkəmə aktları olduğu halda X9 Xidmətinin qeyd edilən məktubunun sübut əhəmiyyətli olmamasına dair dəlilinə məhkəmə qiymət verərək hesab edir ki, X9 Xidmətinin də hazırki mübahisəli vəziyyət üzrə məktublarında göstərilənlər araşdırma nəticəsində qanunvericilik normaları əsasında müəyyən edilmiş mövqeyi olduğu üçün bu məktublar hazırki iş üzrə nəzərə alınmalı və qiymətdirilməli olan sübut növlərindən biridir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə hesab edir ki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 saylı qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Qərarın 1.3-cü bəndinin tələbinə görə aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya münasibətdə əməyin mühafizəsi qaydalarına əməl olunmaması halına yol verilməmişdir və baş vermiş hadisədə təqsirkar deyildir. İddiaçı cavabdehin ona təhkim etdiyi avtomobildə, şəxsi avtomobilində, yaxud piyada deyil, şəxsi atından istifadə etməklə hərəkət etmişdir. İşəgötürənin, yəni cavabdehin iddiaçıya şəxsi atdan istifadə etməsi barədə göstərişi olmamışdır, cavabdeh bu halda əməyin mühafizəsi qaydalarına əməl olunmamasında və baş vermiş hadisədə təqsirkar deyildir. Məhkəmə cavabdeh tərəfin iddiaya etirazında İddiaçı in istehsalat zamanı baş vermiş əmək xəsarətinə görə işəgötürən müəssisənin təqsirli olması müəyyən edildiyi təqdirdə bu zaman müəssisənin əməyin mühafizəsi qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olmasına dair arqumenti ilə də razılaşır və hesab edir ki, araşdırma zamanı qeyd edilən normanın tələblərinə uyğun olaraq cavabdeh barəsində müvafiq tədbirlər görülməsi faktının olmasının müəyyən edilməməsi də, məhkəməyə iddia tələbinin cavabdehdən 58040 manat maddi ziyan tutulmasına dair hissəsinin əsaslı sayıla bilməməsi qənaətinə gəlməyə əsas verir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı onun sağlamlığına zərərin vurulmasında işlədiyi "xxxx" ASC-nin təqsirkar olması ilə əlaqələndirsə də, istehsalat xəsarətinin baş verməsinin cavabdeh təşkilatın təqsirli və ya hüquqazidd hərəkətləri nəticəsində baş verməsini sübuta yetirə bilməmiş, habelə maddi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi hallara (ona tələb etdiyi miqdarda (məbləğdə) maddi ziyan vurulmasına) dair mötəbər sübutlar təqdim etməmiş, qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Qanunvericiliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 58.040 manat maddi ziyan tutulmasına dair iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Belə ki, əsas tələb vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olmaqla, həmin hissədə iddia tələbi rədd edildiyindən, əlavə tələb kimi çıxış edən vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə də iddia rədd edilməlidir. İddianın - cavabdeh "xxxx" ASC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»nın 2.10-cu bəndində nəzərdə tutulan yazılı sorğunun iddiaçıya verilməsi vəzifəsi qoyulması tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki tələb ümumi icraat qaydasında həll edilməli olmalığından təmin edilə bilməz və iddiaçıya inzibati orqan olan cavabdehin sorğu ilə bağlı hərəkət və ya hərəkətsizliyini inzibati icraat qanunvericiliyinin tələbləri baxımından mübahisələndirmək hüququnun olması izah edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Bəgaliyev Maqsud Əlisahib oğlunun cavabdeh "xxxx" ASCyə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bəgaliyev Maqsud Əlisahib oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar