Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4874/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1600 manat məbləğində pul vəsaitinin və ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir müddət öncə cavabdehlər (iki qardaş) iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini müvəqqəti olaraq istifadə etmək niyyəti ilə ondan götürmüşlər. Aralarında olan razılaşmaya əsasən, cavabdehlər iddiaçıya aylıq icarə haqqı ödəməli idilər. Lakin razılaşmanın şərtləri cavabdehlər tərəfindən pozulmuş və onlar iddiaçıya icarə haqqını ödəməkdən imtina edərək, hətta əmlakını da zədələmişlər. Belə ki, həmin obyektdə olan televizoru sındırmış və bəzi digər əmlaklara da zərər vurmuşlar. 900 manat məbləğində icarə haqqının və əmlakların dəyəri olan 700 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması üçün o, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli məktubla ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdehlərdən həmin pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlərin törətdiyi qanunsuz əməl nəticəsində iddiaçıya maddi zərər dəymişdir, həmin avadanlıqların nasazlığı səbəbindən iddiaçı obyekti icarəyə verə bilmir. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddianı qəbul edib bildirdi ki, o qardaşı Cavabdeh1 ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə (qəlyan, çayxana və playstation) aralarında olan şifahi icarə müqaviləsi üzrə iddiaçıdan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.8 kv.metr olan qeyri-yaşayış sahəsini icarəyə götürmüşlər. Qeyd edilən qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə əlaqədar iddiaçıya 1600 manat məbləğində borcları yaranmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəməyə gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, iddiaçının və Cavabdeh2 izahatını dinləyib hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə hazırlıq iclasında İddiaçı və Cavabdeh2 mülki işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.8 kv.metr olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 248 nömrəli reyestr kitabının 23338 nömrəli vərəqində xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv) və əsas fəaliyyət növünü “suşi evlərinin fəaliyyəti” təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən, həmçinin, görünür ki, Cavabdeh1 (VÖEN: **********) Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) və əsas fəaliyyət növünü “yağdəyişmə” təşkil edir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması onun artıq fəaliyyət göstərmədiyi mənasına gəlmir, sadəcə fəaliyyətin müəyyən müddətə müvəqqəti olaraq dayandırılması və bir sıra dövlət orqanlarına bəyannamələrin (vergi, sosial və s. ilə əlaqədar hesabatlar) verilməməsi mənasına gəlir. Bundan başqa, məhkəmə araşdırmaları zamanı tərəflərin verdikləri izahatlardan müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.8 kv.metr olan qeyri-yaşayış sahəsini aralarında olan şifahi icarə müqaviləsinə əsasən aylıq icarə haqqı ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 icarəyə vermiş, cavabdehlər qeyd edilən qeyri-yaşayış sahəsini məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə (qəlyan, çayxana və playstation) icarəyə götürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-701.2-ci maddəsində qeyd edilmişdir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Beləliklə, sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – İddiaçı (VÖEN: **********) və Cavabdeh1 (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Tərəflərdən iddiaçı və cavabdehlərdən biri vergi ödəyicisi olduğundan, onlar arasında olan mübahisə də kommersiya mübahisəsidir. Belə ki, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsini cavabdehlərə icarəyə verməklə, cavabdehlər isə həmin qeyri-yaşayış sahəsini icarəyə götürməklə orada öz sahibkarlıq fəaliyyətini həyata keçirərək gəlir əldə etmək məqsədi güdmüşlər. Mülki qanunvericiliyin yuxarıda istinad olunan maddi hüquq normalarından da göründüyü kimi, icarə müqaviləsi icarəyə götürənə icarəyə götürdüyü obyektdən gəlir götürmək hüququ da verir. Beləliklə, icarə müqaviləsinin tərəfləri arasında olan hüquq münasibətlərinin kommersiya xarakterli münasibətlər olduğu məhkəmə tərəfindən müəyyənləşdirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya xarakterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki-Prosessual Məcəllənin 26.2-cı maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının (bundan sonra – Qərarın) 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 14-cü bəndində göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm predmetinin, həm də tərəflər arasında olan hüquq münasibətlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə görə, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsinin tələbinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə görə, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4874/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4874/2022
03.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver