Məhkəmə qərarları › İş №2(006)-4820/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4820/2020

19.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4820/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, o, 2017-ci ilin son aylarında bir nəfərin vasitəsi ilə tanıdığı cavabdehə 1 il müddətinə qaytarmaq şərtilə 3000 manat borc pul vermişdir. Lakin cavabdeh sözügedən pulu qaytarmaqdan imtina edir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru X2 xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Bakı şəhəri Ələt qəsəbəsi Pirsaat 2 hərbi şəhərcik ev 118-də yaşayan İddiaçı Xəlif qızı Bakı şəhəri Baş Polis İdarəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, qızı Xəilova Şəbinə 1-ci qrup əlildir və dağınıq skleroz, Hemlplegiya, A.ağı spastik paraleiga xəstəliklərindən əziyət çəkir. Həmin xəstəliklərin sağalma ehtimalı yoxdur və həkimlərin etdikləri müalicələrin heç bir effekti olmamışdır. Bir valideyn kimi qızının səhhətindən çox narahat olmuş və Hikmət adlı şəxs ona müalicə üçün lazım olan preparatların Hüseynova Lyüdmila xanımdan almağını və müalicənin onun tərəfindən aparılmasını məsləhət görmüşdür. O da uşağının sağalması üçün həmin xanıma müraciət etmiş və Lyüdmila adlı xanım da onun inancından sui-istifadə edərək qızının sağalacağını söz verib dələduzluq yolu ilə ondan 3.000 manat pul almışdır. Dəyəri 5 manatdan artıq olmayan çin mallarını guya müalicə etmək məqsədi ilə ona baha qiymətə sataraq onu aldatmışdır. Onun fikrində övladının sağalması olduğuna görə Lyüdmilanın ona qarşı etdiklərini ilk öncə başa düşməmişdir. Sonradan həmin qadının verdiyi dərmanlar ilə övladının vəziyyəti pisləmişdir. Lyüdmila adlı qadın 2-ci qrup əlil olan həyat yoldaşına da lisenziyasız dərmanları yazaraq satmışdır. Qızının və həyat yoldaşının vəziyyətləri həmin qadının verdiyi dərmanlarla kəskin pisləşmiş və daha sonra həmin qadından dərmanlara verdiyi pulları geri istəmişdir.Həmin müraciət əsasında toplanmış material Binəqədi RPİ 4-cü PŞ-nin «Cinayət tərkibli ərizə və məlumatların qeydiyyatı» kitabında «91» sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün xx.xx.2020-ci il tarixdən icraatıma qəbul edilmişdir. Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru X3 tərəfindən araşdırma aparılmış və cinayət hadisəsi aşkar edilmədiyindən xx xxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Rədd materialından göründüyü kimi, təhqiqat zamanı cavabdehin izahatı alınmış və izahatında qeyd edir: “2017-ci ilin fevral ayında “Fohow” bioloji qida əlavələri şirkətinə üzv olaraq orada satış məhsullarının reklamı və vasitəçisi işinə başlamışdır. 2017-ci ilin noyabr ayında Züleyxa adlı qadın ona yaxınlaşaraq qızının xəstə olduğunu və müalicəyə ehtiyacı olduğunu bildirmiş və ona həmin şirkətin məhsullarını təqdim edərək bildirmişdir ki, həmin məhsulları qızına mütəmadi olaraq qida əlavəsi kimi versə qızının vəziyyəti yaxşı olacaq. Bundan sonra 1425 manatlıq məhsulları Züleyxa həmin şirkətdən alaraq qızının müalicəsində istifadə etmişdir. Həmin vaxtdan 7-8 ay sonra Züleyxa ona qızının vəziyyətinin yaxşı olduğunu və minnətdar olduğunu bildirmişdir. Lakin həmin vaxtdan 1 il sonra Züleyxanın onun barəsində 4-cü polis şöbəsinə şikayət etdiyini öyrənmişdir. Həmin vaxtı polis şöbəsinə dəvət olunduqda Züleyxa ondan aldığı məhsulların pulunu istəmiş və ona məhsulları özünün aldığını, qızının müalicəsində xeyirli olduğunu bildirmişdir. Ancaq Züleyxa yenidən onunla nalayiq söyüşlərlə danışıb məhsullar üçün verdiyi pulları geri istədikdə onun hərəkətlərindən bezdiyi üçün ona 300 manat pul vermişdir. Lakin Züleyxa yenidən onun barəsində Nəsimi rayon məhkəməsinə şikayət etmiş və Nəsimi rayon məhkəməsinin qərarına əsasən Züleyxanın iddiaları təmin olunmamışdır”. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Görünür ki, iddiaçı bir dəfə Məhkəməyə eyni tələblə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası təmin edilməmişdir. Bundan başqa, İddiaçı Cavabdeh qızından 3000 manat məbləğində pul tələb etsə də, həmin məbləği cavabdehə verməsinə (hansı məbləğdə) dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Odur ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar