Məhkəmə qərarları › İş №2(006)-4879/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4879/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4879/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT QSC Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 09.09.2019-cu il tarixdə, saat 23:40 radələrində Bakı-Qazax yolunun 224-cü km-də, Cavabdeh, hazırda ləğvetmə prossesində olan (LPO) ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, X4 məxsus KİA FORTE minik markalı, ** LO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hüququ olmadan idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X1 məxsus olan, MERSEDES BENZ 300D minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər vurmuşdur. Vİİİ Tağım YPX-ti tərəfindən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 09.09.2019-cu il tarixdə TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul olunmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X1 məxsus olan, MERSEDES BENZ 300D minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 850.0 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 21.10.2019-cu il tarixli İC AA 4188/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X1 məxsus olan, MERSEDES BENZ 300D minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə, 23.10.2019-cu ildə 850.0 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 850.0 manat məbləğində sığorta ödənişi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X1 ödənildiyindən, hazırda LPO ASC "xxxx" Sığorta Şirkətinin "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Hesab edir ki, zərərçəkənə ödənilmiş məbləğin əvəzi 850.0 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun Cavabdeh, LPO ASC "xxxx" Sığorta Şirkətinin nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 17.08.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qərardadı ilə sözügedən şirkətin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 850.0 manat vurulmuş ziyanın əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 30 manat dövlət rüsumunun, ümumilikdə 880,0 manat pulun LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəməyə iddiaçı tərəfindən ərizə verilərək mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh üzrlü səbəblər göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaqviləsinə dair məlumatdan görünür ki, X4 məxsus KİA FORTE minik markalı, ** LO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil icbari sığorta növü üzrə 29.11.2018-ci il tarixdən 29.11.2019-cu il tarixədək iddiaçıda sığortalanmışdır. İşə əlavə olunmuş 21.10.2019-cu il tarixli İC AA 4188/19 saylı sığorta aktının surətindən və 23.10.2019-cu il tarixli 23.10.2019/18 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X1 məxsus olan, MERSEDES BENZ 300D minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə, 23.10.2019-cu il tarixdə 850.0 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş 09.09.2019-cu il tarixdə TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli AA seriyalı ******* saylı etibarnamənin surətindən müəyyən olunur ki, KİA FORTE minik markalı, ** LO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin idarə edilməsi üçün cavabdehə verilmişdir etibarnamə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından verilmişdir. İşdə olan AD seriyalı 363213 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, KİA FORTE minik markalı, ** LO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X3 adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 09.09.2019-cu il tarixdə, saat 23:40 radələrində Bakı-Qazax yolunun 224-cü km-də, Cavabdeh, hazırda ləğvetmə prossesində olan (LPO) ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, X4 məxsus KİA FORTE minik markalı, ** LO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hüququ olmadan (etibarnamə) idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə X1 məxsus olan, MERSEDES BENZ 300D minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək, onun barəsində 09.09.2019-cu il tarixdə TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul olunmuşdur. İddiaçı tərəfindən X1 məxsus olan, MERSEDES BENZ 300D minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə, 23.10.2019-cu il tarixdə 850.0 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 850.0 manat vurulmuş ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 880,0 manat pul Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri cavabdeh X2 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat vurulmuş ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 880 ( səkkiz yüz səksən) manat pul Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar