Məhkəmə qərarları › İş №2(006)-4878/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4878/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4878/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, iddiaçı LPO "xxxx" SŞ ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" SŞ ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.860 manat vurulmuş ziyanın əvəzi, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.890 manat pul vəsaitinin Cavabdeh iddiaçı LPO "xxxx" SŞ ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" SŞ ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 10.02.2020-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Cəfər Xəndan küçəsində, Cavabdeh, hazırda ləğvetmə prosesində olan "xxxx" SŞ ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, özünə məxsus olan «VAZ-21074» markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X3 məxsus olan «Mercedes Benz ML 350» markalı ** MR *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq, həmin avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. Binəqədi rayon DYPŞ-nin X8 protokoluna əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və onun barəsində 11.02.2020-ci il tarixdə AP seriyalı ******* saylı X8 Protokol tərtib olunmuşdur. Hazırkı iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X3 məxsus «Mercedes Benz ML 350» markalı ** MR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1.860 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 28.02.2020-ci il tarixli İC AA 1585/20 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra, LPO "xxxx" SŞ ASC tərəfindən zərər çəkən X3 məxsus «Mercedes Benz ML 350» markalı ** MR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərə görə, 03.03.2020-ci ildə 1.860 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun aidiyyatı maddələrinə istinad edən iddiaçı qeyd etmişdir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 1.860 manat məbləğində sığorta ödənişi LPO "xxxx" SŞ ASC tərəfindən zərər çəkənə ödənildiyindən, hazırda LPO "xxxx" SŞ ASC-nin Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Hesab edirlər ki, zərər çəkənə ödənilmiş məbləğin əvəzi 1.860 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilən 30 manat dövlət rüsumunun Cavabdeh LPO "xxxx" SŞ ASC-nin nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etməkdə haqlıdırlar və bu haqlı tələbləri məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" SŞ ASC-nin müflis elan edilməsi qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin (hakim L.Əliyeva) 17.08.2020-ci il tarixli e-2-2(113)-1575/2020 saylı qərardadı ilə sözügedən şirkətin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir (X6 – ləğvetmə komissiyasının sədri, X4, X1 və X5 – komissiyanın üzvləri). İddiaçı LPO "xxxx" SŞ ASC məhkəməyə ərizə ilə müraciət edərək, iş həcminin çoxluğu və pandemiya ilə bağlı olaraq üzürlü səbəbdən nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə, məhkəmədən mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 15.10.2019-cu il tarixdə bağlanmış PST********** nömrəli sığorta müqaviləsinə əsasən Cavabdeh idarə etdiyi «VAZ-21074» markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. 10.02.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi «VAZ-21074» markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə YNH törətmiş və nəticədə X2 idarə etdiyi «Mercedes Benz ML 350» markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Hadisə ilə bağlı 10.02.2020-ci il tarixli AP seriyalı ******* nömrəli X8 protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-in aidiyyatı maddələrinə əsasən inzibati tənbeh edilmişdir. 28.02.2020-ci il tarixli İC AA 1585/20 saylı sığorta aktına əsasən LPO "xxxx" SŞ ASC tərəfindən 1.860 manat məbləğində sığorta ödənişinin X3 ödənilməsi qərara alınmış və 03.03.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 1.860 manat məbləğində sığorta ödənişi X2 hesabına köçürülmüşdür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi, Cavabdeh YNH yerini tərk etmiş, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə hesab edir ki, vurulmuş zərər Cavabdeh tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, subroqasiya qaydasında 1.860 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.890 manat Cavabdeh iddiaçı LPO "xxxx" SŞ ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Subroqasiya qaydasında 1.860 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.890 manat Cavabdeh iddiaçı LPO "xxxx" SŞ ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar