Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-480/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «adının Mərkəzləşdirilmiş Kredit Reyestrində zaminlikdən çıxarılması və bununla bağlı həmin sistemdə müvafiq düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «adının Mərkəzləşdirilmiş Kredit Reyestrində zaminlikdən çıxarılması və bununla bağlı həmin sistemdə müvafiq düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində adının kreditin ödənilməsi ilə bağlı zaminlikdən çıxarılmasının təmin edilməsi üçün müvafiq köməklik göstərilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə ünvanladığı müarcaiətə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli 3-6-1/1-5259/2023 iş nömrəli məktuba cavab verilmiş və icra sənədi üzrə icraata xitam verildiyindən onun zamin kimi tələbkara heç bir borcunun qalmadığı, bundan sonra zamin kimi ondan kredit borcunun tələb ollluuunmayacağı bildirilmişdir. Bununla əlaqədar olaraq Mərkəzləşdirilmiş Kredit Reyestrində adının kreditin ödənilməsi ilə bağlı zaminlikdən çıxarılmasının təmin edilməsi üçün müvafiq köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı müraciətə Mərkəzi Bank tərəfindən xx.xx.2023-cü il tarixli, 6-1-26/2-R-237-0-8121/2023 nömrəli məktuba cavab verilmişdir. İcra sənədində göstərilən məbləği tələbkarın xeyrinə tam olaraq ödədiyi və barəsində çıxarılmış icraata xitam verilməsinə baxmayaraq "xxxx" BOKT MMC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində müvafiq düzəliş edilməyərək adının sözügedən zaminlikdən çıxarılmasının təmin edilməməsi vətəndaş hüquqlarının pozulmasına səbəb olur və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə məsuliyyət yaradır.
3. Göstərilənlərə əsasən, xx.xx.2014-cü il tarixli BK-00020075 saylı zaminlik müqaviləsinə əsasən X4 "xxxx" BOKT MMC-nin Bakı filialının götürdüyü 6250 ABŞ dolları məbləğində kreditin ödənilməsi ilə bağlı BOKT "xxxx" MMC tərəfindən adının Mərkəzləşdirilmiş Kredit Reyestrində zaminlikdən çıxarılması və bununla bağlı həmin sistemdə müvafiq düzəlişin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Əvvəlki məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, cavabdehin nümayənədəsi məhkəməyə ərizə ünvanlayaraq iştirakları olmadan işə baxılmasını və iddianın rədd edilməsini xahiş etmiş, iddiaçı isə gəlməməsinin səbəblərini bildirməmişdir.
7. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) mülki işin materialları:
8. İş materiallarında olan Mərkəzləşdirilmiş Kredit Reyestri tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli çıxarışda İddiaçı aktiv öhdəkiləri üzrə kreditin məbləğinin 59.300 AZN, zamin olduğu öhdəliyin məbləği isə 3322,701 AZN qeyd olunmuşdur.
9. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli 2(001)-872/2016 saylı qətnaməsi ilə cavabdehlər X2, X3, X1 və İddiaçı müştərək qaydada ödənilməmiş 4369,52 ABŞ dolları əsas borc, 1294,78 ABŞ dolları faiz borcu, cəmi 5664,30 ABŞ dolları borcun tələbkar "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.
10. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 8(001)-15/2024 saylı qərardadından görünür ki, şikayət təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli 2(001)- 872/2016 saylı icra sənədi üzrə Şahbuz rayon İcra və Probasiya Bölməsinin icra məmuru Şəbnəm Əliyeva tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarın ləğv edilməsi, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.
11. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-872/2016 saylı icra sənədi üzrə borc məbləği tələbkarın xeyrinə tam olaraq ödənildiyi üçün icra sənədi üzrə icraata xitam verilmiş və onun zamin kimi tələbkara heç bir borcu qalmamışdır. İcra sənədi üzrə icraata xitam verilməsi bundan sonra zamin kimi ondan kredit borcunun tələb olunmaycağı anlamına gəlir.
12. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2018ci il tarixli Arayışın surətindən görünürki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı əmək haqqı hesabından 2017-2018-ci illər ərzində cəmi 1414,41 ABŞ dolları tutularaq "xxxx" BOKT MMC-nin hesabına mədaxil edilmişdir.
13. İş materiallarında olan Şahbuz rayon İcra və Probasiya Bölməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat xitam verilməsi barədə qərarın surətindən görünür ki, borclu İddiaçı icra sənədi üzrə göstərilən məbləği tələbkarın xeyrinə tam olaraq ödəmiş və buna görə də xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunun surətindən görünür ki, İddiaçı banka müraciət etmiş, ona Banklar haqqında qanunun 36.7-ci maddəsinə əsas gətirilərək, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. "xxxx" BOKT MMC ilə X5 arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ona 18 ay müddətinə 6250 manat məbləğində kredit verilmişdir. Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli 2(001)-872/2016 saylı qətnaməsi ilə X2, X3, X1 və İddiaçı müştərək qaydada ödənilməmiş 4369,52 ABŞ dolları əsas borc, 1294,78 ABŞ dolları faiz borcu, cəmi 5664,30 ABŞ dolları borcun tələbkar "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. xx.xx.2018-ci il tarixli Şahbuz rayon İcra və Probasiya Bölməsinin qərarı ilə icraat xitam verilmişdir. "xxxx" BOKT MMC tərəfindən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Şahbuz rayon İcra və Probasiya Bölməsinin xx.xx.2018-ci il tarixli qərarından şikayət verilmiş, qərar ləğv edilmiş, icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Hazırda iddiaçı məhkəməyə iddia verərək iddiaçı tərəfindən onun adının MKRS-də zaminlikdən çıxarılması və bununla bağlı sistemdə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
18. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Göstərilən Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
23. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
24. “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.
25. İş materiallarından da göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. İddiaçı iddia tələbində Şahbuz rayon İcra və Probasiya Bölməsinin icraata xitam verilməsi ilə bağlı qərarını əsas gətirərək, adının Mərkəzləşdirilmiş Kredit Reyestrində zaminlikdən çıxarılması və bununla bağlı həmin sistemdə müvafiq düzəlişin edilməsini tələb etmişdir. Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli arayışına əsasən qeyd olunan kredit müqaviləsi üzrə icraata xitam verilməsi, İddiaçı zamin kimi ondan borcun tələb olunmayacağı qeyd edildiyi halda iddiaçı adının Mərkəzləşdirilmiş Kredit Reyestrində zaminlikdən çıxarılması və bununla bağlı həmin sistemdə müvafiq düzəlişin edilməsini tələb etsə də, sonradan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən şikayət verilmiş və Binəqədi Rayon Məhkəməsi tərəfindən Şahbuz rayon İcra və Probasiya Bölməsinin icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və icra hərəkətlərinin dayandırılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Binəqədi Rayon Məhkəməsinin 8(001)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli qəraradadı ilə təsdiq edilir ki, iddiaçının "xxxx" BOKT MMC-yə borcu qaldığı halda Şahbuz rayon İcra və Probasiya Bölməsi tərəfindən icra sənədi üzrə icraata qanunsuz olaraq xitam verilmiş və bu barədə tələbkara məlumat verilməmişdir. Bu da onu göstərir ki, iddiaçı "xxxx" BOKT MMC-yə qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir.
26. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «adının Mərkəzləşdirilmiş Kredit Reyestrində zaminlikdən çıxarılması və bununla bağlı həmin sistemdə müvafiq düzəliş edilməsi» tələbinə dair iddiaçının xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə adının Mərkəzləşdirilmiş Kredit Reyestrində zaminlikdən çıxarılması və bununla bağlı həmin sistemdə müvafiq düzəlişin edilməsi tələbi bütünlükdə təmin edilməməlidir. (hər iki tələb bir-biri ilə bağlı olduğundan və bir hüquqi əsasa söykəndiyindən birlikdə qiymət verilərək rədd edilir) .
27. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «adının Mərkəzləşdirilmiş Kredit Reyestrində zaminlikdən çıxarılması və bununla bağlı həmin sistemdə müvafiq düzəliş edilməsi» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.