Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4816/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ehtibar qızına qarşı “istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ehtibar qızına qarşı “istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən:
1. cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar iddia ərizəsində göstərilməmiş, MAPS arayışı, şəxsiyyət vəsiqəsi, FİN və ya şəxsiyyətini təsdiq edən digər sənədlər iddia ərizəsinə əlavə edilməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ehtibar qızı adında şəxslərin olması aşkar edilməmiş;
2. iddia ərizəsi elektron qaydada təqdim edilməməsinə baxmayaraq, cavabdehlərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 150.1 və 150.1.1-ci maddəsinə görə, iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ehtibar qızının şəxsiyyətlərini eyniləşdirmək mümkün olmadığı və iddia ərizəsinin elektron formada verilməməsinə baxmayaraq, iddia ərizəsinə cavabdehlərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilmədiyi üçün hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ehtibar qızına qarşı “istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova