Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4697/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 660 manat (maddi zərər) və 800 manat mənəvi zərərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: xx.xx.2025-ci il tarixində qanuni nikahda olduğu həyat yoldaşı X1 adına olan, birgə nigah dövründə aldığı TOYOTA markalı **-HB-*** dövlət nömrə nişanlı avtomobillə Yasamal rayonu Zivər bəy Əhmədbəov küçəsi ilə saat 14:45-də hərəkətdə olarkən, Yol Patrul Xidmətinə məxsus **-YP-*** avtomobil ön işıq vasitələrindən istifadə edərək saxlama işarəsi vermiş və yolun sol tərəfində saxlamağa məcbur etmişdir. Özünü təqdim etmədən əməkdaş bildirmişdir ki, şəhər kameraları ilə avtomobili etibarnaməsiz idarə etdiyi qeydə alınıb və idarədən saxlama əmri verilib. Konstitusiya Məhkəməsinin 2023-cü il plenum qərarını inspektorun diqqətinə çatdırıb, Nikah şəhadətnaməsi və hətta mülki etibarnaməni təqdim etsə də, yol patrul xidmət əməkdaşı Konstitusiya Məhkəməsinin plenum qərarına məhəl qoymayaraq maşını duracağa təmin etmişlər. "102", "902" xidmətlərinə elə həmin an şikayət etmiş, 2 saat sonra tanımadığı bir nömrədən zəng edərək, bildirilmişdir ki, gedib maşını duracaqdan çıxara bilər. Daha 1 saat sonra isə 40 azn cərimə olunduğu barədə ona sms radar vasitəsi ilə bildiriş gəlmiş və İXM 332.1 ilə İXP ******* protokolun tərtib edildiyi barədə məlumatlandırılmışdır. 2025-ci ilin il may ayında texniki baxışdan keçərkən 40 azn cərimə ödənilməsinin zəruriliyi diqqətinə çatdırılmışdır. Ailə avtomobili 1 ədəddir. Ailə qayğıları üçün istifadə edildiyindən məcbur olub texniki baxışı keçmək üçün BŞDYP tərəfindən tərtib olunan protokola əsasən 40 azn cəriməni ödəmişdir. xx.xx.2025-ci ildə isə Ölkə başçısı cənab İlham Əliyevə məktub ünvanlamışdır. Bu hadisədən böyük sarsıntı keçirmişdir, ona dəyən maddi ziyan 660 manat, mənəvi zərər isə 800 manatdır. Cavabdehin etirazı: Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İddiaçı AR İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir.. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli B-40380 nömrəli məktubundan görünür ki, İddiaçı İXM-nin 332.1-ci maddəsinə əsasən 40 manat cərimə olunmağı barədə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Araşdrıma zamanı törədilmiş inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyynə edilməmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən İXP7068308 qaimə nömrəsi üzrə 40 manat cərimə ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Mülki Prosessual Məcəllə: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. İnzibati xəta haqqında işə xitam verildikdə vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X3 X2”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırda İddiaçı, barəsində İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərar əsasında cərimə tənbehinə məruz qalması, habelə əsassız olaraq avtomobilinin duracağa aparılması nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu iddia edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, dövlət orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri, habelə inzibati tənbehin qanunsuz verilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097, 1100 və 1101-ci maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlmir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İddiaçı AR İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmiş və həmin qərar iddiaçı tərəfindən icra olunaraq cərimə dövlət büdcəsinə ödənilmişdir. Sözügedən qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, Azərbaycan Respublikasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının hər hansı qanunsuz hərəkətlərə məruz qalması sübuta yetirilməmişdir. Eyni zamanda İddiaçı tərəfindən ona maddi ziyan vurulması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə, hazırki halda vurulması iddia olunan zərərin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına, dövlətin bu kimi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməsinin qanunvericiliklə tənzimlənməsini nəzərə alaraq hesab edir ki, hazırki iddia üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi cavabdehlik daşımır. Ona görə də ona münasibətdə iddia, iddiaya cavab verməli olmayan şəxs olması əsası ilə rədd olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4697/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4697/2025
15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver