Məhkəmə qərarları › İş №2(006)-4779/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4779/2025

13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4779/2025 13.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iş üzrə (açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 may 2023-cü il tarixdən hesablanmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim: X4) 02 iyul 2024-cü il tarixli, 1(060)-27/2024 nömrəli hökmü ilə İddiaçı CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxnasından həbsdən azad olunması, İddiaçı onun CM-in 234.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi hökm edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət məhkəmə tərkibində) 16 oktyabr 2024-cü il tarixli, 1(105)-597/2024 nömrəli qərarı ilə İddiaçı CM-in 234.2- ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 1(060)-27/2024 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını, apellyasiya protestinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1019/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 1(105)- 597/2024 nömrəli qərarının dövlət ittihamçısı X7 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, istintaq, məhkəmə və prokurorluq orqanlarının səhv nəticəsində 02 may 2023-cü il tarixdən 02 iyul 2024-cü il tarixə kimi əsassız olaraq həbsdə saxlandığı üçün 325 manat və 325 manat olmaqla vəkilə ödənilmiş pulun, 14 ay (426 gün) müddətində həbsdə qanunsuz saxlandığı vaxtda ailə üzvlərinin çəkdikləri yemək və ailə üzvlərinin yol xərcləri üçün 5000 manat pulun, iş yerini itirməyi ilə bağlı əldən çıxmış 33750 manat, həbsdə olduğu müddətdə evdə saxladığı 7400 ABŞ dolları (12500 AZN) oğurlanmış pulun və 3500 manatlıq mebel aksesuarları və digər mal materialın həyətindən oğurlanması ilə əlaqədar ona ümumilikdə 55400 manat maddi zərər və 30.000 manat mənəvi ziyanın Azərbaycan Respublikası Dövlətindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ona Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Yusif Süleymanov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir, ona görə ki, o, guya istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 19 (on doqquz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.28 qram, 21.25 qram, 0,23 qram, 0,22 qram, 0,21 qram, 0,32 qram, 0,26 qram, 0,30, qram, 0,24 qram, 0,26 qram, 0,24 qram, 0,29 qram, 0,28 qram, 0,31 qram, 0,27 qram, 0,29 qram, 0.25 qram, 0.28 qram, 0,21 qram, ümumi təmiz çəkisi 25,99 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinin həyətindəki it damında gizlətməklə saxlamış, 02 may 2023-cü il tarixdə, saat 13:07 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən "Türk Mətbəxi" restoranının qarşısında saxlanılmaqla Sumqayıt ŞPİ-nə gətirilib üzərimdə, şəxsi axtarış aparılan zaman əynindəki qara-qırmızı rəngli idman şalvarının sol ayağında, diz nahiyyəsində yerləşən cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.28 qram, həmin tarixdə saat 16:10 radələrində yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman isə evin həyətyanı sahəsində yerləşən it damından 18 (on səkkiz) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkisi 21.25 qram, 0,23 qram, 0,22 qram, 0.21 qram. 0,32 qram, 0,26 qram, 0,30, qram, 0,24 qram, 0,26 qram, 0,24 qram. 0,29 qram, 0,28 qram, 0,31 qram, 0.27 qram, 0,29 qram, 0,25 qram, 0,28 qram, 0,21 qram ümumi təmiz çəkisi 25.71 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. 04 may 2023-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həmin tarixdən məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İttiham aktı 18 iyul 2023-cü il tarixdə təsdiq edilərək cinayət işi baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-27/22024 nömrəli hökmü ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinın 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə, təqsirsiz bilinib barəsində məhkəmə tərəfindən ədalətli olıaraq bəraət hökmü çıxarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Daha sonra isə Azərbaycan Respubiikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel, 2025-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş Kassasiya protesti də təmin edilməmişdir. Nəticədə o, 02may 2023-cü il tarixdən 02 iyul 2024-cü il tarixə kimi əsassız olaraq həbsdə saxlanılmış və bununla da mənə maddi və mənəvi zərər vurulmuşdur. O qeyd olunan dövr ərzində istintaq təcridxanasında ağır şəraitdə saxlanılmış, kameralarda sıxlıq olduğundan xüsusilə yay aylarında yatmaq, istirahət etmək və başqa zəruri tələbatları təmin etmək imkanı son dərəcə məhdudlaşmışdır. Kamerada dəfələrlə halı pisləşmiş, müntəzəm dərman preparatlarını əldə etmək və qəbul etmək mümkün olmamışdır. Azadlıq hüququnun məhdudlaşdırılması himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarına qayğı və diqqət göstərmək, imkanından məhrum edilmişdir. Həbsdən əvvəl daimi iş yerim olmuş, qohum əqrabası içərisində nüfuz sahibi olmuşdur. Ailədə yeganə işləmək qabliyyəti olan və qazanc gətirən şəxs olduğundan, həbsindən sonra ailəsi ağır vəziyyətə düşmüş və ehtiyac icində yaşamağa dücar olmuşlar. Onun qanunusz həbsindən dərin sarsıntılar keçirən ailə üzvləri, dərin sarsıntı keçirmiş, cəmiyyətdə utanc hissləri keçirmişlər, narkotik vasitələrin satışı ilə məşğul olmaq kimi ağır bir maddə ilə ittiham olunmuş insanınn ailəsinin özünün və yaxın qohumlarının keçirdikləri hiss həyəcan və dərin sarsıntıların hesab edir ki, əvəzini heç nə verə bilməz. Hüquq mühafizə orqanlarının qeyd olunan qanunsuz hərəkətləri və sui-istifadəsi ona və ailəsinə ağır maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmə və həbsdə saxlanılma ilə əlaqədar 325 manat və 325 manat olmaqla vəkilə 650 manat pul ödəmişdir. Qeyd etdiyi kimi, həbsdən əvvəl daimi iş yeri olmuş Təhqiqat, istintaq, və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində daimi işimi itirmiş, hesab edir ki, onun həbsdə qaldığı müddət ərzində əmək haqqı da hesablanaraq ödənilməlidir. Belə ki, o həbs olunana qədər Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən "Maidə dönər" satış məntəqəsində və həmin mikrorayon ərazisində yerləşən "Cansu" restoranında işləyərək, "Maidə dönər" satış məntəqəsindən hər gün 25 manat olmaqla hər ay 750 manat, "Cansu" restoranından isə hər gün 45-50 manat olmaqla 1500 manat, ümumulikdə hər ay 2250 manat əmək haqqı alaraq ailəsini dolandırırdı. Göründüyü kimi həbsdə olduğu müddətdə 33.750 manat itirmiş və həbsdən azad ediləndən sonra da iş yerlərimi itirmişdir. Onun həmin dönərxanalarla birgə işləməyini Vüqar və Sahil adlı şəxslər də təsdiq edə bilər. Həmin vaxt işləyə biləcəyim halda, evini dolandıra biləcək halda üçün hər ay Dövlət Statistika Komitəsinin də müəyyən etdiyi kimi-təxmini 980 manat orta aylıq əmək haqqı, 14 ay üçün həbsdə saxlandığım müddətdə ən azından 13720 manat əmək haqqından məhrum olmuşdur. Bundan başqa, 14 ay-(426 gün) müddətində həbsdə qanunsuz saxılanıldığı vaxtda ailə üzvlərinin onun üçün çəkdikləri yemək və yol xərcləri 5000 (beş min) manat təşkil etmişdir. Bununla yanaşı, həbsdə olduğu müddətdə 7000 manat aliment borcu yığılıb qalmış, evdə saxladığı 7400 ABŞ dolları (12500 AZN) oğurlanmış, 3500-4000 manatlıq mebel aksesuarları və digər mal material həyətindən oğurlanaraq ona küllü miqdarda ziyan dəymişdir. İstintaq zamanı ona edilmiş təyziq və təhdidlərlə bağlı psixoloji travma aldığına görə, gecələr yata bilmir. Hörmətli hakim, göründüyü kimi istintaq orqanlarının səhvi üzündən o 82900 (səksən iki min doqquz yüz) manat maddi və 30.000 manatdan çox mənəvi ziyan cəkmişdir. Hesab edir ki, qeyd olunan qanunsuzluqlara görə ona vurulmuş maddi və mənəvi ziyan mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ödənməlidir. Bundan başqa, həbsdə saxlanıldığı müddətdə keçirdiyi istirablar, etmədiyi əmələ görə qanunsuz məsuliyyətə cəlb edilərək öz yoldaşlarının yanında utanmağı, ailə üzvlərini olmayan iztirablara məruz qoymağı, rüsvay olmağıyla əlaqədar ona 30.000 (əlli min) manat mənəvi ziyan vurulmuşdur. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianın təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki: 5.1.Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2.Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.). 5.3.Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. 5.4.Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 7.1.Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. 7.3.Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər 7.4.Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. 7.6.Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır. 7.15. Zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Bu hallara sarsıntı və (və ya) iztirabların dərəcəsi və xarakterinə təsir edən istənilən hallar aid edilir. Mənəvi zərərin kompensasiyası üsulu və təzminatın həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən xüsusi ilə zərərçəkmişin pozulmuş şəxsiyyət hüquqlarının növü; belə hüquqların məhdudlaşdırılmasının xarakteri, dərəcəsi və zərər vurma üsulu (intensivliyi, mənfi təsirin miqyası və müddəti) nəzərə alınmaqla qiymətləndirilməlidir. Məsələn, iztirab xarakteri daşıyan üsulla sağlamlığa zərər vurulması, uşaqlarının yanında valideynlərin şərəf və ləyaqətinin alçaldılması. 7.16. Həmçinin zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların nəticələri, bundan əlavə, sağlamlığa vurulan zərərin dərəcəsi, sağlamlığın pozulmasının və əmək qabiliyyətinin itirilməsinin müddəti, zərərçəkmişin ambulator və ya stasionar müalicəyə ehtiyacı, əvvəlki həyat tərzinin davam etmək imkanının olub-olmaması aydınlaşdırılmalıdır. Mənəvi təzminatın həcmi müəyyən edilərkən məhkəmə zərərvuran tərəfindən zərərçəkmişin bir və ya bir neçə şəxsiyyət hüququnun pozulması hallarının baş verməsini də araşdırmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən daimi iş yerində işləməsi, həmin iş yerlərindən konkret məbləğdə əmək haqqı əldə etməsi, eləcə də həbsdə olduğu müddətdə həmin gəlirdən məhrum qalması ilə bağlı hər hansı rəsmi sənəd, əmək müqaviləsi, əmək haqqının ödənilməsini təsdiq edən maliyyə sənədləri və ya digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən ailə üzvlərinin onun üçün çəkdiyi yemək və yol xərcləri ilə bağlı tələb edilən 5000 manat məbləğin faktiki çəkildiyini təsdiq edən hər hansı sübutlar da məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən həbsdə olduğu müddətdə evində saxladığı pul və əmlakın oğurlanması ilə bağlı göstərilən hallar üzrə həmin zərərin baş verməsini, onun məbləğini və bunun məhz dövlət orqanlarının hərəkətləri ilə səbəbli əlaqədə olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Həmin halların baş verməsi iddia olunsa da, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi, aparılmış araşdırmalar və ya digər sübutlar təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cinayət işi məhkəmədə baxılarkən (xx.xx.2024-cü il tarixində) hüquqi yardım göstərilməsi üçün vəkilə 325 manat məbləğində ödəniş edilməsi barədə qəbz məhkəməyə təqdim edilmişdir. Həmin ödəniş bu mülki iş üzrə deyil, məhz iddiaçının barəsində aparılmış cinayət təqibi çərçivəsində hüquqi müdafiəsinin təmin edilməsi məqsədilə edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən xərc iddiaçının bu mülki iş üzrə məhkəmə xərci kimi deyil, onun barəsində aparılmış cinayət təqibi ilə birbaşa bağlı yaranmış xərc olmaqla maddi ziyan kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı barəsində cinayət təqibinin aparılması və həmin iş üzrə məhkəmələrdə müdafiə hüququnun təmin edilməsi zərurəti iddiaçının vəkil xidmətindən istifadə etməsinə səbəb olmuş və nəticədə o, müvafiq maliyyə xərci çəkməyə məcbur qalmışdır. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlə həmin məbləğin faktiki olaraq ödənilməsi təsdiq olunduğundan, məhkəmə hesab edir ki, göstərilən xərc iddiaçıya dəymiş maddi ziyanın tərkib hissəsi kimi qiymətləndirilməli və onun əvəzinin ödənilməsi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cinayət işi üzrə hüquqi yardım üçün ödədiyi 325 manat məbləğində vəsait maddi ziyan kimi əsaslıdır və həmin məbləğin iddiaçıya ödənilməsi təmin olunmalıdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 1 il 2 ay müddətinə (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək) «həbs» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 il 2 ay müddətinə həbs qətimkan tədbirinə görə 14.000 manat (bir ay üzrə 1000 manat x 14 ay) məbləğində müəyyən olunmalıdır. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 325 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 14.000 (on dörd min manat) manat məbləğində mənəvi zərərin, 325 (üç yüz iyirmi beş manat) manat maddi ziyanın əvəzi, həmçinin iddiaçının göstərilmiş hüquqi yardıma görə ödədiyi 325 manat (üç yüz iyirmi beş manat) pul ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 14.000 (on dörd min manat) manat məbləğində mənəvi zərərin, 325 (üç yüz iyirmi beş manat) manat maddi ziyanın əvəzi, həmçinin iddiaçının göstərilmiş hüquqi yardıma görə ödədiyi 325 manat (üç yüz iyirmi beş manat) pul ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar