Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4758/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iş üzrə (açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-59/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətin verilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, İddiaçı barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinin və istintaq təcridxanasında saxlanılmasının nəzərə alınması hökm edilmişdir. - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-59/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, İddiaçı daxil olan əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, onun tərəfindən İddiaçı barəsində xx.xx.2024-cü il tarixdə saat 22:20-də “şübhəli şəxsin tutulması haqqında” protokol tərtib olunmuşdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(105)-448/2025 saylı qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(124)-59/2025 saylı hökmünə əsasən barəmdə bəraət hökmü çıxdığından Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 20 000 (iyirmi min) manat, mənəvi ziyana görə isə 50 000 (əlli min) manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 59/2025 nömrəli, 02 may 2025-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü verilmişdir. Qeyd edilən hökmdən dövlət ittihamçısı Samir Məmmədov apellyasiya protesti verərək, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs İddiaçı CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəmsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(105)-448/2025 saylı hökmü ilə apellyasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsində olan 02 may 2025-ci il il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, heç bir əsas olmadan ibtidai istintaq orqanı tərəfindən barəsində cinayət işi açılmış və xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində cəlb edilmiş və həmin tarixdən azadlığı məhdudlaşdırılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdən etibarən barəsində cinayət işi getmiş və ibtidai istintaq yekunlaşandan sonra cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi baxmış, barəsində bəraət hökmü vermiş, hökm çıxdıqdan sonra dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verildiyi üçün barəmdə məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmış, müflis olmuşdur. Cinayət prosesini həyata keçirən oranların səhvi və sui istifadəsi nəticəsində ona vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mmkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən oranların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfüzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. b) iddiaya etiraz: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 70.000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə kompensasiya ödənilməsini tələb etmişdir.Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Bundan əlavə iddiaçı mənəvi ziyana görə də kompensasiya ödənilməsini tələb etmişdir. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. c) məhkəmə icraat iştiakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsindəgöstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona ümumilikdə 20.000 manat maddi ziyanın vurulduğunu, qətnamə icra olunan günə kimi hər ay üçün aylıq qazancını nəzərə alınmaqla ümumi məbləğin ona ödənilməsini tələb etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 1 il 2 ay 15 gün müddətinə (xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixədək) «həbs» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 il 2 ay 15 gün müddətinə həbs qətimkan tədbirinə görə 14.500 manat (bir ay üzrə 1000 manat x 14 ay 15 gün) məbləğində müəyyən olunmalıdır. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 14.500 (on dörd min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 14.500 (on dörd min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4758/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4758/2025
06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver