Məhkəmə qərarları › İş №2(006)-4851/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4851/2021

18.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4851/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünü onlara «Sevil» firmasının rəhbəri kimi təqdim edən cavabdeh şəxs Cavabdeh ona Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı adlanan ərazidə, yəni Sonalı yaşayış massivində (0,015 ha) torpaq sahəsi verəcəyini vəd verərək, ondan 21 yanvar 2014-cü il tarixdə 15.000 manat müqavilə əsasında pul almışdır. Pulu sonuncuya verməsi barədə onda 21 yanvar 2014-cü il tarixli pulu ödəyəcəyi barədə qəbz vardır. Bir neçə müddət keçdikdən sonra ona heç bir torpaq sahəsi almadığını gördükdə, artıq aldadıldığını hiss etmişdir. Sonradan eşitmişdir ki, cavabdeh şəxs və digərdəri etdiyi əmələ görə, yəni törətdiyi fırıldaqçılıq əməlinə görə cinayət məsuliyyətinə cəlb ediliblər. Artıq onların barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma aparılır. O, zərər çəkmiş şəxs kimi istintaqa cəlb olunmuşdur. Məhkəmə araşdırması zamanı o, artıq şahidi olmuşdur ki, onun kimi bir neçə Azərbaycan vətəndaşı cavabdeh şəxs tərəfindən aldadılıblar. Beləliklə, ona heç bir pul ödənilməmişdir. Hətta məhkəmənin getdiyi zaman cavabdeh ondan aldığı pulu etiraf etmişdir. Artıq cavabdeh şəxsə cəza verilsə də, cəzasını çəkib qurtarmışdır. Hal-hazırda azadlıqdadır.Cavabdehin bütün hərəkətləri ilə ona külli miqdarda ziyan vurmuşdur və o, həmin zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 21 yanvar 2014-cü il tarixli göstərilən xidmət üçün sifarişçilərlə bağlanan ilkin müqavilədən görünür ki, tərəflər arasında müqavilə bağlanmışdır. Müqavilənin predmeti başlıqlı 1-ci bənddə göstərilmişdir ki, hazırkı ilkin müqavilənin şərtlərinə əməl etdikdən sonra sifarişçi ilə icraçı arasında sifarişçinin gələcək torpaq sahəsinə əsas (ümumi, ana) xətdən karbonat təməli olan yol, elektrik, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi xidmətinin göstərilməsinə dair əsas müqavilə bağlanacaq. Abşeron rayonu Hökməli qəsəbəsi At yalı adlanan ərazidə sahibkarlıqla (Ərzaq və pərakəndə satış nöqtəsi, çay evi) məşğul olmaq məqsədi ilə (Sonalı yaşayış massivində) yer № T1, (0,015 ha) torpaq sahəsi nəzərdə tutulur. Hazırkı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan işlərin dəyəri əsas müqavilə ilə 15.000 manatdan az olmayaraq müəyyən ediləcək. Qeyd edilən məbləğ hazırkı müqavilə imzalandıqdan sonra sifarişçi tərəfindən icraçıya nağd qaydada ödəniləcək. 21 yanvar 2014-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən müqaviləyə əsasən 15.000 manat pul vəsaiti nağd qaydada cavabdehə ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 1(101)-60/2017 saylı hökmündən görünür ki, cavabdeh barəsində olan cinayət işinin məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınan iddiaçı ifadə verərək 15.000 manat pulun müqabilində Sonalı Massivi adlanan ərazidən T1 nömrəli 1,5 sot torpaq sahəsinin alınması üçün 21 yanvar 2014-cü il tarixdə Sevil Masivi MMC-nin ofisində Nihat adlı işçi vasitəsi ilə cəmiyyətin direktoru ilə arasında podrat müqaviləsi bağlandığını, həmin vaxtdan 2014-cü ilin aprel ayına kimi MMC-yə 15.000 manat ödəniş etdiyini, ona vurulmuş ziyanın ödənilmədiyini və pulunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs, hazırkı mülki iş üzrə cavabdeh iddiaçıdan müqavilə üzrə 15.000 manat pul aldığını və qaytarmadığını etiraf etmişdir. Məhkəmə istintaqı başa çatdıqdan sonra çıxarılan yekun məhkəmə aktında zərər çəkmiş şəxslərə, o cümlədən hazırkı mülki iş üzrə iddiaçıya vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət edə bilmələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunan cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmış, ona dəymiş ziyan təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 15.000 manat maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş 15.000 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Vurulmuş 15.000 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar