Məhkəmə qərarları › İş №2(006)-4748/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4748/2024

11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4748/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və birinci instansiya məhkəmə orqan səhvi nəticəsində ona vurulmuş 10271,8 manat maddi ziyan və 67400 manat mənəvi ziyan olmaqla cəmi 77671,8 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(099)-16/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2,2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdir. Cəzaçəkmə müddəti həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablanmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi olmaqla 3 il 11 ay 3 gün həbsdə qalmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-529/2024 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının hüquqi məsələlər hissəsində deyilir: İbtidai istintaq orqanı həmin ittihamla təqsirləndirilən şəxs İddiaçı aldığı pul vəsaitlərini ihər hansı vəzifəli şəxsə rüşvət kimi vermək niyyətində olmadığını təsdiq etməsinə baxmayaraq, onu eyni zamanda Əsassız olaraq CM-nin 32.4 və 312.2-ci maddələri ilə də ittiham etmişdir.. Məhkəmə kollegiyası istintaq orqanının və onun gəldiyi nəticələrlə razılaşan birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeləri ilə razılaşmır və hesab edir ki, İddiaçı vəzifəli şəxslərə rüşvət vermək adı ilə başqalarından pul vəsaitini alması əslində onun törətdiyi dələduzluq hərəkətinin üsulu kimi çıxış etmişdir. Birinci instansiya məhkəməsi Cinayət Qanununun qeyd olunan normalarını düzgün şəhr etməmiş nəticədə əsassız olaraq İddiaçı daha ağır cinayətin törədilməsində təqsirli bilmişdir. Göründüyü kimi Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına görə ona 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilməsi İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin səhvi üzündən olmuşdur. Yəni ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin səhvi ucbatından o 11 ay 3 gün artıq cəza çəkmiş, 11 ay 3 gün əsassız olaraq azadlıqdan məhrum edilmişdir. 11 ay 3 gün müddətinə Konstitusion hüququ pozulmuşdur. Azadlığ hər bir insanın əsas Konstitusion hüqüqüdür və onun əsassız olaraq əlindən alınması qadağandır. İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin səhv qərarı ucbatından 11 ay 3 gün müddətinə ona maddi və mənəvi ziyan dəymişdir. Azərbaycan Respublikasında 01 yanvar 2024-cü il tarixli statistik məlumata əsasən muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 933,8 manat olmuşdur. Beləliklə 11 ay ərzində ona 11 x 933,8 = 10271,8 manat olmuşdur. Bundan başqa 11 ay 3 gün müddətində ona mənəvi ziyan vurulmuşdur. O, ibtidai istintaq orqanının və birinci instansiya məhkeməsinin səhvi ucbatından 11 ay 3 gün öz azyaşlı uşaqlarını görə bilməmiş, onların tərbiyəsi, dolanışığı ilə məşğul ola bilməmişdir. O, heç vaxt azyaşlı qızının 5 yaşındakı vəziyyətini və azyaşlı oğlunun 4 yaşındakı vəziyyətini görə bilməyəcək. Eyni zamanda 11 ay 3 gün müddətində ailə üzvlərini, valideyinlərini, qardaşını, həyat yoldaşını və 2 azyaşlı uşağını görməmiş, onlardan məcburi surətdə ayrı saxlanılmışdır. Bundan başqa 11 ay 3 gün müddətində azad yaşaya bilməmiş, azadlığı əlindən alınmışdır. Bu ona vurulan mənəvi ziyandır. Azadlığın əsassız olaraq əldən alınması ən ağır haldır və bu pula ölçülə bilməyən haldır. Verilən istənilən təzminat azadlığın əldən alınmasını əvəzləyə bilməz. 11 ay 3 gün müddətində azadlığının əlindən alınması və ailə üzvlərindən, o cümlədən azyaşlı uşaqlarından ayrı qalmağına görə ona dəyən mənəvi ziyan hər gün üçün əvəz etməsə belə 200 manat dəyərində qiymətləndirilməsini istəyir. Beləliklə ona dəyən mənəvi ziyan 200 manat x 337 gün = 67400 manat dəyərində olmuşdur. Odur ki, 11 ay 3 gün ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin səhv qərarı nəticəsində əsassız olaraq həbsdə saxlandığına görə ona dəyən maddi və mənəvi ziyan 10271,8 + 67400 = 77671,8 manatdır. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi zərərlə bağlı kompensasiya tələb etsə də aylıq gəliri ilə bağlı hər hansı i sübutlar təqdim etməmişdir. Yəni iddiaçı xərcləri əsaslandırmadan maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb etmişdir.Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda alınması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər iş materillarına əlavə edilməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Aərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət ədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra kimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə təfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi stərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcuc deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyini münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(106)-529/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə müdafiəçi F.S.Rüstəmov tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 1(099)-16/2022 saylı hökmü dəyişdirilməsi, hökmdən, İddiaçı Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsi və ona həmin maddələr ilə, həmçinin CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi ilə bağlı müddəalar xaric edilməsi, məhkum İddiaçı Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələri ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının dəyişdirilmədən saxlanılması, məhkum İddiaçı xx.xx.2020-ci il tarixdən hazırkı qərarın çıxarıldığı xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 3 il 11 ay 3 gün müddət ona CMin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələri ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzasını tam əhatə etdiyindən onun, cəzasını çəkmiş hesab edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək saxlanıldığı cəzaçəkmə müəssisəsində həbsdən azad edilməsi qərara alınmışdır.. Mülki işin materiallarında olan dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartlarının qrafik təsvirindən görünür ki, İddiaçı dövlət qulluğu vəzifələri üzrə test imtahanından 74 bal toplamışdır. Mülki işin materiallarına fotoşəkillər əlavə edilmişdir. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 10271.8 manat ziyanın vurulduğunu, və həmin məbləğin ona ödənilməsini tələb etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iş materiallarına fotoşəkillər və dövlət qulluğu vəzifələri üzrə test imtahanından 74 bal topladığına dair sübutlar əlavə etsə də, ayda konkret qazancı barədə sənədlər iş materillarına əlavə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz . Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, İddiaçı Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətə, CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla onun üzərində qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 22 avqust 2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin iş üzrə maddi sübutlara dair məsələ həll edilmişdir. Lakin daha sonra məhkəmə kollegiyası istintaq orqanının və onun gəldiyi nəticələrlə razılaşan birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeləri ilə razılaşmıyaraq İddiaçı vəzifəli şəxslərə rüşvət vermək adı ilə başqalarından pul vəsaitini alması əslində onun törətdiyi dələduzluq hərəkətlərinin üsulu kimi çıxış etmədiyini və birinci instansiya məhkəməsi Cinayət Qanunun qeyd olunan normalarını düzgün şərh etməyərək, nəticədə əsassız olaraq İddiaçı daha ağır cinayətin törədilməsində təqsirli bilinməsi qənaətinə gəlmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(106)-529/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 1(099)-16/2022 saylı hökmünün dəyişdirilməsi, hökmdən, İddiaçı Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsi və ona həmin maddələr ilə, həmçinin CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi ilə bağlı müddəalar xaric edilməsi, məhkum İddiaçı Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələri ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının dəyişdirilmədən saxlanılması, məhkum İddiaçı xx.xx.2020-ci il tarixdən hazırkı qərarın çıxarıldığı xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 3 il 11 ay 3 gün müddət ona CMin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələri ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzasını tam əhatə etdiyindən onun, cəzasını çəkmiş hesab edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək saxlanıldığı cəzaçəkmə müəssisəsində həbsdən azad edilməsi hökm edilmişdir. Beləliklə iddiaçı barəsində 11 ay 03 gün müddətinə artıq həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 11 ay 03 gün müddətinə həbs qətimkan tədbirinə görə 11.100 manat (bir ay üzrə 1000 manat x 11 ay 03 gün) məbləğində müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 11.1000 (on bir min, yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 11.100 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 11.100 (on bir min, yüz) manat manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar