Məhkəmə qərarları › İş №2(006)-48/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-48/2022

16.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-48/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı qarşı “evin yararsız hala düşmüş hissələrinin təmir etdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı qarşı “evin yararsız hala düşmüş hissələrinin təmir etdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yararsız hala düşmüş yerlərinin təmir etdirilməsi ilə bağlı iddia tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 iyul 2018-ci il tarixdə 28 saylı mənzildə yaşayn kirayəçi su kranını açıq qoyaraq rayona getdiyindən 1-ci mərtəbəyə qədər sakinlərin mənzillərini su basmışdır. Belə bir hadisə 2017-ci ilin mart ayında (Novruz bayramı ərəfəsində) olmuşdur. O vaxtlar o, 23 saylı MİS-in ustası vasitəsilə boruya Güləlinin aldığı kranı qoydurub onların suyunu bağlamışdır. Evin sahibi ona çox yalvararaq suyu açmağını xahiş etmiş və qonşuların qarşısında belə hadisənin bir daha baş verməyəcəyinə dair and içmişdir. Bu dəfə o, bağda olduğundan bazar gününə kimi evini su elə basmışdır ki, elektrik xəttində qısa qapanma olmuşdur. Xoşbəxtlikdən sayğacın qoruyucusu atmış və yanğın sovuşmuşdur. İndi hamam, dəhliz və mətbəx yarasız hala düşmüşdür. Bu hadisə haqqında 19-cu polis şöbəsinə şikayət etmişdir. Onlar da öz növbəsində 23 saylı MİS-ə məktub göndərərək bu hadisəni aktlaşdırmağı xahiş etmişlər. O, ona vurulan ziyanın məbləğini dəqiqləşdirmək üçün elektrik, suvaqçı və dülgər ustalarını evə baxmağa dəvət etmişdir. Onlar bildirmişlər ki, təmir üçün lazımi materiallar və zəhmət haqqı birlikdə ən azı 650 (altı yüz əlli) manat olacaqdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün heab edir. məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir (AR MPM 185.5-ci maddə-Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11.07.2019-cu il tarixli, 311 №-li Arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ 19-cu Polis Şöbəsinə ünvanlanan 09.07.2018-ci il tarixli ərizədən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə mübahisələndirilən məsələ ilə bağlı ev sahibinin intizama cəlb edilməsi və ona dəyən ziyanın ödənilməsi üzrə müəyyən tədbirlər görülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi RPİ 19-cu Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan 03.08.2018-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan 01.07.2019-cu il tarixli Aktdan görünür ki, Moskva prospekti, ev 70, mənzil 25 ünvanında yaşayan İddiaçı müraciəti əsasında onun mənzilinə baxış keçirilmiş və baxış zamanı aşkar olunmuşdur ki, şikayətçinin mənzilinə haçansa həmin binada Cavabdeh məxsus 28-ci mənzildən su axıdılmışdır. Su axması nəticəsində şikayətçinin mənzilinin mətbəx, otaq, dəhlizində tavan ə döşəmədə su izləri qalmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5971/2021 saylı, 19.10.2021-ci il tarixli qərardadına əsasən, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/213 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 25 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 28 saylı mənzilin isə binanın 5-ci mərtəbəsində yerləşdiyini, 25 saylı mənzilin dəhliz, mətbəx, hamam və ayaqyolu tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, 1-ci mikrorayon, Moskva prospekti 70 ünvanında yerləşən 25 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 28 saylı mənzildən su axıdıldığı və nəticədə 25 saylı mənzilin dəhliz, mətbəx, hamam və ayaqyolu tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, 1-ci mikrorayon, Moskva prospekti 70 ünvanında yerləşən 25 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmirtikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 824 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, 1-ci mikrorayon, Moskva prospekti 70 ünvanında yerləşən 25 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmitikinti işlərinin dəyəri olan 824 (səkkiz yüz iyirmi dörd) manat və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, 1-ci mikrorayon, Moskva prospekti 70 ünvanında yerləşən 25 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmi-tikinti işlərinin dəyəri olan 824 (səkkiz yüz iyirmi dörd) manat və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar