Məhkəmə qərarları › İş №2(006)-4845/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4845/2021

30.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4845/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildə tanışı Cavabdeh yaxın adamının əməliyyat olunması ilə əlaqədar 5000 (beş min) manat məbləğində borc pul vermişdir.Daha sonra cavabdeh həmin pulu qaytara bilmədiyinə görə borcun əvəzində “Mercedes 320” markalı maşın vermişdir. Həmin avtomobilin təmirə ehtiyacı olduğu üçün cavabdehlə razılaşıb maşının təmirinə iddiaçı 1500 (bir min beş yüz) manat pul xərcləmişdir. Lakin soradan avtomobilin ödənilməyən izibati cərimələrinin olduğunu bilib avtomobili Cavabdeh qaytarmışdır. Nəticədə Cavabdeh maşının təmirinə çəkdiyi əlavə 1500 manatı da hesablamaqla ümumilikdə 6500 manat məbləğində borcu yaranmışdır. Bir müddət sonra Cavabdeh borcun 1000 manatını qaytarsa da, qalan 5500 manat borc məbləğini qaytarmaqdan imtina etmişdir. Həmin borcu qaytarması üçün bir neçə dəfə əlaqə saxlasada, sonradan cavabdehin əlaqə nömrəsinə zəng çatmamış və onunla əlaqə kəsilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 5500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək etiraf etdi ki, onun İddiaçı cəmi 5300 manat borcu var. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17.08.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciətində göstərilən məsələnin mülki xarakter olması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıdan 5000 manat məbləğində borc pul almışdır. Cavabdehlə razılaşıb maşının təmirinə çəkdiyi əlavə 1500 manatı da hesablamaqla ümumilikdə 6500 manat məbləğində borcu yaranmışdır. Sonradan Cavabdeh 1000 manat qaytarmaqla 5500 manat borc qalmışdır. Cavabdeh iddiaçıya olan borcunu qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya 5300 manat borcunun olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında şifahi müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və cavabdeh iddiaçıya 5300 manat məbləğində (cavabdehin ərizəsində etiraf etdiyi məbləğdə) pul vəsaitini borclu qalmış və cavabdeh müqavilə üzrə onun üzərinə düşən öhdəliyi yerinə yetirməyərək həmin pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə həmçinin iddianın qismən təmin edilməsi hissəsində qeyd edir ki, iddiaçı tərəfindən 5500 manat borcun olduğu qeyd edilsədə sırf həmin məbləğin 5500 olmasını təsdiq edən sübutu iddiaçı məhkəməyə təqdim edə bilmədiyindən, cavabdeh isə 5500 manatdan 5300 hissəsini etiraf etdiyindən iddia tələbi qismən təmin edilməsini qanuni və əsaslı hesab edir.. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə əsas borc üzrə 5300 (beş min üç yüz ) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borc üzrə 5300 (beş min üç yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar