Məhkəmə qərarları › İş №2(006)-4842/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4842/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4842/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər 1 il 6 ay müddətində həbsdə saxlanıldığından və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-28/2023 saylı hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarıldığından Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 10.000 (on min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat olmaqla, cəmi 60.000 (altmış min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Rövşən Şahkərəmov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində ‘‘polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli qərarla həmin cinayət işi üzrə İddiaçı əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edilmiş və onun barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə ittiham aktı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və Abşeron rayon prokuroru Qabil Qasımov tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)- 28/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-372/2023 saylı qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-28/2023 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş və həmin hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. İddiaçı himayəsində bir yetkinlik yaşına çatmayan övladı var və özü müxtəlif xəstəliklərdən əziyyət çəkir. Həmçinin İddiaçı atası X2 birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş və şəhid olmuşdur. İddiaçı ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2021 -ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi qanunsuz olaraq istintaq təcridxanasında saxlanılmış, bu azmış kimi İddiaçı barəsində baraət hökmü çıxdıqdan sonra dövlət ittihamçısı tərəfindən protest verildiyi üçün İddiaçı barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində İddiaçı özü və ailəsi mənəvi sarsıntı keçirmiş, İddiaçı səhhətində ciddi problemlər yaranmış, həbs olunmazdan əvvəl fərdi işlərlə məşğul olub aylıq yüksək qazanc əldə etsə də, həbs olunduqdan sonra həmin işlərini itirmiş və müflis olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində İddiaçı vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı döyülmüş və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış və müalicəyə ehtiyacı var. Qanunsuz saxlanıldığı 1 il 6 ay müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul tələb edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər 1 il 6 ay müddətində həbsdə saxlanıldığından və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü ii tarixli, 1(124)-28/2023 saylı hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarıldığından Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 10.000 (on min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat olmaqla, cəmi 60.000 (altmış min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı həbs olunana qədər daş karxanasında fərdi əməklə məşğul olduğunu, həbs edilməzdən əvvəl aylıq qazancının yüksək olmasını, lakin hər hansı bir sənədləşmə aparılmadığı üçün bu halı təsdiq edəcək sənədlərinin olmadığını, həmçinin həbsdə saxlandığı uzun müddət ərzində çox sarsıntı çəkməsini, övladının tək qalmasını və təhsili ilə maraqlana bilmədiyi üçün dərslərində geriləməsini, bir ata kimi buna görə pərişan olmasını, həbs şəraitinin həyatında və səhhətində ciddi problemlər yaratmasını bildirmişdir. İddiaçının vəkili və eyni zamanda nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçıya vurulmuş maddi ziyanla bağlı konkret sübutlarının olmadığını bildirmiş, iddiaçının 1 il 6 ay müddətinə əsassız olaraq həbsdə saxlanması ilə əlaqədar vurulmuş mənəvi zərərin ödənilməsini və bütovlükdə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2022-ci il tarixli ittiham aktından görünür ki, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs X3 tutularaq Abşeron rayon Pİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2021ci il tarixdə barəsində həbslə bağlı qətimkan tədbirinin seçilməsi üçün Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin qaldırılmış vəsatət təmin edilməmiş və İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılaraq saxlandığı Abşeron rayon Pİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə ibtidai istintaq müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş, İddiaçı barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə ittiham edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-28/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad olunması, İddiaçı bəraət verildiyindən iş üzrə məhkəmə xərclərinin ona aid edilməməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-28/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-28/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 4-cü maddəsinə əsasən bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır, həmçinin iddianın qanuni əsası da qanunvericilikdə nəzərdə tutulmuşdur və tələb müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur.Lakin məhkəmə iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi olmaqla iki hissədən ibarət olmasını nəzərə alaraq hər bir hissənin ayrıca sübutetmə predmetinə malik olmasını qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi 10.000 (on min) manat məbləğində maddi ziyanın ödənilməsi tələbi ilə bağlı bildirir ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 5-ci maddəsində qanunverici şəxsə maddi ziyan vurulması ilə nəticələnə biləcək halları və həmin hallardan irəli gələn maddi tələbləri dəqiq olaraq müəyyən etmişdir. Qanunvericinin müəyyən etdiyi yuxarıda qeyd edilən hallarla bağlı məhkəmə araşdırma apararkən müəyyən etmişdir ki, iddiaçı tərəfindən müvafiq gəlirlər, əmlak, çəkilmiş xərclər və ya cərimələrlə bağlı hər hansı hal və bu halı təsdiq edən sübutlar mövcud deyildir. Beləliklə də məhkəmə iddia tələbinin 10.000 (on min) manat məbləğində maddi ziyanın ödənilməsi hissəsini heç bir mötəbər sübuta əsaslanmaması səbəbindən əsassız hesab edir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının kifayət qədər uzun dövr üçün təqsirliliyinin sübuta yetirilmədiyi əmələ görə həbsdə saxlanması, hətta barəsində bəraət hökmü çıxarıldıqdan sonra da apellyasiya protesti əsasında yenidən araşdırmaya cəlb edilməsi ona mənəvi narahatlıq hissələri yaradan hallardır. Habelə iddiaçı məhkəmə çıxışı zamanı həbsdə olduğu müddətdə keçirdiyi sıxıntıları həssaslıqla ifadə etmiş və onun həmin müddətdə həqiqətən də mənəvi sarsıntı keçirməsinə dair məhkəmədə inam yaranmışdır. Odur ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni həbsdə saxlanma müddətinə mütənasib olaraq 18.000 (on səkkiz min) manat məbləğində mənəvi ziyana görə pul tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 18.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli,iddia tələbinin 10.000 manat məbəğində maddi zərərin ödənilməsi hissəsi sübuta yetmədiyindən bu hissədə iddia təmin edilməməli, İddiaçı barəsində bütövlükdə 2 ilə yaxın müddətdə araşdırma aparılmasını, həmin müddətin 1 il 6 ay hissəsini isə sonuncunun həbsdə saxlanması şəraitində keçməsini nəzərə alaraq, müəyyən edilməli pul kompensasiyasının onun mənəvi aləmində müəyyən müsbət dəyişikliklərə səbəb olmasını əsas götürməklə vurulmuş mənəvi zərərə görə 18.000 (on səkkiz min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 18.000 (on səkkiz min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar