Məhkəmə qərarları › İş №2(006)-4746/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4746/2024

05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4746/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı, cavabdeh "X3" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "X3" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "X3" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 5411 2498 0753 5989 nömrəli "Leobank" kredit kartı üzrə cavabdeh tərəfindən hesablanmış 8130,42 (səkkiz min yüz otuz manat qırx iki qəpik) kredit borcunun silinməsi və məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödədiyi 102 manat vəsaitin cavabdeh təşkilatdan alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan 5411 2498 0753 5989 nömrəli "Leobank" kartından "İnstagram" səhifəsində 100 manat məbləğində lotereya şansı qazanmaq adı ilə daxil olduğu linkdə kart məlumatlarını doldurmuş və təsdiq kodunu orada əks etdirmişdir, nəticədə xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində 4079.42 manat, saat 12.01 radələrində 4080 manat məbləğ çəkilərək götürülmüşdür. Hadisəni törədən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə elektron məlumat daşıyıcısından istifadə etməklə ona 8.159,42 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. O, Sumqayıt şəhər Polis İdarəsinn 4 saylı Polis Bölməsində bununla bağlı müvafiq izahatını vermişdir. Sumqayıt ŞPl-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 onun ərizəsi əsasında Sumqayıt ŞPİ-nin 4-cü PB-də toplanmış materiallar üzrə xx.xx.2024-cü il tarixli "cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında" qərarı ilə qərarda göstərilən fakta əsasən AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməklə istintaqın aparılması qərara alınmışdır. Müraciətlərim əsasında Sumqayıt şəhər Polis İdarəsində faktla bağlı AR CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi qaldırılmış və xx.xx.2024-cü il tarixdə iş icraata qəbul olunmuşdur. Həmin cinayət işi üzrə o zərərçəkmiş şəxs kimi tanınmışdır. Yəni kiber cinayət yolu ilə onun kart hesabından vəsait oğurlanıb və bu əməldən zərər çəkmişdir. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli “fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər”i əsasında sözügedən 5411 2498 0753 5989 nömrəli kredit kartını xx.xx.2024-cü il tarixdə rəsmi qaydada əldə etmişdir. Bu kredit kartı ona verilərkən balansında 8500 manat kredit limiti olmuşdur. Kart kredit kartı olduğu üçün o bu məbləğdən hər hansı bir formada istifadə etdiyi zaman müqavilə şərtlərinə uyğun olaraq ona həmin məbləği geri qaytarmaq üçün 62 təqvim gününə qədər güzəştli müddət verilib. Bu müddətin tamamında məbləğ geri qaytarılmadıqda isə avtomatik kredit münasibətlərinə keçid olunur. Yəni, cinayətkar şəxsin kartından oğurladığı məbləği geri qaytarmasa, ona avtomatik olaraq kredit xətti açılaraq faiz hesablanmağa başlayır. Bununla bağlı bildiriş isə telefonuna gəlmişdir. Bu əməlin nəticəsində o əsassız olaraq öz istəyi və iradəsi olmadan cavabdeh təşkilat qarşısında borclandırılmışdır. Oğurlanmış pulu geri qaytara bilmədiyi üçün cavabdeh tərəfindən ona kredit və faiz borcunun hesablanmışdır. Belə ki, artıq ona bank tərəfindən 8130,42 manat borcunun olduğu bildirilmiş və ona cavabdeh tərəfindən göndərilmiş mesajda minimal 812 manat ödəniş etməyi tələb olunur. Bundan başqa həmin kart hesabından cavabdeh təşkilat tərəfindən əlavə olaraq 206 manat məbləğində pul tutulmuşdur. Ona iradə ifadəsi olmadan kredit xətti üzrə əsas və faiz borcunun hesablanmasını qeyri-qanuni və əsassız hesab edir. Çünki o iradə ifadə edərək müstəqil surətdə cavabdeh təşkilatdan hər hansı kredit məbləği götürməmişdir. Cinayət əməlinə məruz qalmağı barədə də cavabdeh təşkilata da məlumat vermişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilat tərəfindən ona borc hesablanmışdır. Bu isə Qanunvericiliyin tələblərinə ziddir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra cavabdeh "X3" ASC məhkəməyə mülahizə ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Mülahizə onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli müraciət ərizəsi və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlər”-ə əsasən iddiaçının istifadəsində olan kaıtına 8500 AZN məbləğində kredit köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus kredit kartından AniPay vasitəsi ilə 8160 manat vəsait istifadə olunmuşdur. Kartdan istifadə edilərkən baş vermiş hallar aşağıdakılardır: İddiaçı: Quliyeva Aynur Məhəmməd qızı sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil olaraq istifadəsində olan Leo kartının kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Daha sonra məlumatları ələ keçirən şəxslər qeyd olunan əməliyyatı icra edərək kartdan silinməni həyata keçirmişlər. Bundan sonra Bank tərəfindən cavabdehin öncədən təqdim etdiyi mobil nömrəsinə göndərilən məlumatda ona məxsus kart bilgilərinin başqa smartfonda qeydiyyatının aşkarlanması barədə məlumatlandırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlər”in 1.3-cü bəndinə əsasən “Müştəri öz hesabının müstəqil sərəncamçısıdır.” Ofertanın 2.9-cu bəndinə əsasən “Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara görə Müştəri məsuliyyət daşıyır.” 2.11 -ci bəndinə əsasən isə “kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan məlumatinformasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "X3" ASC-nin nümayəndəsi X5 izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Belə ki, iş materiallarında olan “Unibank» KB ASC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli müraciət ərizəsi və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023cü il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlər”-ə əsasən iddiaçının istifadəsində olan kartına 8500 AZN məbləğində kredit köçürülmüşdür. İş materiallarında olan “cinayət işi başlanması və icraata qəbul edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddi isə cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, müştəriyə xx.xx.2024-cü il tarixində OTP kodları göndərilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İş materiallarından göründüyü kimi, cavabdeh "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli müraciət ərizəsi və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlər”-ə əsasən iddiaçının istifadəsində olan kaıtına 8500 AZN məbləğində kredit köçürülmüşdür. Lakin xx.xx.2024-cü il tarixdə Quliyeva Aynur Məhəmməd qızı sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil olaraq istifadəsində olan Leo kartının kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir və nəticədə iddiaçıya məxsus kredit kartından 8160 manat vəsait istifadə olunmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona iradə ifadəsi olmadan kredit xətti üzrə əsas və faiz borcunun hesablanmasını qeyri-qanuni və əsassız olduğunu bildirərək, ona məxsus 5411 2498 0753 5989 nömrəli "Leobank" kredit kartı üzrə cavabdeh tərəfindən hesablanmış 8130,42 (səkkiz min yüz otuz manat qırx iki qəpik) kredit borcunun silinməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən ona qanunvericiliyin tələblərinə zidd olaraq borcun hesablanmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh "X3" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlər”in 1.3-cü maddəsini müştəri öz hesabının müstəqil sərəncamçısıdır. 2.9-cu maddəsini kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara görə Müştəri məsuliyyət daşıyır. 2.11-ci maddəsini əsasən kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, Bank bu problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumatinformasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı Müştəri tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti istisna olunur. Məhkəmə qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclası zamanı izahatlarında bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq ona borcun hesablanmasını bildirilsə də, mülki iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, müştərinin cavabdehin öncədən təqdim etdiyi mobil nömrəsinə OTP-lər göndərilmişdir. Beləliklə müəyyən edilmişdir ki, Quliyeva Aynur Məhəmməd qızı sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil olaraq istifadəsində olan Leo kartının kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmiş, daha sonra isə həmin məlumatları ələ keçirən şəxslər qeyd olunan əməliyyatı icra edərək kartdan silinməni həyata keçirmişlər. Beləliklə Bank qeyd olunan əməliyyatlara görə məsuliyyət daşımır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "X3" ASC-yə qarşı "borcun silinməsi" tələbi rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.1, 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "X3" ASC-yə qarşı "borcun silinməsi" tələbi rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar