Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4709/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 13:46 radələrində iddiaçı öz şəxsi 4169 7416 0252 8984 nömrəli bank kartını “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” filialındakı bankomatdan hesabında olan aylıq təqaüdünü çıxarmaq üçün bankomata daxil etmişdir. İlk cəhddə 1922,33 manat ümumi balans məbləğindən 192 manat çıxarmışdır. Növbəti dəfə qalan ümumi məbləği çıxarmaq üçün yenidən cəhd etsə də, (ümumi 3 cəhd) kartın limitdə olduğu və məbləği çıxara bilməyəcəyi ekranda “bildiriş” kimi əks olunmuşdur. Beləliklə, məbləğ bankomatdan çıxmamışdır. Sonuncu cəhddə yuxarıda qeyd olunan bildirişi oxuduqdan sonra kartını çıxararaq bankomatın qarşısından ayrılmışdır. İddiaçı məsələ ilə əlaqədar dərhal həmin bankomata bitişik “Kapital Bank" ASC-nin "İnşaatçılar" filialına, daha sonra Baş Ofisinə, o cümlədən dəfələrlə 196 və 012 *** ** ** qaynar xətlərinə müraciət etmişdir. İddiaçının müraciətlərinə cavab olaraq, iddiaçıya bankomat tərəfindən 1288 manat məbləğində vəsaitin ödənildiyi bildirildi. Lakin kartın limitdə olması bildirişinin bankomatın ekranında göstərilməsi ilə eyni anda pulun ödənilməsi ziddiyyətinə isə aydınlıq gətirilmədi. Bankomat tərəfindən vəsaitin faktiki olaraq ödənilmədiyi və bu işdə uyğunsuzluğun olduğunu, eyni zamanda məsələnin araşdırılmasını bank əməkdaşlarına bildirsə də, heç bir araşdırma aparılmamaqla hərəkətsizlik nümayiş olundu. Daha sonra, iddiaçı hesabından “1 dəqiqəlik intervalla 2 əməliyyatın aparıldığı” (yəni 192 manat və 1288 manat məbləğin çıxarıldığı) əks olunmuş “hesabdan çıxarış" vərəqi əldə etdi. İddiaçı hesabdan çıxarış vərəqində qeyd olunan 1288 manat məbləğin faktiki və fiziki ödənilmədiyi haqqında dəfələrlə bank əməkdaşlarına yenidən etiraz olaraq bildirsə də, heç bir nəticə əldə olunmadı. Məcbur olub faktla bağlı Yasamal Rayon 29-cu Polis bölməsinə müraciət edərək əməliyyat anındakı foto və video görüntülərin, o cümlədən bankomatın “qara qutu"sunun açılmasında köməklik etmələrini xahiş etdi. 29-cu Polis Bölməsi tərəfindən işin araşdırılması üçün toplanmış materiallar Yasamal Rayon Polis İdarəsinə göndərildi və iş baxılması üçün X2 müstəntiqi polis xidməti kapitanı Fuad Bağırova həvalə edildi. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis xidməti kapitanı Fuad Bağırovun sorğusu əsasında 192 manat və 1288 manat vəsaitin çıxarılması əməliyyatı zamanı bankomatın çəkdiyi şəkillər cavabdeh bank tərəfindən təqdim edilmiş və həmin fotoşəkillərə iddiaçının iştirakı ilə birgə baxış keçirilmişdir. Birgə baxış zamanı həqiqətən 192 manat vəsaitin iddiaçıya ödənildiyi, 1288 manat vəsaitin isə bankomat tərəfindən iddiaçıya ödənilmədiyi müəyyən olundu. Yəni, cavabdeh öz mülkiyyətində olan bankomat tərəfindən 1288 manat pulun faktiki (fiziki) olaraq iddiaçıya ödənildiyini təsdiq edə bilmədi. Bankomatın qara qutusunun açılması iddiası isə təmin olunmadı. İddiaçının çoxsaylı müraciətlərinə baxmayaraq, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis xidməti kapitanı Fuad Bağırov işin nəticəsi haqqında iddiaçıya hər hansı bir rəy təqdim etməmiş və faktın növbəti araşdırılması istiqamətində hər hansı səlahiyyətinin olmamasını bildirərək hərəkətsizlik nümayiş etdirmişdir. Beləliklə, iddiaçının müştərisi olduğu cavabdeh bankın vəsaitini qorumaq adı altında, əslində öz mənafeyinə uyğun hesabına razılığı olmadan limit təyin etməsi və bu tək tərəfli qərarın bankomatda məntiqsiz tətbiqi, cinayət faktının olması ehtimalını araşdırmaq məqsədilə dərhal etdiyi müraciətlərinə etinasız yanaşması və öz imkanları daxilində hər hansı bir köməklik etməməsi (baxmayaraq ki, həmin ərazidə cavabdehə məxsus müxtəlif təsdiqedici müşahidə kameraları var) və cavabdeh bankın bankomatının müasir dövrün tələblərinə cavab verməyən fəaliyyəti nəticə etibarilə iddiaçının aylıq təqaüdünün Novruz Bayramı ərəfəsində yoxa çıxmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən iddiaçı səhhəti ilə bağlı ehtiyaclarını və yaşlı olmağı ilə əlaqədar gediş-gəliş çətinliklərini nəzərə alaraq, ona vurulmuş maddi ziyana görə 1288 manat, o cümlədən “Novruz Bayramı” ərəfəsində iddiaçıya vurulmuş mənəvi ziyana görə 2576 manat və iddiaçı tərəfindən ödənilmiş 59 manat dövlət rüsumunun, cəmi 3923 manat pul vəsaitinin, həmçinin vəsaitin faktiki ödəniləcəyi günə qədər Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun hər gecikən günə görə hesablanmış dəbbə pulu cavabdeh “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tam əsassızdır. İddiaçının bankomatdan bütün məbləği çıxarmasını təsdiq edən foto görüntülər var. İddiaçı ilk əməliyyatla 192 manat pulu, ikinci əməliyyatla isə qalan bütün məbləği bankomatdan çıxarmışdır. İddiaçının hüquq-mühafizə orqanlarına müraciəti ilə əlaqədar 13 aprel 2022-ci il tarixli, 5(004)-369/2022 nömrəli Yasamal Rayon Məhkəməsinin qərarı tərəflərindən icra edilmiş, kart hesabından çıxarış və 16 mart 2022-ci il tarixindən 18 mart 2022- ci il tarixinədək nağdlaşdırma əməliyyatlarına dair mövcüd görüntülər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə təqdim edilmişdir. Həmin foto görüntülərlə əməliyyatların icra edilməsi, əskinasların ATM tərəfindən təqdim edilməsi sübuta yetirilir. Foto görüntülərdə ikinci əməliyyatla 1288 manat məbləğində əskinasların təqdim edilməsi anında iddiaçı ilə birlikdə ATM-nin önündə şəxsiyyəti məlum olmayan şəxsin olduğu görünür. Həmin şəxs tərəflərindən təqdim edilən bir neçə foto görüntüdə ATM-nin önündədir, iddiaçıyla birlikdə əməliyyatların icra edilməsində iştirak edir. Vəsaitin həmin şəxsiyyəti məlum olmayan şəxs tərəfindən mənimsənilməsi ehtimalı yüksəkdir. Göründüyü kimi baş vermiş hadisədə bankın hər hansı təqsiri yoxdur, vəsait bank tərəfindən mənimsənilməmişdir. Vəsaiti götürmüş şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi, şəxsin tapılması və digər halların araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı müraciətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 178-ci maddələrinin tərkib əlaməti olmadığından həmin Məcəllənin 177.2.3-1 və 178-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. İş matariallarında olan İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə **********528984 PAN nömrəli kart üzrə ardıcıl olaraq iki məxaric əməliyyatı icra edilmişdir. İlk məxaric əməliyyatı ilə 192 manat, ikinci əməliyyatla isə 1288 manat məbləğində vəsait məxaric edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində Bankın A0100068 nömrəli və A0100340 nömrəli ATM-ləri vasitəsilə plastik kartdan nağdlaşdırma etmişdir. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin tarixdə **********528984 PAN nömrəli kart üzrə ardıcıl olaraq iki məxaric əməliyyatı icra edilmişdir. İlk məxaric əməliyyatı ilə 192 manat, ikinci əməliyyatla isə 1288 manat məbləğində vəsait məxaric edilmişdir. Qeyd olunan əməliyyatların icrasından sonra iddiaçının kartı üzrə qalıq məbləğ 443,27 manat təşkil etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kart üzrə hər hansı bir nağdlaşdırma limiti mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4709/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4709/2022
28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver