Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4752/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq onunla yeni müqavilə bağlanmasının cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh ASC-nin Quba filialından 6336 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit üzrə bir müddət qrafik üzrə vaxtlı-vaxtında ödənişlər etmişdir. Lakin ölkədə baş verən devalvasiya nəticəsində maddi durumu kəskin pisləşdiyindən ödənişləri edə bilməmişdir. Sonradan kredit üzrə borcu cənab Prezidentimizin xx.xx.2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 551 nömrəli Fərmanının əhatə dairəsinə düşmüşdür. Lakin hüquqi savadsızlıq nəticəsində kredit üzrə borcunu restrukturizasiya edə bilməmişdir. Belə ki, həmin kredit borcunun Fərmana əsasən tam bağlandığını hesab etmişdir. Fərmana əsasən restrukturizasiya zamanı, yəni 2019-cu ilin fevral ayından həmin ilin dekabr ayının sonunadək Cavabdeh ASC-nin Quba filialı tərəfindən ona restrukturizasiya ilə bağlı heç bir bildiriş göndərilməmişdir. Bu səbəbdən cənab Prezidentimizin yaratdığı şəraitdən yararlana bilməmişdir. Bu yaxınlarda Əmanətlərin Sığortalanması Fondunun Quba filialı tərəfindən ona zəng edilərək ödənilməmiş aktiv kredit borcunun olduğu bildirilmişdir. Məsələni aydınlaşdırmaq üçün filiala yaxınlaşmış və ondan borcu tələb etmişlər. Həmin vaxt borcunun Fərmana əsasən borcun bağlanmadığını və hal-hazıradək borcunun olduğunu müəyyən etmişdir. Borcunu ödəməkdən boyun qaçırmır. Lakin həmin pul məbləğini bir dəfəyə ödəmək imkanı yoxdur. Məsələ ilə bağlı Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada müraciət etmiş, lakin ona borcun restrukturizasiyaya yönəldilməsindən imtina etmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X4 məhkəməyə teleqram ünvanlanaraq, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə qeyd edilən teleqramı nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəkləri bildirilmiş və iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə ərizəni nəzərə alaraq mülki işə cavabdeh tərəfin (nümayəndəsinin) iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-3893/2016 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı, X3 və X1 müştərək qaydada Cavabdeh ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6000 ABŞ dolları əsas borc, 2343 ABŞ dolları faiz borcu və 7 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8350 ABŞ dolları borcun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 27,58 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - 24 aprel 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məktubla müraciət edərək, yuxarıda qeyd olunan həmin kredit borcunun restrukturizasiya olunmasını xahiş etmişdir. - LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 03 iyun 2024-cü il tarixli **********100 saylı məktubundan görünür ki, İddiaçı restrukturizasiya ilə bağlı müraciətinə ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bildirilmişdir ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. İddiaçıdan yuxarıda qeyd edilənlərin nəzərə alınması xahiş olunmuşdur. Araşdırılmış iş materiallarından göründüyü kimi, hazırda iddiaçıya aid qalıq borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Hazırda cavabdeh güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanmadığını iddiaçının vaxtında LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməməsi ilə əlaqələndirsə də, işdə olan sübutlardan göründüyü kimi, yuxarıda adı çəkilən Fərmana əsasən iddiaçının bankla bağladığı kredit müqaviləsi üzrə borcuna kompensasiya məbləği hesablanmış və iddiaçının kredit borcundan silinmişdir. Lakin ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanaraq aidiyyəti banklara təqdim olunmuş siyahıda iddiaçı ilə Cavabdeh ASC arasında imzalanmış kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya edilməsi göstərilməmişdir. Halbuki, onun adı, eləcə də restrukturizasiya edilməsi təklif olunan məbləğ həmin siyahıda göstərilməli idi. İddiaçı da ona restrukturizasiya edilməsi təklif edilən məbləğlə tanış olaraq, banka müvafiq qaydada müraciət etməli idi. İddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin həmin siyahıda göstərilməməsi, iddiaçını vaxtında aidiyyəti üzrə rəsmi şəkildə müraciət etmək hüququndan məhrum etmişdir. Məhkəmə qeyd olunan halı Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl olunmaması kimi qiymətləndirərək hesab edir ki, iddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin müvafiq siyahıda göstərilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Həmin Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi və İddiaçı ilə yeni kredit müqaviləsinin bağlanması vəzifəsi cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi və İddiaçı ilə yeni kredit müqaviləsinin bağlanması vəzifəsi cavabdeh LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4752/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4752/2024
24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver