Məhkəmə qərarları › İş №2(006)-4804/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4804/2025

17.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4804/2025 17.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X5, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işləməsi ilə əlaqədar hər ay 1200 (min iki yüz) manat əmək haqqı olmaqla, həbs olunduqdan sonra işdən kənarlaşdırılması, həmin əmək haqqını ala bilməməsi və bunun onun ailəsinin yaşam tərzinə göstərdiyi mənfi təsirə görə 6 ay qanunsuz həbsi ilə əlaqədar olaraq ona 7200 (yeddi min iki yüz) manat, eyni zamanda təhsil aldığı Universitetə ödədiyi 1141 (min yüz qırx bir) manat, cəmi 8341 (səkkiz min üç yüz qırx bir) manat maddi ziyanın, İddiaçı 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, qanunsuz həbsdə qalması ilə bağlı vurulmuş mənəvi ziyana görə 40000 (qırx min) manat məbləğində kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-995/2024 saylı qərarı ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Natiq Allahverdiyevin vəsatəti əsasında, Binəqədi rayon prokuroru Fuad Məmmədovun təqdimatı təmin edilərək, Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş İddiaçı barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci ıl tarixli, 4(001)-291/2025 saylı qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə barəmdə seçilmiş həbs qətimkan tədbirinin müddətinin 3 ay uzadılması qərara alınmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 416/2025 saylı qərarı ilə İddiaçı barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-995/2024 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad olunmağı qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Natiq Allahverdiyev tərəfindən İddiaçı 26 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarının ləğv edilməsi və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin qüvvədən düşmüş hesab edilməsi, onun təqsirləndirilən şəxs statusundan çıxmış hesab edilməyim qərara alınmışdır. Barəsində qaldırılmış cinayət işi ilə bağlı əsassız olaraq həbs edildiyindən, uzun müddət gərginlik şəraitində, mənəvi iztirab və əziyyət içərisində yaşamışdır, ailəsi 6 aydan da artıq müddətində bu ağır vəziyyətin acısını yaşamışlar. Təqsirləndirilən şəxs qismində cəlb olunduğu andan hüquqları cinayət prosesini həyata keçirən orqanlar - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi və Binəqədi rayon prokurorluğu tərəfindən pozulmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, həmin müddətdə o, mənəvi sarsıntı keçirmiş, depressiyaya düşmüş, bu isə öz növbəsində səhhətinə pis təsir göstərmişdir. Hazırda barəsində zərəçəkmiş qismində cəlb olunma ilə bağlı qərar ləğv olmasına baxmayaraq, bəzi dost, tanış, qohumlar ondan uzaqlaşıblar. Həbsdə olarkən ailəsi maddi-mənəvi məhrumiyyətlərlə üzləşmiş, ona dövlət orqanlarının səhvi nəticəsində yapışdırılmış "narkoman” damğası ilə yaşamaq məcburiyyətində qalmışdır. Qanunsuz həbs edildiyindən şəxsiyyətinə elə zərbə vurulmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışır. Həyatın istənilən sferasında bunu hiss edir. Uzun müddət ərzində istintaq orqanının əsassız ittihamının əziyyətini çəkmişdir. Sonda müəyyən edilmişdir ki, cinayət işi açıq-aşkar əsassız, qanunsuz və qərəzlidir. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində hüquqları pozulmuş, ona küllü miqdarda maddi zərər dəymiş və mənəvi istirablar çəkmiş, işgüzar nüfuzun xələl gətirilmişdir. Eləcə də qeyd etmək istəyir ki, Sumqayıt Dövlət Universitetində "Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alırdı və 2024/2025-ci tədris ilinin payız semestrində 5 fənn üzrə alt qruplarda və əlavə tədris qrupunda iştirak etmək üçün, 1141 manat ödəniş etmişdir. Lakin, əsassız həbsi ödənişini etdiyi imtahanlarda iştirakını əngəllədi və ödədiyim məbləğ heçə getdi. Eyni zamanda təhsil almaqla bərabər, məcburi köçkün olan ailəsinin çətin vəziyyətini nəzərə alaraq, həm də işləyirdi. X1 əldə etdiyi Fərdi şəxsi hesab haqqında arayışda əməkhaqqı 350 manat göstərilsə də, əslində aylıq 1200 (min iki yüz) manal əmək haqqı alırdı. Ona görə də, hesab edir ki, ona dəymiş maddi və mənəvi ziyan adiyyəti orqanlar tərəfindən ödənilməlidir. Mənəvi zərərin miqdarını müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırkı iş üzrə məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların kifayət qədər uzun bir müddət ərzində, yəni 6 aydan çox müddət ərzində davam etməsi nəzərə alınmalı, mənəvi zərərin miqdarını ən azı 40000 (qırx min) manat müəyyən edilməlidir. Hesab edir ki, ona maddi ziyan olaraq ən azı əmək haqqı kimi alacağı 7200 manat, eyni zamanda təhsil aldığı Universitetə ödədiyi 1141 manat ziyan dəymişdir və həmin maddi ziyanın əvəzinin ödənilməsi təmin olunmalıdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya qarşı hər hansı etiraz daxil olmmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 və iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-995/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi iiə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatın təmin edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməsi, İddiaçı həbsdə saxlanılma müddətinin əvvəlinin 24 dekabr 2024-cü il tarixdən, saat 17:00-dan hesablanması, İddiaçı barəsində “ev dustaqlığı" qətimkan tədbirinin seçilməsinə dair müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-416/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının surətinə əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan 2********) nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-995/2024 nömrəli qərarı ilə seçilmiş "həbs" qətimkan tədbiri "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad olunması, İddiaçı ev dustaqlığında saxlanma müddəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-291/2025 nömrəli qərarında müəyyən edilmiş müddətdək, yəni 24 iyul 2025-ci il tarixədək müəyyən edilməsi, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin tətbiq edildiyi dövrdə onun cinayət prosesini həyata keçirən və ya davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla üzərinə yaşayış yeri olan Bakı şəhəri, Yasamal rayonu, Memarlıq-İnşaat Universitetinin yataxanası ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Bakı şəhəri hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, təhsilini davam etdirmək vəzifələri qoyulması, İddiaçı cinayət İşTuzrə keçən digər şəxslərlə və onların qohumları ilə əlaqə-saxlamasına, yaşadığı ünvanda həmin cinayət işi ilə bağlı olan şəxsləri qəbul etməsinə və onlarla görüşməsinə, habelə həmin şəxslərlə rabitə və sair vasitələrlə əlaqə saxlamasına qadağa qoyulsun, ona, onun davranışına nəzarət edən orqana müəyyən edilmiş vaxtlarda zona etmək, həmin orqanın, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına şəxsən və təxirə salınmadan gəlmək vəzifələri qoyulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon prokurorunun xx.xx.2025-ci il tarixli 2-2/310/2- 148436/2025 saylı qərarının surəinə əsasən Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Natiq Allahverdiyev tərəfindən İddiaçı 26 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarı ləğv edilməsi və barəsində seçilmiş ev dustağlığı qətimkan tədbiri qüvvədən düşmüş hesab edilməsi və İddiaçı təqsirləndirilən şəxs statusundan çıxmış hesab edilməsi barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin portalından çıxarılmış arayışdan görünür ki, İddiaçı ilə ofisiant vəzifəsinə dair xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və müqaviləyə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2/a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş X1 çıxarılmış xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2024-cü ilin noyabr və dekabr aylarında 350 manat əmək haqqı almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Maddə 5.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığazərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları: 2.1.1. təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir; 2.1.16. müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir; 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3. təcrübələrdə iştirak etməsi; 3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir 4.3. Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1101-ci maddələri təşkil edir. İddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Belə ki, İddiaçı bəraət alıb həbsdən azad olunanadək 05 ay 10 gün (xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək) müddətində həbsdə saxlanılması, 01 ay 12 gün (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək) ev dustaqlığı qətimkan tədbirinə məruz qalması işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə İddiaçı əsassız olaraq həbs edilməsi ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Həbs qətimkan tədbirinə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Təqdim olunmuş sübutların məcmusundan da göründüyü kimi İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirlərinin seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılması) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırda iddiaçı mənəvi zərərin əvəzi kimi 40000 (qırx min) manat, azadlığından məhrum edildiyi müddət ərzində gəlirlərindən məhrum edildiyinə və təhsil aldığı Universitetdə qatıldığı alt qruplar və əlavə tədris qrupundakı imtahanlarda həbsdə olması səbəbindən iştirak etmədiyinə, bununla da yenidən iştirak etmək üçün həmin pulu təkrarən ödəməli olduğuna əsaslanmaqla, ödədiyi 1141 manat xərcin çəkilməsinə istinad edib ona maddi ziyan vurulduğunu bildirir və ümumilikdə 8341 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə hesab edir ki, İddiaçı 05 ay 10 gün müddətində həbsdə saxlanılması, 01 ay 12 gün müddətində ev dustaqlığı qətimkan tədbirinə məruz qalması nəticəsində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün 05 ay 10 gün həbs müddətinə görə hər ayı üçün 1.000 manat, 10 günə görə isə 333 manat hesablanmaqla 5333 manat məbləğində, ev dustaqlığına görə isə ayı 500 manat, 12 günə görə 200 manat hesablanmaqla 700 manat, ümumilikdə isə 6033 manat müəyyən olunmalıdır. İddia tələbinin “maddi ziyana görə 8341 manat pulun ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş X1 çıxarılmış arayışlardan İddiaçı ilə ofisiant vəzifəsinə dair xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin bağlandığı, müqaviləyə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2/a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi, 2024-cü ilin noyabr və dekabr aylarında 350 manat əmək haqqı aldığı müəyyən edilir. Göründüyü kimi iddiaçı həbsə alınanadək əmək fəaliyyəti ilə məşğul olaraq əmək haqqı almış və həbs olunduqdan sonra həmin gəlirlərindən məhrum olmuşdur. Belə olan halda məhkəmə iddiaçının həbsdə olduğu müddətə görə aylıq əmək haqqının 350 manat olmasını, həbs edilməsəydi yeni başladığı əmək fəaliyyətini davam etdirmək imkanından məhrum olunduğunu nəzərə almaqla, həbsdə olduğu 05 ay 10 günə görə 1866 manat (1750 manat (350manatx5ay) +116 manat (10 günə görə)=1866 manat) maddi zərərin əvəzinin iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa iddiaçı işdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərinə istinad edərək, Sumqayıt Dövlət Universitetinin 2024/2025-ci tədris ilinin payız semestrində 5 fənn üzrə alt qruplarda və əlavə tədris qrupunda iştirak etməsinə baxmayaraq, həbsdə olması səbəbindən imtahanlarda iştirak edə bilməməsini əsas gətirərək ödədiyi 1141 manatın ona ödənilməli olmasını bildirir. İşdən görünür ki, xx.xx.2024-cü il tarixdə 540.81 manat və 600.90 manat olmaqla 1141.71 manat təhsil xərci ödənilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydalarında göstərilmişdir ki, üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir. Göründüyü kimi sözügedən Qaydalarda üzrlü səbəbdən imtahanlarda iştirak edə bilməyən tələbələrə bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanının yaradılması nəzərdə tutulmuş, lakin bu imkanın mövcudluğu növbəti semestr dərslərinin başlanana qədər olması ilə şərtləndirilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixdən həbs edilməsi nəzərə alındıqda həmin ilin payız semestri üçün təşkil olunmuş imtahanlarda, habelə növbəti semestr dərslərində iştirak edə bilməməsi, bunun nəticəsində həmin dövr üzrə kredit toplamaq üçün ödədiyi 1141 manat vəsaitin öz əhəmiyyətini itirərək, iddiaçının maddi zərərə məruz qalması ilə onun əsassız olaraq həbsdə saxlanılması arasında səbəbli əlaqənin mövcudluğu mübahisəsiz haldır. Belə olan halda iddiaçı təkrar imtahanda iştirak üçün şəraitin yaradılması ilə bağlı təhsil müəssisəsinə müraciət etmək imkanından da məhrum olmuşdur ki, bu da onun ödədiyi məbləğ həddində maddi ziyana düşməsi qənaətinə gəlmək üçün kifayət edir. O da qeyd edilməlidir ki, 2025-ci ilin iyun ayında həbsdən azad olduqdan sonra imtahanda iştirak etmək imkanı yaradılsaydı belə, tədris ili ərzində təşkil olunmuş dərslərdə iştirak etməmiş tələbənin həmin dövrdə tədris edilmiş fənlər üzrə məlum səbəbdən qazana bilmədiyi biliklərin imtahanda tətbiq edilməsi imkanı birmənalı istisna edilir və onun imtahanlara cəlb edilərək hər hansı müvəffəqiyyət əldə etməsi də mümkün görünmür. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1141 manat məbləğində maddi zərərin əvəzi dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməlidir. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 9040 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi ziyana görə 3007 (üç min yeddi) manat, mənəvi zərərə görə 6033 (altı min otuz üç) manat olmaqla, ümumilikdə 9040 (doqquz min qırx) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar