Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4809/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiaərizəsi iləməhkəməyəmüraciətetmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli qərarı ilə iddiaçı barəsində 1 ay 14 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmənin iddiaçı barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılmasından məlumatı olmamış, iştirakı olmadan baxılmışdır. Vəsatət verilməsinə səbəb Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində iddiaçı barəsində həqiqətəuyğun olmayan şikayətlə bağlı cinayət işinin aparılması olmuşdur. Həmin dövrdə iddiaçı Türkiyə Respublikasında olmuş, işləmişdir. 2019-cu ilin sonlarında iddiaçıya məlum olmuşdur ki, barəsində cinayət işi var, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bu məlumatı alan kimi xx xxxxxxx 2019cu ildə Naxçıvan MR ərazisindən keçməklə Bakı şəhərinə gələrək, araşdırma aparmaq istəmişdir. Lakin Naxçıvan gömrüyündə saxlanılmış, xx xxxxxxx 2019-cu ildə Bakıya gətirilərək 1 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. xx xxxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu ilə kimi 1 ay 12 gün həbsdə saxlanılmışdır. xx xxxxxx 2019-cu ildə Yasamal Rayon Məhkəməsi həbs qətimkan tədbirinin uzadılmasına dair Yasamal rayon prokurorunun verdiyi təqdimata baxaraq təmin etməmiş, iddiaçı azadlığa çıxmışdır. İddiaçı barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdir. Həmin qətimkan tədbiri xx xxxx 2020-ci ilə kimi qüvvədə qalmışdır. İttihamın məzmununa görə guya iddiaçı yaxın qohumuna məxsus "Ford Mondeo" markalı avtomobili gizli yolla ələ keçirərək tamah məqsədilə başqa şəxsə satmaqla oğurluq cinayəti törətmişdir. xx xxxx 2020-ci il tarixdə cinayət işi üzrə icraata cinayət hadisəsi olmaması əsasına görə xitam verilmişdir. İstintaq orqanı tərəfindən əsassız və qanunsuz olaraq iddiaçı barəsində cinayət məsuliyyətinə cəlb olunmağına dair qərar qəbul olunması, barəsində 1 (bir) ay 14 (on dörd) gün həbs qətimkan tədbiri seçilməsi ilə iddiaçının azadlığının əlindən alınması, barəsində uzun müddətə - 170 gün ərzində hüquq məhdudlaşdırıcı tədbir olan ‘‘polisin nəzarətinə vermək haqqında" qətimkan tədbiri seçilməsi, aparılan istintaq, həbsdə saxlandığı dövrdə yaxın qohumları tərəfindən çəkilən xərclərlə bağlı iddiaçıya ziyan vurulmuşdur. İddiaçı müdafiəçinin hüquqi yardımından istintaq və məhkəmə instansiyasında istifadə etməyə məcbur olmaqla, yaxınları ilə görüş və ona gətirilən bağlamalara görə əlavə xərclər çəkməli olmuşdur. İddiaçının barəsində olan cinayət işinin istintaqda aparılması üçün ümumi müdafiə haqqı kimi 1000 (bir min) manat, istintaq təcridxanasında saxlanıldığı 42 gün müddətində qohumları tərəfindən çəkilən xərc 200 (iki yüz) manat, yol xərci məsrəfləri 100 (yüz) manat olmaqla, 1300 (bir min üç yüz) manat müəyyən edilməlidir. Bundan başqa, cinayət əməli törətməkdə əsassız şübhəli bilinərək 42 (iki) gün müddətinə həbsdə saxlanmağı, cəmiyyətdə mənfi cinayətkar obrazının formalaşması, çirkin bir əmələ-oğurluq cinayətinin törədilməsi şaiyəsi, iddiaçıya və ailə üzvlərinə ciddi mənəvi zərbə vurmuşdur. İddiaçı yüksək ali təhsillidir, işləyir. İstintaq orqanının qanunsuz qərar qəbul etməsi ictimai nüfuzuna, şərəf və ləyaqətinə ciddi mənfi təsir göstərib. Şərəf və ləyaqəti təhqir olunub, aşağılanıb. İddiaçı ağır əsəb gərginliyi keçirmişdir. Hal-hazırda da müalicə alır. Sağlamlığını itirmişdir. Qanunsuz olaraq 42 gün həbsdə oğurluq cinayəti törətmə ittihamı ilə saxlanmağını özü üçün həyatının ən böyük təhqiri hesab edir. Vurulmuş mənəvi zərərin dəyərini 10.000 (on min) manat məbləğində dəyərləndirir. Bundan başqa, iddiaçı tutulduğu günə xx xxxxxxx 2019-cu ilə kimi Türkiyə Respublikasının İstanbul şəhərində, Laleli küçəsində "‘ACİLİM BİLGİLENDİRME DANİŞMANLİK LTD.ŞTİ” şirkətində işləmiş, aylıq əmək haqqı 1500 ABŞ dolları- 2550 manat təşkil etmişdir. İddiaçı barəsində aparılmış qanunsuz istintaq hərəkəti və həbs qətimkan tədbiri seçilməsi nəticəsində iş yerini və qazancını itirmişdir. İş yerini itirməyi nəticəsində ona 01 iyuna kimi 17.850 (on yeddi min səkkiz yüz əlli) manat ziyan vurulmuşdur. Beləliklə istintaq və məhkəmə orqanlarının qanunsuz və əsassız qərarları nəticəsində iddiaçıya bəraət hökmü çıxarılan günə kimi 19.150 (on doqquz min yüz əlli) manat maddi və 10.000 (on min) manat mənəvi ziyan dəymişdir. Həmin ziyan iddiaçıya ödənilməlidir. Cəmi ziyan məbləği 29.150 (iyirmi doqquz min yüz əlli) manat təşkil edir. Göstərilənlərə əsasən əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmağına və həbsdə saxlanılmağına görə iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə 29.150 (iyirmi doqquz min yüz əlli) manat məbləğində kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(004)-476/2019 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunması, xx xxx 1983-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 83, mənzil 1-də yaşamış, hazırda ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı Avadxan oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi, İddiaçı Avadxan oğlunun tutulduqda dərhal həbsə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensıar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı Avadxan oğlunun cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 1 (bir) ay 14 (on dörd) gün həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin İddiaçı Avadxan oğlunun faktiki tutulduğu tarixdən hesablanması, qərarın icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(004)-997/2019 saylı qərarı ilə vəsatət təmin edilməmiş, xx xxx 1983-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 mənzil 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 83, mənzil 15 ünvanında yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan İddiaçı Avadxan oğlunun barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair verilmiş vəsatətin təmin edilməməsi və onun dərhal məhkəmə iclas zalından azad olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X15 tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən - xx.xx.1983-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 4 mənzil 6 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 83, mənzil 15 ünvanında yaşamış İddiaçı Avadxan oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Osmanov Fazil Mövlud oğlu tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, ********* nömrəli cinayət işinin materiallarından ********* nömrəli cinayət işinin ayrılması və ********* nömrəli cinayət işi üzrə istintaqın ayrıca icraatda davam etdirilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı Avadxan oğlu tərəfindən X8 məxsus «Ford Mondeo» markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili gizli olaraq ələ keçirilməmişdir. Belə ki, həminhadisənin baş verdiyi vaxtda həmin avtomobil O.Əsədovun icazəsi ilə İddiaçı özündə olmuşdur. Bundan əlavə, O.Əsədovhadisə barədə məlumatı hadisə baş verdikdən bir müddət sonra, yəni xx.xx.2018-ci il tarixdə baş vermişdir. İstintaq zamanı toplanmış digər sənədlərdən görünür ki, İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkib əlamətləri yoxdur. Odur ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməlidir. Cinayət işinin materiallarından görünür ki, İddiaçı Avadxan oğlu X8 məxsus «Ford Mondeo» markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili heç bir qanuni əsaslar olmadan kredit şərtləri ilə tanışı X1. Lakin istintaq zamanı zərərçəkmiş şəxs X2 RPİ-nə ərizə ilə müraciət edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmiş və «Ford Mondeo» markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı mübahisəni mülki qaydada həll edəcəyini bildirmişdir. Bundan əlavə, istintaq zamanı İddiaçı Avadxan oğlu və X13 da ərizə ilə müraciət edərək cinayət işi üzrə icraata xitam verilməsinə və işin mülki qaydada həll olunmasına, etirazlarının olmadığını bildirmişlər. İş materiallarında olan “X3” MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Avadxan oğlu 2019-cu ilin mart ayından etibarən həmin MMC-də işləyir. Ölkə xarici konsaltinq, satış marketinqi departamentində müdir vəzifəsinə sahibdir. 1500 ABŞ dolları maaş alır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Osmanov Fazil Mövlud oğlu tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərar ilə İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. X5 Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən suiistifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» xx xxxx 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. X17 Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», xx xxxx 1998ci il; «Dikmə Türkiyəyə qarşı» xx xxxx 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 19.150 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tə--rəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 500 (beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının 42 gün həbsdə saxlanılmağı, ona 170 gün “polisin nəzarətinə vermək haqqında” qətimkan tədbiri tətbiq edilməsi ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4809/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4809/2020
11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver