Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4867/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı «məhkəmə tərəfindən rəyin verilməsi və s.» tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı «məhkəmə tərəfindən rəyin verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsinin “xahiş etdi” adlı hissəsindən görünür ki, iddiaçı bir neçə tələblə məhkəməyə müraciət etməklə yanaşı, iddia ərizəsində məhkəmədən rəy verilməsini xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmə qeyd edir ki, iddiaçı bir-biri ilə əlaqəli olmayan bir neçə tələb irəli sürməklə, eyni zamanda məhkəmənin səlahiyyətinə aid edilməyən tələbin təmin edilməsini xahiş etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Digər tərəfdən İddiaçı cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4, 150.0.7-ci maddələrinin tələbinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən məlumat iddia ərizəsində göstərilməli və bu barədə sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-cı maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələbinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Habelə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən iddia ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı «məhkəmə tərəfindən rəyin verilməsi və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4867/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4867/2022
17.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver